Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:29

İlham Əliyev Fransa və Ermənistan haqda danışıb


İlham Əliyev vurğulayıb ki, Ermənistan “Zəngəzur dəhlizi”nin (Ermənistanın Sünik bölgəsindən keçəcəyi gözlənir) açılmasına mane olur.

“Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır".

Bunu iyulun 5-də Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə deyib.

Prezident bildirib ki, Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır.

Bu sözlərə Fransanın Azərbaycandakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Öz çıxışında dövlət başçısı Ermənistanın silahlı birləşmələrin hələ də Qarabağda qaldığı barəsində bildirib:

"Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”.

Prezident qeyd edib ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Onun fikrincə, bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməli və tərxis olunmalıdır.

Əliyev vurğulayıb ki, Ermənistan həmçinin “Zəngəzur dəhlizi”nin (Ermənistanın Sünik bölgəsindən keçəcəyi gözlənir) açılmasına mane olur.

Ermənistan rəsmiləri isə onların ərazisində dəhliz yaradılmasının eleyhinədirlər.Onlar deyirlər ki, 2020-ci ilin noyabrında imzalanan bəyanatda Laçın dəhlizindən fərqli olaraq Ermənistan ərazisində dəhliz yaradılması yox yolun açılması nəzərdə tutulur.Üstəlik, Ermənistan rəsmilərinin vurğulamasına görə,Qarabağda silahlı qüvvələri qalmayıb,oradakı “müdafiə” ordusunun onlara aidiyyatı yoxdur.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.


XS
SM
MD
LG