Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:52

ABŞ öz vətəndaşlarına Belarusu dərhal tərk etməyi tövsiyə edir


ABŞ-ın Minsldəki səfirliyi
ABŞ-ın Minsldəki səfirliyi

Birləşmiş Ştatlar öz vətəndaşlarına Belarusu dərhal tərk etməyi tövsiyə edib.

Bu barədə məlumat ABŞ-ın Belarusdakı səfirliyinin internet saytında dərc olunub.

Məlumatda Litvanın Belarusla 6 sərhəd keçidindən ikisini bağlaması xatırladılır.

Bu da qeyd olunur ki, Litva, Latviya və Polşa Belarusla sərhədlərinin tam bağlanması məsələsini nəzərdən keçirirlər.

Səfirlik amerikalılara Belarusu Latviya və Litva sərhəd keçidlərindən və yaxud təyyarə ilə tərk etməyi məsləhət görür.

ABŞ öz vətəndaşlarına xəbərdarlıq edir ki, Belarusa səfərlərdən imtina etsinlər, çünki orada yarana biləcək hər hansı fövqəladə vəziyyətdə diplomatik missiyanın vətəndaşlara yardım etməsi mümkün olmaya bilər.

Litva özünün Şumskas (Loşa) və Tveryaçus (Vidzı) sərhəd keçidlərini avqustun 18-dən bağlayıb.

Belarusla sərhədin tam bağlanması

Litvanın xarici işlər naziri Aqne Bilotayte bəyan edib ki, hökumət Belarusla sərhədin tam bağlanmasınadək müdafiənin başqa variantlarını nəzərdən keçirir.

O qeyd edib ki, ehtiyac olduğu təqdirdə belə bir qərar Belarusla həmsərhəd bütün ölkələrdə - Litva, Latviya və Polşada qəbul edilməlidir.

Bilotayte deyib ki, Belarusla sərhədin bağlanması məsələsi avqustun 28-də Varşavada ölkələrin xarici işlər nazirləri tərəfindən müzakirə ediləcək.

Latviya da Belarusla sərhədin möhkəmləndirilməsi üçün tədbirlər görür. Latviyanın sərhəd xidməti də sərhədin keçilməsi rejiminin möhkəmləndirilməsini elan edib.

Polşa Belarusla sərhədini möhkəmləndirmək məqsədilə əlavə sərhəd avadanlığı yerləşdirib və sərhəd bölgəsinə 10 min hərbçi gətirib.

Belarusla həmsərhəd ölkələr bu ölkəyə minlərlə Vaqner muzdlusunun gətirilməsindən narahatdırlar.

Bu muzdluları Belarusa avtoritar lider Alyaksandr Lukaşenka dəvət edib.

XS
SM
MD
LG