Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:07

İsrailin hava zərbəsi ilə Suriyada İran Qüds Qüvvəsi müşavirinin öldürüldüyü xəbər verilir


Seyid Razi Musəvi
Seyid Razi Musəvi

İsrailin Suriyada endirdiyi hava zərbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yüksək rütbəli komandanlarından biri həlak olub.

Tehran bəyan edib ki, İsrailin bunun bədəlini “hökmən ödəyəcək”.

İran dövlət mediasının xəbərində deyilir ki, İİKK Qüds Qüvvəsinin müşavirlərindən Razi Musəvi dekabrın 25-də Suriya paytaxtı Dəməşqin yaxınlığında həlak olub.

Hava zərbəsinin tam təfərrüatı bilinmir, hərçənd İranın IRNA dövlət xəbər agentliyi bildirir ki, hadisə Dəməşq ətrafındakı Zeynəbiyyə rayonunda baş verib.

İran prezidenti İbrahim Rəisi deyib ki, İsrail “bu cinayət əməlinin bədəlini hökmən ödəyəcək”.

Reuters üç mənbəyə istinadla bildirir ki, Musəvi İİKK Qüds Qüvvəsininin Tehran və Dəməşq arasında hərbi koordinatoru olub.

Süleymaninin “yaxın adamı”

İİKK-ə yaxın olan Təsnim agentliyinin xəbərində isə deyilir ki, Musəvi Qüds Qüvvəsinin Suriyadakı ən yaşlı müşaviri olub və bu qüvvənin 2020-ci ildə Bağdadda ABŞ-ın dron zərvbəsi ilə öldürülmüş keçmiş komandanı Qassem Süleymaninin “yaxın müttəfiqlərindən” biri idi.

Birləşmiş Ştatlar general Süleymanini İraqda çox sayda amerikalı əsgərin ölümündə ittiham edirdilər.

Suriya İnsan Haqları Müşahidə Mərkəzi bildirir ki, İsrail Musəvini Livanda mənzillənən ekstremist Hizbullah qruplaşmasının Suriyadakı ofislərinin yerləşdiyi ərazidə hədəfləyib.

Son aylarda İsrail-Livan sərhədi boyunca intensiv atışmalar gedir.

İsrail İranın Suriyadakı mövcudiyyətinə dözməyəcəyini bildirib

İsrail bu hücum barədə rəsmi şərh verməsə də, bundan əvvəl bildirib ki, İranın Suriya ərazisindəki mövcudiyyətinə dözməyəcək.

Suriya prezidenti Bəşər əl-Əsəd ona qarşı geniş müxalifətə və vətəndaş müharibəsinə baxmayaraq hakimiyyətini İran və Rusiyanın köməyi ilə qoruyub saxlayır.

Dekabrın əvvəllərində İsrail Suriyada İİKK-nin hərbi müşavir kimi xidmət göstərən iki üzvünü hava zərbələri ilə məhv etdiyini bildirmişdi. Tehran o vaxt da qisas alacağı ilə hədələyirdi.

ABŞ Dövlət Departamentinin bu ay açıqladığı hesabatda deyiirdi ki, İran qlobal terrorun əsas sponsoru olaraq qalır və Afrika, Asiya, Avropa və Amerika materiki boyunca terrorçulara maliyyə, səfərbərlik və texniki dəstək verir.

Hesabatda bu da qeyd olunurdu ki, Tehran özünün Qüds Qüvvəsinin vasitəsilə bölgədə sabitsizlik yaratmaqla Bəhreyn, İraq və Suriyadakı ekstremist qruplaşmaları dəstəkləyir.

XS
SM
MD
LG