Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:18

'İqtidar hansısa gündəm yaradır, müxalifət arxasınca gedir...'


Milli Şuranın Bakıda mitinqi. 2017
Milli Şuranın Bakıda mitinqi. 2017

Azərbaycanda gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində namizədlərin sayı yeddiyə çatıb. Hazırkı prezident İlham Əliyevlə yanaşı, deputatlardan - Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev və Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın namizədliyi verilib. Onlardan başqa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin də namizədliyi irəli sürülüb.

Azərbaycan Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyaları isə prezident seçkisində iştirak etməyəcəklərini bildiriblər. Onlar bu qərarlarını ölkədə demokratik mühitin və namizədlər üçün bərabər imkanların olmaması ilə əlaqələndiriblər.

Sosial şəbəkələrdə bununla bağlı artıq tənqidlər yer almağa başlayıb. Tənqid müəlliflərinə görə, onlar seçkilərə qatılmaqla ən azı təbliğat imkanlarından yararlana bilərdilər.

A.Hacılı
A.Hacılı

"Təbliğatdan istifadə etmək imkanımız olmadı"

Müsavat başqanı Arif Hacılı AzadlıqRadiosuna bildirib ki, onları seçkiləri boykot edən bir partiya kimi qiymətləndirmək düzgün olmazdı: "Müsavat son, 2016-cı il referendumda məhz təbliğatdan faydalanmaq arqumentindən çıxış edərək referendum qrupunu yaratmağa cəhd göstərib. Çox çətinliklə, təzyiqlərə, təqiblərə baxmayaraq biz bu 40 min imzaları topladıq. Ancaq qrupumuzu qeydə almadılar və təbliğatdan istifadə etmək imkanımız olmadı. Parlament seçkilərində də oxşar vəziyyət oldu. Qanunvericiliyə görə, 61 seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiya respublika miqyasında təbliğat imkanları qazanır, ona pulsuz efir vaxtı verilir. Müsavat Partiyasının yalnız 60 namizədini qeydə aldılar".

Onun sözlərinə görə, analizlər göstərir ki, bu seçkilərdə də hakimiyyət Müsavatın namizədini qeydiyyata almayacaqdı: "Biz isə faktiki olaraq üzvlərimizi zərbə altına qoyacaqdıq və bizi tənqid edənlər heç də bizi müdafiə etməyəcəkdilər".

İ.Hüseyn
İ.Hüseyn

"Seçkiöncəsi hökumət, heç olmasa, imitasiya edirdi"

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn düşünür ki, əvvəllər seçkiöncəsi hökumət, heç olmasa, imitasiya edirdi: "Biz onda da bilirdik ki, hakimiyyətin saxtalaşdırma şansı həmişə var və biz seçkilərdə qalib gəlməyəcəyik. Amma ən azından bu kampaniyadan yararlanıb öz təbliğatımızı aparmaq, rejimi ifşa etmək məqsədləri güdürdük".

Onun qənaətinə görə, indi vəziyyət dəyişib: "Seçkiöncəsi seçkini müşahidə etməli olan, seçki saxtakarlığını göstərməli olan jurnalistlərin bir hissəsini həbs etdilər, müxalifət düşərgəsinin əsas simalarından biri Tofiq Yaqublunu da ən rüsvayçı ittihamlarla həbs etdilər". (Dələduzluq, saxta sənədlərdən istifadə. O, ittihamları qurama sayır)

AXCP funksioneri hesab edir ki, hökumət bu seçkilərdə müxalifətin iştirakında israrlıdır: "Əvvəl seçkilərdə hökumət bizim iştirakımızı bu qədər arzulamayıb. Amma indi onlar daha çox israrlıdır ki, biz iştirak edək, çünki hökumət bu dəfə öz imitasiyadan da imtina edib və müxalifətin simasında bu imitasiya pərdəsini yaratmaq, legitimləşdirmək istəyir".

H.Babaoğlu
H.Babaoğlu

"...öz işidir"

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Hikmət Babaoğlu isə "Turan"a bildirib ki, hazırda Azərbaycanda seçki üçün çox yaxşı mühit var: "Hər bir partiyanın hər hansı qərar qəbul etməsi onun öz işidir. Yaxşı olardı ki, kim iştirak edir və ya etmirsə, bunu obyektiv mövqe ilə əsaslandırsın. AXCP və Müsavat Partiyasının qərarları, bəlkə də, özlərinə görə doğrudur, amma, çox təəssüf ki, onun səbəblərini cəmiyyətə qeyri-obyektiv formada təqdim etmələri doğru deyil".

A.Qasımlı
A.Qasımlı

"Müxalifət seçkilərə əvvəlcədən hazırlaşmalı idi"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı hesab edir ki, müxalifət seçkilərə əvvəlcədən hazırlaşmalı idi: "Hal-hazırda görünən odur ki, heç biri seçkilərə hazırlaşmayıb və növbədənkənar seçkilərlə bağlı sərəncamı gözləmirdilər. Belə olan təqdirdə iştirak etməyin mənası yoxdur. Amma ümumən götürəndə seçkilərdə iştirak etmək lazımdır".

Ekspertin fikrincə, müxalifət həm strategiya planları hazırlamalı, həm də öz aralarında və ictimai fəallarla danışıqlara getməli idilər: "Amma müxalifətin bu illər ərzində gördüyü işi nə idi? İqtidar hansısa gündəm yaradırdı, müxalifət isə o gündəmin arxasınca gedirdi. Başqa heç nə".

Xatırlatma

Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də baş tutub. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar seçkilərin tezləşdirilməsini dünyada baş verən dəyişikliklər və Azərbaycanın maraqlarının qorunması ilə izah ediblər.

AXCP, Müsavat kimi müxalifət partiyaları isə bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər.

Azərbaycanda son prezident (2018) və parlament (2020) seçkiləri də vaxtından əvvəl keçirilib.

XS
SM
MD
LG