Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:16

Fransa senatorları: Ermənistana satılan silahlar təkcə müdafiə üçün deyil


Fransa istehsalı Bastion PDM-ləri
Fransa istehsalı Bastion PDM-ləri

Fransa millət vəkillərinin məlumatına görə Paris Yerevana ümumilikdə 50 zirehli PDM (piyadaların döyüş maşını) verəcək.

Bastion zirehli maşınlarının 20-dək ilk dəsti Gürcüstanın Poti limanında görünüb və ehtimalən Ermənistan üçün nəzərdə tutulmuş bu maşınlar barədə ilk dəfə Azərbaycan mediası xəbər verib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın Müdafiə Nazirliyi bu xəbəri təsdiq etməkdən qəti şəkildə imtina edib.

Bu da xəbər verilir ki, Fransanın Arquus şirkəti tərəfindən istehsal edilmiş bu PDM-lər Fransa və Ermənistan müdafiə nazirləri – Sebastien LekornyuSuren Papikyan arasında oktyabrın sonlarında imzalanmış razılaşmaya daxil deyildi.

Mistral yaxınmənzilli raket sistemi
Mistral yaxınmənzilli raket sistemi

Həmin razılaşmalarda söhbət Ermənistanın Fransanın Thales müdafiə qrupunun istehsalı olan 3 hava hücumundan müdafiə sistemini almasından gedirdi.

Lekornyu və Papikyan habelə Mistral yaxınmənzilli yer-göy raketlərinin Ermənistana satılmasına dair niyyət sənədi imzalamışdılar.

Fransa Senatının iki üzvünün ölkə büdcəsi qanununa dair birgə bəyanatında Ermənistana “24 ədəd Bastion tipli zirehli maşının göndərilməkdə olması və bunun ardınca Yerevana hazırda istehsal prosesində olan eynitipli daha 26 maşının veriləcəyi” qeyd edilir.

Hücum və müdafiə silahlarının fərqi varmı?

Senatorlar Hüqo Sori (Hugues Saury) və Helen Konvey-Mure (Helene Conway-Mouret) deyiblər ki, Ermənistanın təchiz edildiyi silahlar “müdafiə silahları” kateqoriyasından kənara çıxır.

Millət vəkillərinin Senata ötən ay təqdim etdikləri hesabatda deyilir:

“Ukraynadakı müharibə müdafiə və hücum silahları arasında reallıqdakı fərqin o qədər də praktik olmadığını göstərib. Gəlin lap əvvəlindən zəruri olmayan silahların təchizatı kimi səhvi təkrar etməyək”.

Sori və Konvey-Mure habelə bildiriblər ki, Yerevan həm də Fransa istehsalı artilleriya qurğularını almaq istəyir.

Onların fikrincə Paris Ermənistana 155 mm çaplı pərli CAESAR haubitsalarını verməzdən əvvəl bu məsələni nəzərdən keçirməlidir.

Azatutyun xatırladır ki, Azərbaycan noyabrın əvvəllərində Fransa-Ermənistan silah sazişlərini tənqid etmişdi. Bakı bildirirdi ki, “bu silahlar Ermənistan hərbiyyəsinin regionda dağıdıcı əməliyyatlar aparmaq qabiliyyətini artıracaq”.

'İlham Əliyev son dəqiqəyə qədər ABŞ-ı inandırmışdı ki...' - ABŞ-Azərbaycan gərginliyi
Gözlə

No media source currently available

0:00 0:12:12 0:00

Azərbaycan da silah almaqda davam edir

Ermənistan rəsmiləri isə Yerevanın silahlar almasına haqq qazandırmışdlar. Onlar deyirdilər ki, Azərbaycan silahlanmanı hətta 2020-ci il müharibəsindən sonra da dayandırmayıb.

Rəsmilər bunu da vurğulayırdılar ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən üç dəfə çoxdur.

İsrail mediası təxminən elə həmin vaxtlarda yazırdı ki, Bakı İsraildən 1.2 milyard dollarlıq Barak hava hücumundan müdafiə sistemləri alıb.

Azatutyun yazır ki, Azərbaycanın yük təyyarələri bəzi məlumatlara görə İsraildə silahlar daşınan yeganə hərbi hava bazasına onlarca uçuş ediblər.

İsrailin “Haaretz daily” qəzeti yazırdı ki, belə uçuşlar xüsusilə də Azərbaycanın Qarabağda sentyabrın 19-20-də keçirdiyi əməliyyat ərəfəsində intensivləşmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə (Şuşa şəhəri daxil. Amma Xankəndi, Xocalı və daha bəzi ərazilər yox) nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG