Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:15

Azərbaycanda internet yenə 'qeyri-azad' sayıldı


İnternet azadlığı
İnternet azadlığı

"Freedom House" insan haqları təşkilatı bildirir ki, artıq 13 ildir qlobal internet azadlığının vəziyyəti pisləşir, ifadə azadlığına hücumlar adiləşir.

Qurum oktyabrın 4-də dünyada internet azadlığının səviyyəsinə dair illik hesabatında qeyd edir ki, ən ciddi pozuntular İranda və Myanmada (Birma) baş verib, onlayn ifadə azadlığı ilə bağlı cinayətlərdə məhkum olunanlara qarşı ölüm cəzaları icra olunub.

Belarusda və Nikaraquada onlayn ifadəyə görə adamlara sərt həbs cəzaları kəsildiyi, diktatorlar Aleksandr Lukaşenko və Daniel Orteqanın hakimiyyətdə qalmaq üçün buna əsas taktika kimi əl atdığı vurğulanır.

Azərbaycan və qonşuları

"İnternet Azadlığı 2023" adlı hesabat altı regionda 70 ölkəni əhatələyir, internet üç qrupa bölünür – "azad", "qismən azad" və "qeyri-azad".

İslandiya, Estoniya, Kanada internet azadlığına görə öndə gedən ölkələrdir. Almaniya, Birləşmiş Ştatlar, Ermənistan, Gürcüstan və Serbiya da reytinqin başında yer alıb.

Çin, Myanma, İran internetin ən qeyri-azad olduğu ölkələrdir. Rusiya, Özbəkistan və Belarus da reytinq siyahısının dibindədir.

Azərbaycan yenə də interneti azad olmayan ölkələrin yanında yer alıb. Məhdudlaşdırmalar sırasında sosial media platformalarının, siyasi, sosial və dini kontentli vebsaytların bloklanması, hökumətyönlü şərhçilərin onlayn platformalarda diskussiyaları manipulyasiya etməsi göstərilir.

Hakimiyyət təmsilçilərinin bu hesabata münasibəti bəlli deyil. Amma indiyədək beynəlxalq qurumların oxşar tənqidləri rədd olunub, ölkədə təməl hüquq və azadlıqların təmin olunduğu bildirilib.

İran, Rusiya

İranda bu il ən kəskin pisləşmə qeydə alınıb - hakimiyyət internet xidmətini qapadıb, WhatsApp və Instagram sosial media tətbiqlərini bloklayıb, antihökumət etirazları vaxtı nəzarəti gücləndirib.

Hesabatda süni intellekt insan haqlarına təhdid kimi təsvir olunur, hökumətlərin onun hesabına internetdə daha dəqiq və hiss edilməyən senzura, nəzarət, dezinformasiya kampaniyaları apardığı vurğulanır.

Rusiya Ukraynanı işğal etməsinə dair Kremlin narrativinə zidd yerli saytları, Ukraynanın xəbər portallarını və qlobal sosial media platformalarını bloklayan sistem yaradıb.

Rusiyanın hərbi təcavüzünə kömək edən Belarus isə müstəqil xəbər saytları daxil olmaqla, azı 9 min vebsaytı bloklayıb.

XS
SM
MD
LG