Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:58

Mirzoyan: Bakı Lavrovun dediyi kimi müqaviləni Rusiyada imzalamağa hazırdırmı?


Ararat Mirzoyan
Ararat Mirzoyan

“Sülh müqaviləsinin imzalanmasına Ermənistan Konstitusiyası və orda Müstəqillik Bəyannaməsinə istinad mane olurmu?” sualına xarici işlər naziri Ararat Mirzoyan “yox” cavabı verib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Mirzoyanın sözlərinə görə Konstitusiya daxili sənəddir və ilk növbədə ölkədaxili əhəmiyyətə malikdir.

Nazir ilsonu mətbuat konfransında bildirib ki, konstitusiyanın dəyişdirilməsinin səbəbinin Ermənistan-Azərbaycan tənzimləmə prosesi olduğunu iddia etmək “böyük mübaliğə” olardı.

Bundan bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, “yeni geosiyasi vəziyyətdə” Ermənistanın yeni konstitusiyaya ehtiyacı var.

Müxalifət bu təklifə kəskin reaksiya vermiş və iddia etmişdi ki, Paşinyanın konstitusiyanı dəyişməkdən məqsədi orada Qarabağa aid hissənin çıxarılmasıdır. Həmin hissədə 1995-ci ilin Müstəqillik Bəyannaməsinə, bəyannamədə isə Ermənistan SSR və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair qərara istinad edilir.

“Həm Ermənistan, həm də Azərbaycan konstitusiyasında bu məqam var”

Mirzoyan bu iddiaları rədd edib və bildirib ki, konstitusiyanın dəyişdirilməsi söhbəti “Vətəndaş müqaviləsi” partiyası hakimiyyətə gələndən aparılır. O əlavə edib ki, hökumət bu məqsədlə 2018-ci ildə konstitusiya şurası yaradıb və o vaxt hələ Azərbaycan-Ermənistan müharibəsi olmamışdı.

Azatutyun yazır ki, bununla belə nazir hökumətin konstitusiyadan Qarabağa aid hissəni çıxarmaq istəyib-istəmədiyinə dair sualı cavabsız buraxıb.

Azatutyun daha sonra yazır ki, buna bənzər bir məqam Azərbaycan konstitusiyasında da var. Orada deyilir ki, Azərbaycan Respublikası Azərbaycan SSR-in yox, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Respublikasının varisidir.

Azatutyunun bu barədə sualına cavab verən Ararat Mirzoyan etiraf edib ki, hər iki tərəfdə bu cür problem var və tərəflər danışıqlar zamanı bu məsələlərə də toxunublar.

Azərbaycanın 7-ci təklif paketi Ermənistanı qane etmir

Azatutyun yazır ki, Mirzoyan 2 saat yarım davam edən mətbuat konfransında Yerevanın öz qonşuları, habelə Vaşinqton, Moskva və Brüssellə, hətta Nyu Delhi ilə münasibətlərindən danışıb, amma konfransda əsas mövzu Azərbaycanla danışıqlar, sülh prosesi, Azərbaycan prezidentinin son bəyanatları olub:

"Təəssüflə deməliyəm ki, 7 dekabrda atılmış birdəflik pozitiv addıma baxmayaraq, konstruktiv yanaşmanın ən azı Azərbaycan tərəfindən davam etdirilmədiyini müşahidə etmişik. Bunu istər Azərbaycanın razılaşmaya dair 7-ci təklif paketi, istərsə də Azərbaycan prezidentinin son müsahibəsi nümayiş etdirib... Biz deyə bilərik ki, bir neçə əsas məsələdə sülh priosesinə zərbə vurulub”.

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Azərbaycan telekanallarına müsahibəsində demişdi ki, əgər “Zəngəzur dəhlizi” açılmasa, Azərbaycan da öz sərhədinin heç bir hissəsindən Ermənistan üçün yol açmayacaq.

Rəsmi Bakı habelə Ermənistanın sülh müqaviləsi üçün beynəlxalq qarantiyalar istəməsini rədd edir.

"Heç kimin yeni xəritələr çəkmək səlahiyyəti yoxdur"

Əliyev habelə demişdi ki, Bakı sərhədin delimitasiyası üçün sovet dövrünün 1975-ci ilə aid xəritələrindən istifadə olunması təklifini rədd edir. O bildirmişdi ki, sözü gedən xəritələrdən istifadə olunması Ermənistana sərf edir.

Ararat Mirzoyan bu barədə belə deyib:

"Mən vurğulamalıyam ki, heç kəs yeni sərhədlər çəkmək səlahiyyətinə malik deyil. Biz öz mövqeyimizdə qalırıq ki, delimitasiya zamanı müvafiq komissiyalar Sovet İttifaqının çökməsi anında mövcud olan və hüquqi bazası olan sərhədlərin əsasında işləməlidirlər”.

Mirzoyan bildirib ki, bu məqam Almatı bəyannaməsində də təsdiqini tapıb.

Nazir bildirib ki, bütün bunlara baxmayaraq Yerevan sülh gündəliyinə sadiq qalır, “Azərbaycanın konstruktiv məcraya qayıdacağına” və sülh prosesinin tamamalanacağına ümid edir.

Bununla belə Mirzoyan bildirib ki, iki ölkə arasında eskalasiya riski qalmaqdadır.

"Ermənistan-Azərbaycan sərhədində eskalasiya riski hazırda qalmaqdadır və Azərbaycan prezidentinin müsahibəsindəki ritorika bizim ayıq-sayıqlığımızı bir an belə itirməməyimizi tələb edir”.

Azərbaycan və Naxçıvan arasında yollar Rusiyanın nəzarətində ola bilməz

Ararat Mirzoyan Yerevanın “Zəngəzur dəhliz”inin açılmasına dair öhdəliyinin olması barədə suala cavab verərkən deyib ki, Ermənistan nə 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında, nə də sonrakı bəyanatlarında belə bir öhdəlik götürməyib.

O əlavə edib ki, Azərbaycan və Naxçıvan arasında kommuniksiyalara Rusiya sərhədçilərinin nəzarət etməsinə dair tələb Ermənistanın suverenliyini pozur və məqbul sayıla bilməz.

“Bakı ilə danışıqlarda Yerevan üçün vasitəçilərin iştirakı nə dərəcədə mühümdür” sualına cavab olaraq Mirzoyan bildirib ki, Ermənistan üçün mühüm olanı danışıqların məzmunudur:

"Mən Bakının sülh müqaviləsini Rusiyanın iştirakilə imzalamağa hazır olub-olmadığını bilmirəm. Mən qapalı görüşlər zamanı Azərbaycandan belə bir vədlər eşitməmişəm. Amma Sergey Lavrov bunu iddia edirsə, bəlkə buna müəyyən bir əsası var”.

Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Bakı Yerevanla sülh müqaviləsini Rusiya ərazisində imzalamağa hazırdır.

Bakı Lavrovun bu bəyanatına münasibət bildirməyib.

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qaqabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının (Aİ), həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

ABŞ Aİ-nin vasitəçiliyini dəstəkləyir. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib.

Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG