Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:19

Müsahibə: Rusiyanın qəddar həbsxana sistemi 'muzdluların dibi görünməyən anbarı'dır


Rusiya həbsxanası
Rusiya həbsxanası

"Vaqner" muzdlu qrupunun başçısı Yevgeni Priqojin iyun ayında Rusiyanın hərbi rəhbərliyinə qarşı qiyam qaldırmış, iki ay sonra şübhəli təyyarə qəzasında ölmüşdü. O, ötən ilin yayında Rusiya həbsxanalarındakı məhbusları Ukraynadakı müharibədə döyüşmək üçün toplamağa başlamışdı. Bir neçə həftə ərzində on minlərlə məhbus cəbhənin ən qanlı nöqtəsinə - Ukraynanın Baxmut şəhərinə göndərilmişdi. Yarımil cəbhə xəttində qala bilən məhbuslara Prezident Vladimir Putindən amnistiya və Rusiyaya qayıtmaq imkanı vəd edilmişdi.

Jurnalist və ictimai fəal, məhbus hüquqlarının müdafiəsi ilə məşğul olan "Rus sidyaçaya" ("Həbsdəki Rusiya") təşkilatının rəhbəri Olqa Romanova AzadlıqRadiosuna deyib ki, məhbusların belə istismarı Putin hakimiyyəti dövründə islahatların aparılmadığı həbsxana sistemində stalinist mentalitetin davamının təzahürüdür.

İctimai fəalın sözlərinə görə, son illər məhbusların dəhşətli işgəncə və təhqirlərə məruz qalması adi hala çevrilsə də, Kremlin Ukraynaya qarşı təcavüzündə onların oynadığı rol bir daha bu köhnəlmiş sistemin Putinin siyasi ehtiyaclarına cavab verdiyini göstərir.

Olqa Romanova
Olqa Romanova

Xarici agent elan edilib

Rusiya hökuməti 2020-ci ilin mayında "Rus sidyaçaya" təşkilatını "xarici agent" elan edib. O.Romanova mühacirətdə olduğu Almaniyadan AzadlıqRadiosunun "Sever.Realii" xidmətinə müsahibə verib.

"2018-ci ildə Yaroslavl bölgəsində işgəncə ilə bağlı ilk böyük qalmaqal baş qaldırdı. Bizimlə əməkdaşlıq edən bir nəfər işgəncənin videolarını yaydı. Qalmaqal yarandı. O zaman Federasiya Şurasının (Rusiya parlamentinin yuxarı palatası) sədri Valentina Matviyenko tribunaya çıxaraq çox insani bir nitq söylədi. O, bizim təklif etdiyimiz həbsxana islahatı konseptinin qısa xülasəsini verdi. Biz qulaqlarımıza inanmadıq: [islahat] həqiqətən başlayırdı!

Sonra isə Putin çox … sərt çıxış etdi və dedi ki, bizim həbsxana sistemimiz dünyada ən yaxşı sistemdir, ona əl vurmağa cürət etməyin. Əlinizi çəkin!

Mən çox təəccübləndim. Niyə? İslahatların vaxtı gəlməmişdi? [İslahat] ucuz və asan başa gələcəkdi. Üstəlik, Putin qəhrəman olacaqdı.

Sonra daha bir neçə qalmaqal baş verdi. …Ancaq Putin yenə dedi ki, heç nəyi dəyişmək lazım deyil və hər şey idealdır.

Yevgeni Priqojin "Vaqner" muzdlularının qəbiristanlığının fonunda
Yevgeni Priqojin "Vaqner" muzdlularının qəbiristanlığının fonunda

Bu, 2021-ci ilin noyabrı, [Ukraynaya] hücumdan cəmi üç ay öncə idi. Mən onun bütün ölkəni geriyə sürükləyən bu tam dözülməz həbsxana yükündən niyə belə yapışdığını anlamırdım. Sadəcə, anlaya bilmirdim.

Sonra Priqojin ortaya çıxdı və mən qara-qara düşündüm: Aha, afərin. O, muzdluların dibsiz quyusuna yol tapan [adam] idi. Dibsiz, axı Rusiya həbsxanaları Yer üzündə ən dəhşətli yerlərdən biridir. İnsanlar oradan çıxmağın yollarını axtarırlar. Onlar sadəcə həbsxanadan qurtulmaq üçün müharibəyə də getməyə hazırdırlar. Baş verən də bu idi".

"Bunun nəhəng psixoloji effekti də vardı"

"Priqojin döyüşmək üçün dustaqları topladığı müddətdə onlar bizim "mülki" uşaqlarımıza əl vurmurdular. Beləcə, Priqojin ötən ilin iyununda dustaqları toplamağa başladı və sentyabradək, yəni məhbuslar tamamilə Müdafiə Nazirliyinə verilməyənədək səfərbərlik elan etmədilər.

Putin izafi, gərəksiz əhalidən yararlanmaqla eynən Stalin yolunu tutub. [Həbsxana islahatçıları] həbsxanalarda islahat aparmaq, məhbuslara rəngsaz, suvaqçı kimi faydalı peşələr öyrətməyin yollarından danışırlar. Ancaq nəyə lazımdır ki? Onları sadəcə məhv edib onlardan qurtulmaq olar. Cinayətkarlıq səviyyəsi də artmaz. Birbaşa ətçəkən maşına. Onlar kimə lazımdır ki? Priqojinin azad etdiyi və yenidən Rusiyaya göndərilən 22 min, ya da 25 min məhbus heç vaxt geri dönməməli idi. Onlar yalnız "Vaqner" Baxmutdan vaxtından əvvəl çıxdığına görə qayıtdılar. Priqojin Şoyqu ilə dalaşmasaydı, onların hamısını basdıranadək döyüşməyə davam edəcəkdi. Heç kim onlardan hər hansı birinin geri qayıdacağını gözləmirdi", - O.Romanovanın sözləridir.

Belomor kanalının tikintisi zamanı məhbus əməyindən istifadə
Belomor kanalının tikintisi zamanı məhbus əməyindən istifadə

"Ancaq Priqojinin heç bir qanuni əsas olmadan onları həbsxanadan çıxarmasından və Putinin gizli əfv fərmanlarını imzalamasından belə anlayıram ki, bu plan xeyli öncədən düşünülmüşdü. Putin heç kimə lazım olmayan bu rezervuarın olduğunu bilirdi. Bu üzdən, həbsxana islahatına ehtiyac duymurdu. [Məhbuslar] sadəcə öldürüləcək, həm də sevinclə döyüşə, ölümə atılacaqdılar. Axı cəbhədə nəzarətçilər həbsxanadakı kimi onları döşəməsilən taxta ilə zorlamayacaqdılar", - yenə Romanovanın sözləridir.

"Həbsxana sistemi islah xidmətinə fokuslanmayıb"

O, Rusiyada nə zamansa həbsxana islahatlarının aparılacağına ümid bəsləmədiyini deyir. Onun sözlərinə görə, bundan ötrü siyasi iradə lazımdır, o isə yoxdur: "Rusiya həbsxana sistemi köhnəlib yıpranıb. Son dəfə 1953-cü ildə, Lavrenti Beriya həbsxanalara nəzarəti NKVD-dən alıb Ədliyyə Nazirliyinə verəndə islahat aparılıb. İndi Federal Penitensiar Xidmət (FSİN) rəsmən Ədliyyə Nazirliyinin tərkib hissəsidir. Ancaq son 15 ildə FSIN-in bütün rəhbərləri ya polis, ya da FSB veteranları olub. 2009-cu ildən bəri peşəkar FSİN direktoru olmayıb. Köhnə stalinist mentaliteti qorunub saxlanıb. Bu səbəbdən həbsxana sistemi islah xidmətinə – psixiatr, həkim, müəllim və başqalarına deyil, məhbusları işlətməyə, yaxud onları məhkəmələrdə saxta ifadələr verməyə və yalançı şahidliyə məcbur etməyə fokuslanıb. İşgəncə də bundan qaynaqlanır. 1930-cu illərdə yaradılmış sistem bugünədək yaşayır".

XS
SM
MD
LG