Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:56

Böhran dərinləşərsə, Aİ Azərbaycanla əlaqələrə yenidən baxa bilər


Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə
Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə

Bakı Qarabağa nəzarəti bərpa edəndən sonra vəziyyət pisləşərsə, Avropa İttifaqı (Aİ) Azərbaycanla əlaqələrə, o cümlədən maliyyə yardımına yenidən baxa, fərdlərə sanksiyalar tətbiq edə bilər. Bu haqda "Reuters" Aİ-nin diplomatik xidmət sənədinə istinadla yazır.

Ancaq sənəddə detallar açıqlanmır, yaxud Azərbaycanın enerji sektorunun adı çəkilmir.

Azərbaycan ötən ay Qarabağda "antiterror" əməliyyatı keçirib, bundan sonra azı 100 min erməninin regiondan Qarabağa axın etdiyi bildirilir.

27 üzvü olan İttifaqın bir çox liderləri əməliyyatı pisləyiblər. Ancaq diplomatların dediyinə görə, daha sərt diplomatik, yaxud siyasi tədbir görməklə bağlı Aİ üzvləri arasında fikir ayrılığı var.

Blokun Azərbaycan nefti və qazından asılılığının artması durumu daha da qəlizləşdirir. Moskva ötən ilin fevralında Ukraynaya hücuma başlayandan Aİ Rusiyadan enerji idxalını azaltmağa çalışır.

Ehtiyatlılıq tonu

Avropa Xarici Fəaliyyət Xidmətinin hazırladığı sənəddə mümkün reaksiyalar sadalansa da, "Reuters" ümumi tonun ehtiyatlı olduğunu yazır.

Deyilir ki, vəziyyət pisləşərsə, Aİ Azərbaycanla münasibətlərə "mərhələli yanaşma əsasında" yenidən baxa bilər.

"Ciddi insan haqları pozuntuları törədilırsə, belə pozuntulara görə məsuliyyət daşıyanlara qarşı məhdudlaşdırıcı tədbirlər nəzərdən keçirilə bilər", – sənəddə vurğulanır.

Aİ-nin sanksiya tətbiq etməsi üçün üzv ölkələr arasında yekdillik olmalıdır.

Azərbaycana qarşı sərt mövqe tərəfdarı olan ölkənin diplomatı agentliyə anonimlik şərti ilə deyib ki, sənəd üzv ölkələrin fərqli mövqelərinin balansını əks etdirir: "Biz daha çox istəyirik, digərləri isə, ümumiyyətlə, heç nə istəmirlər".

Diplomatların sözlərinə görə, Fransa, Almaniya və Niderland Bakıya güclü mənfi reaksiya mesajı göndərmək istəyənlərin sırasındadır. Avstriya və Macarıstan isə spektrin digər başında yer alır.

Başqa diplomat deyib ki, Aİ Azərbaycanın hərəkətlərini pisləməkdən artığını etməyə, əvəzində Ermənistana iqtisadi, ola bilsin, hərbi yardım dəstəyinə fokuslana bilər.

Sənəddə Aİ-yə təklif olunur ki, Ermənistanın demokratik yolla seçilmiş hakimiyyətinə siyasi və iqtisadi, o cümlədən təhlükəsizlik və davamlılıq, demokratik islahatların davam etdirilməsi yönündə dəstəyi nəzərdən keçirsin.

Xatırlatma

  • 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
  • Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.
  • Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib. Artıq separatçı rejim liderlərinin də saxlanaraq Bakıya gətirildiyi bildirilir.
XS
SM
MD
LG