Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:10

'Şimal axını'nda təxribat hazırlığından Niderland kəşfiyyatı xəbər tutub


Baltik dənizindəki 'Şimal axını 1'dən qaz sızması.
Baltik dənizindəki 'Şimal axını 1'dən qaz sızması.

Niderland hərbi kəşfiyyatı (MIVD) Ukraynanın "Şimal axını" qaz kəmərlərində təxribat törətmək planları barədə məlumatı onda baş verən partlayışlardan xeyli əvvəl əldə edib.

Bu barədə Niderlandın NOS, "Nieuwsuur", Almaniyanın "Die Zeit" və ARD mediasının birgə araşdırmasında bəhs edilir.

Jurnalistlər bildirirlər ki, 2022-ci il iyunun əvvəlində MİVD planlaşdırılan əməliyyat barədə Ukraynadakı mənbədən xəbər tutub. Niderland kəşfiyyatının ələ keçirdiyi bildirilən plana əsasən, əməliyyatlara Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı rəhbərlik etməli idi. Həmin plana görə, təxribatın özünü iyunun ortalarında yelkənli qayıqda kiçik bir qrup dalğıc həyata keçirməli idi. Təhqiqatda habelə bildirilir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin bu plandan xəbəri olmamalı idi.

Belə məlumatı aldıqdan sonra Niderland kəşfiyyatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqə saxlayıb və o da, öz növbəsində, Ukraynanı bu planın reallaşmasına qarşı xəbərdar edib. İyunun ortalarında heç bir partlayış baş verməyib, lakin sentyabrda kimsə Niderland kəşfiyyatının iyunda xəbər tutduğu ssenari üzrə "Şimal axını"nda təxribat törədib.

MİVD məlumatı şərh etməyib. Həmçinin, MKİ və Ukrayna Prezidentinin İdarəsi jurnalistlərə şərh verməkdən imtina edib.

Bir həftə əvvəl "The Washington Post" Pentaqona məxsus olduğu bildirilən və internetə sızan sənədlərə istinadən yazırdı ki, "Şimal axını"nda təxribatdan üç ay əvvəl ABŞ prezident administrasiyası Ukrayna Silahlı Qüvvələri baş komandanın nəzarəti altında kəmərə hücum planlaşdırıldığı haqda məlumat alıb. Nəşr ABŞ-ın bu barədə Avropa kəşfiyyat xidmətlərindən birinin sayəsində öyrəndiyini bildirib.

Bundan sonra Ukrayna prezidenti Zelenski bildirib ki, bu səviyyədə sərəncamları şəxsən özü verir və "Ukrayna belə bir şey etməyib".

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi partlayışlarda iştirakını təkzib edib.

2022-ci ilin sentyabrın sonunda "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinin dörd xəttindən üçü zədələnib . İsveç, Danimarka və Almaniyanın araşdırmaları qaz kəmərlərinin partladıldığını göstərib, lakin günahkarlar hələ də müəyyən edilməyib.

Rusiya qəzada ABŞ və müttəfiqlərinin maraqlı olduğunu düşünür.

Qərbin bir sıra KİV-lərində mənbələrə istinadən məlumatlar yayılıb ki, partlayışları heç bir ölkənin hakimiyyət orqanları ilə əlaqəsi olmayan hansısa ukraynayönlü qrup təşkil edə bilər.

XS
SM
MD
LG