Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:17

Priqojinin qiyamı Putinin hansı eyiblərini üzə çıxarır


Putin hərbi qiyamla bağlı xalqa müraciət etdi
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Putin hərbi qiyamla bağlı xalqa müraciət etdi

“Vaqner” muzdlu qrupunun başçısı Yevgeni Priqojin son aylar Rusiya hərbi liderlərini dəfələrlə tənqid atəşinə tutsa da, Prezident Vladimir Putini birbaşa hədəfə almayıb. “Putinin aşpazı” ləqəbli keçmiş məhbus iyunun 24-də elan edib ki, qüvvələri Ukraynadan çıxaraq Rusiyada “ədalət marşı”na başlayır. Amma o yenə də çox ehtiyatla Putinin onun hədəfində olmadığını iddia edib.

Priqojin “hərbi qiyam” qaldırmadığını deyərək, belə bir iddia səsləndirib ki, Putinin 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğal kimi qeyri-müdrik və fəlakətli seçiminə hakimiyyətə susamış generalların, ətrafındakı öz maraqları olan maqnatların xəyanəti səbəb olub.

Təhlilçilər isə yaranmış vəziyyətə görə Putinin öz idarəçilik metodları, addımları günahkar bilirlər. AzadlıqRadiosunun əməkdaşı Stiv Quterman (Steve Gutterman) bu haqda yazır.

Uzunmüddətli təsirlər

Putin şənbə günü (24 iyun) səhər xalqa müraciətində deyib ki, “silahlı qiyama” qarşı “qətiyyətli addım” atılacaq. O, təşkilatçıları “neytrallaşdırmaq” göstərişi verib. Priqojin isə bu çıxışa dərhal reaksiya verərək deyib ki, Putin onu xəyanətkar adlandırmaqla “böyük səhvə yol verir”. O, qüvvələrinin təslim olmayacağına and içib.

Rusiya üzrə müşahidəçilərin fikrincə, Priqojinin hərəkətləri, istənilən baxış bucağından, Putinin hakimiyyətinin bir gün öncəylə müqayisədə laxladığını göstərir.

Kreml və dövlət televiziyası hakimiyyətin rəsmi təbliğatını nəzarətdə saxlamağa çalışsa da, xaotik vəziyyət bir çox rusiyalının Putinə inamına təsir göstərə bilər. Onsuz da Ukraynada müharibənin uzanması, qısa müddətdə hədəflərə çatılmaması öz işini görmüşdü.

Putinin “vəziyyətə tam nəzarət etməsi, qiyamın onu zəiflətməməsi haqda iddialarına baxmayaraq, onun hakimiyyətinə indi birbaşa təzyiq var və bu həm rejimə, həm də müharibənin gedişatına uzunmüddətli təsirlər göstərə bilər”, – London Kral Kollecində Müharibə Araşdırmaları üzrə fəxri professor Lorens Fridman (Lawrence Freedman) iyunun 24-də “Substack” postunda yazıb.

Moskva və Rostovda küçə sorğusu, sakinlər baş verənlərə münasibət bildirir
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Yeni cəbhə

Müharibənin əvvəlində Kiyevdən və bir sıra mövqelərdən geri çəkilməli olan Rusiya min kilometrlik cəbhə xəttində Ukraynanın yeni əkshücumu ilə üzləşə bilər. Üstəlik, Rusiya ərazisinə, sərhəd bölgələrə hücumlar baş verib.

Vaqner isə Rusiyanın daxilində yeni cəbhə açaraq, içəridə düşmənə çevrilib.

Əvvəllər Müdafiə naziri Sergey Şoyqunu, Baş qərargah rəisi Valeri Gerasimovu müharibənin gedişatına görə tənqid edən Priqojin bu dəfə ordunu onun bölmələrini raket atəşinə tutmaqda suçlayıb. O həmçinin işğalın əsaslandırılmadığını deyərək Moskvanın indiyədək səsləndirdiyi, Ukrayna və NATO tərəfdən hücum təhdidi iddiasını da mübahisələndirib.

İdarəçilik üsulu döyüş zonasına keçəndə...

24 ilə yaxındır hakimiyyətdə olan Putin ayrı-ayrı qrupları bir-birinə qarşı qaldırmaqla nəzarəti saxlamağa çalışıb. Təhlilçilərin fikrincə, Ukraynanın işğalı qərarı bu sistemin zayını çıxarıb.

“Putinin elitanı idarəetmə üsulu döyüş zonasında təhlükəli qeyri-funksional hala gəlib”, – Rusiya ordusu və təhlükəsizlik agentlikləri üzrə təhlilçi Mark Galeotti mayın 15-də “The Spectator” dərgisində yazırdı.

“Qarşılıqlı şübhə, kanibalistik rəqabət və opportunist maraqlar Putini iyirmi ildən çox hakimiyyətdə saxlayıb. O, fərdləri və maraqları bir-birinə qarşı qoyub, ətrafındakılar daim onun himayəsində qalmağa çalışıblar. Ancaq müharibədə birlik, intizam, qarşılıqlı dəstək lazımdır. Ukraynalılar bunu ortaya qoydu, rusiyalılarda isə yoxdur”, – Galeotti yazırdı.


Priqojinin böyük addımından sonra Putinin ilk çıxışı göstərdi ki, o, rusiyalılar arasında birliyə nail olmaqdan ötrü xəyanətkar “arxadan zərbə” amilindən yararlanacaq.

Amma indiyədək özünü güclü lider kimi göstərmiş Putinin bunu etməsi çətin olacaq. Priqojinin kampaniyası prezidentin idarəçiliyində faciəvi səhvləri çılpaqlığı ilə üzə çıxara bilər.

London Kral Kollecinin Rusiya İnstitutunun professoru Sem Qrin (Sam Greene) yazır ki, Priqojinlə Şoyqu arasındakı ədavət bir çox məsələlərdə klassik rəqabətə bənzəyə bilər. Amma iki məsələ bu düşmənçiliyi “indiyədək Rusiyada gördüklərimizdən çox fərqləndirir”.

Birinci məsələ onların hər ikisinin əlində odlu silahın olmasıdır. “İkincisi isə, mübarizə Putinin siyasi idarəçiliyinin əsas sütununa çevrilmiş prosesə – Ukraynadakı müharibəyə nəzarət uğrunda gedir. İndiyədək Rusiya elitalarının üzləşdiyi sektorların heç biri Putinin öz siyasi mövcudiyyəti üçün belə kritik olmayıb, – o yazır.

XS
SM
MD
LG