Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:17

Paşinyan tezliklə Vaşinqtonda görüş olacağını deyir


Ermənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 16-da keçirdiyi hökumət müşavirəsində dediyi bəzi fikirlərə münasibət bildirib.

XİN vurğulayıb ki, onun “Azərbaycanın guya sərhədboyu ərazilərdə təxribat törətdiyi barədə növbəti dəfə səsləndirdiyi iddiaları” qəbul etmirlər:

“… Öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır…”

XİN hesab edir ki, iyunun 15-də “Ermənistan tərəfindən bu məntəqəyə qarşı törədilmiş təxribatın da məqsədi, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir.”

Azərbaycan Ermənistanla sərhəddə Laçın sərhəd-keçid məntəqəsini bu ilin aprelində quraşdırıb. Ermənistan tərəfi isə bu addımı 2020-ci il üçtərəfli razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) zidd sayıb.

Son günlər həm Qarabağda, həm də Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılır. Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Azərbaycan bildirir ki, Ermənistan tərəfdən açılan atəş nəticəsində Laçın postunda bir hərbi qulluqçusu yaralanıb.

Ermənistanda da ABŞ-a bağlı şirkətin iki mülki əməkdaşının Azərbaycan tərəfdən atəşə tutulmaları nəticəsində yaralandıqları bildirilir.

***

Vaşinqtonda ən yaxın zamanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bunu iyunun 16-da keçirdiyi hökumət müşavirəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyan iyunun 12-də Vaşinqtonda görüşməli idilər, amma görüşə 4 gün qalmış, danışıqlar, media xəbərlərinə görə Bakının ricası ilə təxirə salınmışdı.

Paşinyan Vaşinqton görüşünün nə vaxt keçiriləcəyinə dair dəqiq tarix bildirməyib.

“Gərginlik başa düşülən deyil...”

O ümid etdiyini bildirib ki, Vaşinqtonda bundan əvvəl keçirilmiş danışıqlarda əldə edilmiş irəliləyiş davam etdiriləcək.

Bayramov və Mirzoyan bundan əvvəl Vaşinqtonda mayın əvvəllərində görüşmüşdülər.

Bu görüşdən sonra Azərbaycan-Ermənistan danışıqlarının intensivliyi artmışdı.

Baş nazir bugün keçirdiyi iclasda deyib ki, Yerevan və Bakı bir-birlərinin ərazi bütövlüyünü tanıdıqdan sonra Azərbaycanın son günlərdə iki ölkənin sərhədi boyunca gərginlik yaratması qeyri-məqbuldur və başa düşülən deyil.

Rəsmi Bakı gərginliyi Ermənistanın və Qarabağdakı separatçıların yaratdığını deyir.

“Növbəti addım zəruridir”

Paşinyan deyib ki, iki tərəfin növbəti addımı atması zəruridir: hüdudlamanın əsasları müəyyən edilməli və bilavasitə sərhədin delimitasiya və demarkasiyası işinə başlanmalıdır.

O bir daha təsdiq edib ki, Yerevan regional kommunikasiya xətlərinin ölkənin suverenliyi, yurisdiksiyası və tərəflərin bərabərliyi əsasında açılmasına hazırdır.

Paşinyan bunu da bildirib ki, “dəhliz məntiqi” Ermənistan üçün qəbuledilməzdir:

“Bu mənada mən gözləyirəm ki, beynəlxalq partnyorlar Azərbaycanın istifadə etdiyi təxribatçı leksikadan çəkinəcəklər”.

Yerevan bundan əvvəl dəfələrlə bildirib ki, Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat bağlarının Ermənistanın ərazisindən keçən hissəsi Ermənistanın yurisdiksiyasında olacaq.

Xatırlatma

Bundan əvvəl mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilmişdi.

Tərəflərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr apardığı deyilirdi.

Həmin görüşün yekunlarına dair ABŞ tərəfinin məlumatında deyilirdi ki, nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər:

“Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.”

"Hər kəsdə qorxu hissi var": Ermənilər Naxçıvanla sərhəddəki gərginlikdən danışır
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG