Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:13

BMT məhkəməsi: Azərbaycan ermənilərin Qarabağa təhlükəsiz dönüşünü təmin etməlidir


BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) çıxardığı ilkin hökmdə deyilir ki, Azərbaycan sentyabr ayında keçirdiyi hərbi əməliyyatın ardınca Qarabağdan gedən ermənilərin təhlükəsiz şəkildə evlərinə qayıtmasını təmin etməlidir.

BƏM-in 17 noyabr tarixli qərarında deyilir ki, bu barədə yekun qərar olacaq və Azərbaycan sentyabrın 19-dan sonra Qarabağı tərk edən və ora qayıtmaq istəyənlərin təhlükəsiz, maneəsiz və çevik bir şəkildə dönüşünü təmin etməlidir.

Hakimlərin 13 leyhinə və 2 əleyhinə səsi ilə qəbul olunmuş qərarda bu da qeyd olunur ki, Qarabağdan getmək istəyənlərə, habelə orda qalmağı arzu edənlərə eyni münasibət tətbiq edilməli, "onların qaçmasına səbəb olacaq güc və təhdiddən istifadə olunmamalıdır".

Hakimlər habelə Azərbaycanı region sakinlərinin qeydiyyat, kimlik və mülkiyyətə dair sənədlərinin qorunub saxlanmasını təmin etməyə və 8 həftə ərzində BMT məhkəməsinə keçid tədbirlərin həyata keçirilməsi vəziyyəti ilə bağlı hesabat təqdim etməyə çağırıb.

Məhkəmənin qərarı icbaridir

Qeyd edilir ki, bunlar Ermənistanın Azərbaycana qarşı məhkəmə iddiası ilə bağlı ilkin qərardır. Ermənistan BƏM-ə təqdim etdiyi şikayətdə Azərbaycanı irqi diskriminasiyaya dair beynəlxalq Konvensiyanı pozmaqda ittiham edirdi.

Azərbaycan da öz növbəsində Eremənistanın bu addımından bir həftə sonra həmin məhkəməyə Ermənistana qarşı eyni ittihamla müraciət edib.

Məhkəmənin qərarında qeyd olunur ki, Azərbaycan Qarabağda hərbi əməliyyatı yerli əhalinin kövrək və ağır sosial durumda olduğu bir vaxtda, Ermənistan və Qarabağ arasında əlaqənin uzun müddətdə, kəskin pozulduğu bir şəraitdə keçirib.

Qərarda deyilir ki, hökmün icrası icbaridir və Azərbaycan üçün hüquqi öhdəliklər ehtiva edir.

Bu da deyilməlidir ki, belə məhkəmə işləri adətən aylar və hətta illərlə davam edir.

Azərbaycan XİN-in münasibəti

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi qərarla bağlı münasibətini açıqlayıb.

XİN vurğulayır ki, Bakı məhkəmənin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən... qərarını alqışlayır:

“Diqqətəlayiq haldır ki, Məhkəmə Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbi də rədd edib.”

Açıqlamaya görə, məhkəmənin qeyd etdiyi tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir.

XİN-in vurğulamasına görə, Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb, regionu tərk etməmək barədə onların çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək onların öz qərarı olub:

“Azərbaycan Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir.”

Açıqlamada iddia edilir ki, məhkəmə “Ermənistanın hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları və s. ittihamlarla saxlanılan separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə” dair Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qaqabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.
Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG