Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:33

Rusiya Ermənistanı ‘qaçılmaz risklərlə’ hədələyir, Simonyan Yerevanın KTMT-dən çıxmasını istisna etmir


Dekabrın 15-də Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib
Dekabrın 15-də Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Moskva Yerevanı Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair Rusiyanın vasitəçiyi ilə əldə olunmuş razılaşmanı pozmaqda ittiham etdikdən bir gün sonra, baş nazir Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Rusiya Xarici İşlər Nazirliyi dekabrın 14-də habelə Paşinyan administrasiyasına Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə 2020-ci il müharibəsi dövründə və ondan sonra əldə olunmuş başqa razılaşmalardan geri çəkilməmək xəbərdarlığı edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə verdiyi bəyanatda deyib:

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin olmadığı bir şəraitdə biz bu mühüm sənədlərin etibarsızlaşdırılması cəhdlərini son dərəcə təhlükəli hesab edirik. Belə addımlar ilk növbədə Ermənistanın özü üçün qaçılmaz risklərlə nəticələnəcək”.

Zaxarova daha sonra vurğulayıb ki, “Ermənistan bu risklərdən “Qərbin psevdovasitəçilərinin” köməyi ilə yayına bilməz:

“Ayrıca olaraq erməni tərəfi aylardır ki, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu maddəsini pozmaqla Azərbaycan və Ermənistan arasında dəmir yolu komunikasiyalarının bərpa olunmasını bloklamaqdadır”.

Azatutyun vurğulayır ki, sözü gedən bəyanatın 9-cu bəndində söhbət Azərbaycan və Naxçıvan arasında adamların, maşınların və yüklərin hərəkətinə Rusiya sərhədçiləri tərəfindən nəzarət ediləcəyindən gedir.

Lakin yüksək vəzifəli Ermənistan rəsmisi bildirmişdi ki, burada söhbət Rusiya sərhədçilərinin nəqliyyatı müşayiət etməsindən yox, hərəkəti yalnız “monitorinq” etmək funskiyasından gedə bilər.

Azatutyun yazır ki, “belə görünür, Azərbaycan Naxçıvanla xüsusi nəqliyyat rabitəsinin Ermənistaın nəzarəti altında olmamasını tələb edib”.

Overçuk-Paşinyan danışıqlarının detalları açıqlanmır

Bu da qeyd olunur ki, sözü gedən məsələ, Paşinyanla, eyni zamanda Rusiya-Ermənistan-Azərbaycan birgə işçi qrupunun həmsədri olan Overçuk arasında danışıqların əsas mövzusu olub.

Ermənistan baş nazirinin mətbuat xidmətinin məlumatına görə Paşinyan Overçuka Yerevanın regional nəqliyyat kommunikasiyalarının Ermənistanın suverenliyi və yurisdiksiyası altında açılması vədinə sadiq qaldığını bildirib.

Azatutyun qeyd edir ki, mətbuat xidməti Paşinyan-Overçuk danışıqlarının detallarını açıqlamayıb.

Bu görüşdə sözü gedən üçtərəfli komissiyanın Ermənistan tərəfindən olan həmsədri Mher Qriqoryan da iştirak edib.

Bəzi media məlumatlarına görə Overçuk deyib ki, üçtərəfli komissiya Ermənistan-Azərbaycan dəmir yolunun açılması üçün imzalanmaya yüksək səviyyədə hazır olan “sənəd” təqdim edib. Lakin o tərəflərin bu sənədi imzalamaqdan niyə imtina etməsinin səbəblərinə toxunmayıb.

Rusiya üçtərəfli bəyanatdan bərk yapışıb

Azatutyun yazır ki, 9 noyabr 2020-ci il üçtərəfli bəyantından əsas məqsəd Qarabağda döyüşlərin dayandırılması və yeni toqquşmaların qarşısının alınması idi. Bu bəyanat habelə Rusiya sülhməramlılarının Qarabağda və Laçın dəhlizində yerləşdirilməsini nəzərdə tuturdu.

Azatutyun qeyd edir ki, rusiyalı sülhməramlılar Azərbaycan Laçın dəhlizi ilə kommuniskasiyanı bloklayarkən heç bir tədbir görməyiblər. Sülhməramlılar Azərbaycanın 19-20 sentyabrda keçirdiyi hərbi əməliyyat zamanı da fəaliyyətsiz qalıblar.

Erməni tərəfi bildirir ki, Avropa İttifaqı və ABŞ-dan fərqli olaraq Rusiya Azərbaycanın bu hərəkətlərini pisləməkdən də imtina edib.

Zaxarova əksinə Ermənistanın bütün silahlı qüvvələrini Qarabağdan çıxarmaqdan imtina etməsinə dair Azərbaycanın ittihamlarını təkrar edib.

Rusiya XİN-in nümayəndəsi habelə Moskvanın belə bir ittihamını bir daha təkrar edib ki, ermənilərin Qarabağdan çıxmasına səbəb Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü və Bakının Qarabağ üzərində suverenliyini tanıması olub.

Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də deyib ki, Qarabağ ermənilərini Rusiya yox, Ermənistan “tərk edib”.

Azatutyun yazır ki, Moskvanın Yerevana xəbərdarlığı Ermənistanın Qərb vasitəçilərinə daha çox meyl etdiyi və əksinə, Rusiyanın rəhbərlik etdiyi qurumlara – ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) etinasızlığı ilə eyni vaxta təsadüf edir.

Hazırda Qərb, xüsusilə ABŞ Azərbaycan və Ermənistan arasında daha bir görüşün təşkil edilməsinə cəhdlər göstərir.

Rusiya sülhməramlıları Qarabağdan nə vaxt çıxacaq?
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Simonyan Ermənistanın KTMT-dən çıxa biləcəyini istisna etmir

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan dekabrın 15-də KTMT-ni “cinayətkar fəaliyyətsizlikdə” ittiham edib və Ermənistanın Rusiyanın başçılıq etdiyi bu qurumdan çıxacağını istisna etmədiyini deyib:

“Əgər Ermənistanın maraqları xarici siyasətdə 180 dərəcə gönüş tələb edirsə, belə bir dönüş olacaq. Əgər belə bir qərar qəbul edilərsə, Ermənistan xalqına bu barədə məlumat veriləcək”.

Gümrüdə jurnalistlərin suallarına cavab verən Simonyan daha sonra deyib:

“Bir sıra hallarda KTMT Ermənistana münasibətdə ən azı cinayətkar hərəkətsizlik nümayiş etdirib. Qoy heç kim düşünməsin ki, biz KTMT ölkələri əsgərlərinin bura gələrək azərbaycanlılara güllə atacağını gözləyirdik və ya gözləyirik. Amma biz ən azı vəziyyətin siyasi qiymətləndirilməsini görmək istəyirdik, lakin bunu görə bilmədik”.

Simonyan vurğulayıb ki, KTMT və Rusiya Azərbaycanın 2021-ci ildə sərhəd boyunca hərbi əməliyyatlarını pisləməkdən imtina edib. Ermənistan 2022-ci ilin sentyabrında hərbi dəstək üçün KTMT-yə rəsmən müraciət etmişdi.

Baş nazir Paşinyan Moskvadan arzu etdiyi hərəkəti görmədikdən sonra bəyan etmişdi ki, Rusiya Ermənistan qarşısında öhdəliklərini ya yerinə yetirə bilmir, ya da bunu etmək istəmir.

O əlavə etmişdi ki, Ermənistan xarici və təhlükəsizlik siyasətini “şaxələndirməyə” məcburdur. O və Ermənistanın başqa vəzifəli rəsmiləri son aylarda KTMT-nin və Rusiyanın başçılıq etdiyi başqa qurumların tədbirlərini boykot ediblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Alen Simonyan KTMT-ni sərt tənqid etməsinə rəğmən Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olaraq qalacağını bildirib.

Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də ümid etdiyini demişdi ki, Yerevan KTMT-ni, MDB-ni və Avrasiya blokunu tərk etməyəcək və bu, heç onun marağında olmazdı da.

Xatırlatma

1988-ci ildə qızışan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

Noyabrın 30-da Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların beşinci görüşü keçirilib.

Tərəflər iclasların və birgə işçi görüşlərin keçirilməsi reqlamentini ilkin olaraq razılaşdırıblar.

XS
SM
MD
LG