Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:22

Şarl Mişel: 'Rusiya erməni əhalisinə xəyanət edib'


Şarl Mişel
Şarl Mişel

Rusiya Dağlıq Qarabağ ətrafında sülhü və təhlükəsizliyi təmin edə bilməyib.

Bunu Euronews telekanalına müsahibəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.

O bu müsahibədə Rusiyanın hərəkətini “erməni xalqına qarşı xəyanət” adlandırıb.

Mişel hesab edir ki, Azərbaycanla münaqişədən yalnız belə nəticə çıxarıla bilər: “Vəziyyət aydındır. Bunu kimsə görməyə bilməz – Rusiya erməni əhalisinə xəyanət edib. Rusiya öz əsgərlərinin orada (Qarabağda-red) olmasını, onların sabitlik və təhlükəsizliyə dair razılaşmanı təmin etmələrini istəmişdi. Biz indi görürük ki, bu hərbi əməliyyat Avropa İttifaqından fərqli olaraq hadisə yerində olan Rusiya tərəfindən kiçicik bir reaksiya olmadan başlanıb”.

Şarl Mişel bildirib ki, Avropa İttifaqının Qranada şəhərində keçiriləcək sammitində Ermənistan və Azərbaycan arasında vasitəçiliyini təklif edəcək.

Bu sammitin çərçivəsində Azərbaycan və Ermənsitan liderləri İlham Əliyev və Nikol Paşinyanın danışıqları gözlənilir.

"Reallıq çətindir və bunu başa düşmək lazımdır”

Azərbaycanın bundan sonrakı hərəkətləri barədə suala cavab verən Mişel deyib: “Düşünürəm ki, Azərbaycan bu hərbi əməliyyata başlayan andan onun üzərinə böyük məsuliyyət düşür. İndi Azərbaycan xoş məram nümayiş etdirməli, vəziyyətin müşahidəsinə beynəlxalq icmanı cəlb etməlidir ki, Azərbaycanda erməni əhalisi də daxil, əhalinin hüquqları və təhlükəsizliyi müdafiə oluna bilsin”.

Avropa Şurasının rəhbəri deyib ki, Brüssel və Bakı arasında münasibətlər “mürəkkəb, lakin perspektivli” olaraq qalır.

O xatırladıb ki, Aİ ötən il Azərbaycandan daha çox təbii qaz almaq üçün çox iş görüb və onun fikrincə Azərbaycan Qafqazda təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi işinə daha çox cəlb olunmalıdır: “O (Azərbaycan-red) bugün partnyordurmu? Bəli, partnyordur. Bu o deməkdirmi ki, münasibətlər sadədir? Yox, münasibətlər sadə deyil. Bu o deməkdirmi ki, bu münsibətlərdə çətinliklər var? Bəli, reallıq çətindir və bunu başa düşmək lazımdır”.

Bundan əvvəl

Son günlər Qarabağdan Ermənistana köç baş verib. Ermənistan hakimiyyətinin məlumatına görə, oktyabrın 1-i axşamadək ölkəyə 100 min 514 məcburi köçkün gəlib. Azərbaycan rəsmi qurumları bu rəqəmə, hələlik, münasibət bildirməyiblər.

Ermənistan baş naziri Nikol Paşinyan ermənilərin Qarabağdan kütləvi köçünü "etnik təmizləmə", "deportasiya" adlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, ta əvvəldən region sakinlərini evlərində qalmağa, Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə başlamağa çağırıblar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın Qarabağ vilayətini və ətraf 7 rayonunu işğal edib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib. Erməni əhaliyə Azərbaycan hakimiyyətinin qarantiyaları barədə düşünmək, tərk edilmiş evlərinə qayıtmağı nəzərdən keçirmək təklif olunub.

XS
SM
MD
LG