Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:19

İran: Sülhə yalnız regional təminatçıların köməyi ilə çatmaq olar


İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

Ermənistanla Azərbaycan sülh sazişi danışıqlarında kənar qüvvələrə deyil, İran, Rusiya və Türkiyəyə etimad etməlidir. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian dekabrın 27-də Yerevana səfəri zamanı deyib.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Abdullahianın ermənistanlı həmkarı Ararat Mirzoyan və baş nazir Nikol Paşinyan ilə danışıqlarında əsas məsələ məhz sülh prosesi olub.

Bir gün öncə Əmir-Abdullahian məsələni azərbaycanlı və rusiyalı həmkarları ilə ayrı-ayrı telefon danışıqlarında müzakirə edib. O deyib ki, Ermənistan rəhbərliyi ilə Azərbaycan-Ermənistan danışıqlarında İranın mümkün rolunu müzakirə edib.

"İran İslam Respublikası Cənubi Qafqazda sülh və sabitliyi kənar qüvvələrin müdaxiləsi olmadan təmin olunmasını istəyir və inanır ki, buna yalnız regional təminatçıların köməyi ilə nail olmaq olar", - o, danışıqlardan sonra Mirzoyan ilə birgə mətbuat konfransında deyib.

Abdullahianın sözlərinə görə, Ermənistan, Azərbaycan, İran, Rusiya və Türkiyənin qatıldığı regional "3+3" platforması bunu gerçəkləşdirməyə ən uyğun formatdır.

Bu beş ölkənin xarici işlər nazirləri oktyabrda Tehranda ilk dəfə bir araya gəliblər. Gürcüstan 2021-ci ilin dekabrında Moskvada elan olunmuş platformaya qatılmaqdan imtina edib, Rusiyanın onun iki separatçı regionunu işğal altında saxlamasını əsas gətirib.

'3+3-ün gələcəyi yoxdur' - Tbilisidə Əliyevlə Ərdoğanın təklif etdiyi formatın çökəcəyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

İran və Rusiyanın ortaq mövqeyi

İran prezidenti İbrahim Rəisi ötən həftə Paşinyana deyib ki, regiondankənar ölkələrin Cənubi Qafqazda həll edilməmiş münaqişələrə müdaxiləsinə icazə verilməməlidir. Bununla Rəisi Qərbin regionda iştirakına qəti qarşı olduğunu bir daha təsdiqləyib. Rusiya da eyni mövqedən çıxış edir.

Ancaq Paşinyan hökuməti Azərbaycanla sülh sazişinin əldə olunmasında ABŞ və Avropa İttifaqının səylərinə ümid bəsləyir. Mirzoyan dekabrın 26-da İranın Ermənistanın ərazi bütövlüyünə güclü dəstəyini alqışlayıb, amma Yerevanın vasitəçi kimi Tehranın Qərbi əvəzləməsini istəməsinə hər hansı eyham vurmayıb.

"Bir daha vurğulamaq istəyirəm ki, İran İslam Respublikası Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir", - Əmir-Abdullahian Yerevanda deyib. O, Tehranın Azərbaycanla nəqliyyat əlaqələrinin açılmasında Ermənistan hökumətinin mövqeyini dəstəklədiyini vurğulayıb.

Azərbaycan Qarabağ regionu və ətraf ərazilər üzərində nəzarətini hərbi əməliyyatlar nəticəsində bərpa etsə də, Ermənistanla sülh sazişi imzalanmayıb. İndiyədək danışıqlar həm Qərbin, həm də Rusiyanın vasitəçiliyi ilə davam edib.

Rəsmi Bakının Naxçıvan eksklavı ilə Ermənistan ərazisindən nəqliyyat əlaqəsinə "Zəngəzur dəhlizi" deməsi Yerevanı qəzəbləndirir. Ermənistan öz suveren ərazisindən hər hansı ölkəyə koridor verməyəcəyini bildirir.

XS
SM
MD
LG