Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:14

Azərbaycan və Ermənistan sülhü kənar dəstək olmadan əldə edə bilərlərmi?


Kollaj: İlham Əliyev və Nikol Paşinyan
Kollaj: İlham Əliyev və Nikol Paşinyan

AzadlıqRadiosunun müxbiri Coşua Kuçera yazır ki, onilliklər ərzində iki düşmən ölkə - Azərbaycan və Ermənistan arasında danışıqlar Rusiya, ABŞ və Avropa İttifaqı daxil müxtəlif ölkələrin vasitəçiliyi ilə aparılıb.

Belə hesab olunurdu ki, iki tərəfin bir-birinə etimadsızlığı şəraitində vasitəçilərsiz keçinmək mümkün olmayacaq.

Amma Azərbaycan ötən sentyabrda çevik əməliyyatla Qarabağ üzərində nəzarəti ələ aldıqdan sonra Bakı və Yerevan danışıqlarını birbaşa aparırlar.

Məsələn, ötən dekabrda onlar əsirlərin mübadiləsi və Azərbaycanın BMT iqlim konfransına ev sahibliyinə dəstək məsələsində misli görünməmiş ikitərəfli razılaşma əldə ediblər.

İki ölkənin yüksək vəzifəli rəsmiləri də birbaşa ikitərəfli təmaslardadır. Bakı və Yerevan iki ölkə arasında bağlanmalı olan sülh müqaviləsinin mətninə dair ikitərəfli təkliflər mübadiləsi aparırlar.

Kuçera yazır ki, indilik Qərbin prosesdə iştirakı dayanıb. Bakı ABŞ və Avropa diplomatları ilə təmasları dayandırıb.

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da ölkə telekanallarına müsahibəsində deyib ki, “ölkələrimiz arasındakı problemi biz özümüz həll etməliyik”.

Azərbaycan rəsmiləri deyirlər ki, Rusiya və Qərb arasında münasibətlərin kəskinləşdiyi bir vaxtda onları Qafqazlarda sülh yox, öz geosiyasi motivləri maraqlandırır.

Eyni zamanda Ermənistanda narahatdırlar ki, onlar daha güclü Azərbaycanla təkbaşına danışıqlarda gücsüz mövqedə ola bilərlər.

İki rəqib platforma

Ermənistan rəsmilərinin, o cümlədən xarici işlər naziri Ararat Mirzoyanın fikrincə vasitəçilərsiz aparılan danışıqların əhəmiyyəti lazımınca olmaya bilər:

"Biz Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar aparırdıq, amma indi görürük ki, Azərbaycan mövcud çərçivədə danışıqları bərpa etmək istəmir. Bizim diqqətimiz daha çox vasitəçiliyi kimin etməsində yox, danışıqların hansı prinsiplər əsasında aparılmasındadır”.

Yerevandakı APRI Armenia analitik mərkəzindən Benyamin Poqosyan düşünür ki, danışıqlara ikitərəfli yanaşma Ermənistan üçün əlverişsizdir, çünki hazırda iki ölkə arasında qüvvələr balansı eyni deyil.

Politoloq bildirir ki, hətta buna baxmayaraq Ermənistan hökuməti özündə cəsarət tapmağa çalışır:

"Onlar anlayırlar ki, ikitərəfli danışıqlar Azərbayacana sərf edir. Amma onlar büruzə vermək istəmirlər ki, ikitərəfli formatı Azərbaycanın təzyiqi altında qəbul etməyə məcburdurlar”.

Kuçera yazır ki, 2022-ci ildə münaqişənin tənzimlənməsi iki rəqib platforma üzərində aparılırdı. Bunlardan biri Rusiya, ikincisi isə ABŞ tərəfindən dəstəklənəın Avropa İttifaqı idi.

Bir müddət siyasi danışıqların vasitəçiliyi daha çox Qərb tərəfə keçdi. Rusiya daha çox sərhədin delimitasiyası kimi danışıqlarda vasitəçilik edirdi.

Qərb özünü sındırmasa da...

Amma ötən yanvar ayında məlum olmuşdu ki, ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Luis Bono Yerevana səfər etsə də, Bakıda onun səfərindən imtina ediblər. Avropa İttifaqının Ermənistan-Azərbaycan danışıqçısı Toyvo Klaar da Yerevana səfər etmiş, amma Bakıya gəlməmişdi.

Kuçera yazır ki, Vaşinqton və Brüssel özlərini o yerə qoymayaraq bəyan etmişdilər ki, belə bir hal Azərbaycanın 7 fevral prezident seçkisinə hazırlığı ilə bağlıdır.

Adının çəkilməsini istəməyən bir Qərb diplomatı müxbirə deyib ki, ikitərəfli danışıqlar özlüyündə ümidverici haldır.

Ermənistanın baş naziri Nikol Paşinyan bəyanatlarında zaman-zaman yüksək səviyyədə təmasların davam etdiyinə işarə edir, amma təfərrüatları açıqlamır.

Bakıda mənzillənmiş Topçubaşov Mərkəzindən Şücaət Əhmədzadə deyir ki, Ermənistanın istəyinə zidd olaraq vasitəçilərin danışıqlardan kənarlaşdırılması hazırda Azərbaycan tərəfinin sərt strategiyasıdır.

Politoloq: “Ermənistanın seçimi azdır”

Ermənistan hakimiyyəti narahatdır ki, Azərbaycan tərəfinin sülh müqaviləsini pozduğu şəraitdə ikitərəfli danışıqlar Yerevana kənardan heç bir qoruma verməyəcək.

Poqosyan bildirir ki, bunu bilə-bilə Yerevanın ikitərəfli formata razılaşması bütün kartların Azərbaycanın əlində olmasına görədir və Ermənsitan üçün seçim azdır.

Politoloq deyir ki, Ermənistan ikitərəfli danışıqları qəbul etməsəydi, birincisi “qeyri-konstruktiv tərəf” kimi görünər, ikincisi danışıqların olmadığı bir şəraitdə hərbi eskalasiya riski artardı.

Poqosyanın sözlərinə görə ikitərəfli danışıqlar, danışıqların heç olmamasından yaxşıdır.

Politoloqun fikrincə, Paşinyan hökuməti Ermənistan üçün tam əlverişli olmasa da Azərbaycanla sülh müqaviləsini ölkədaxili problemlərə görə imzalamağa hazırdır:

"Hökumət cəmiyyətə nəsə yaxşı bir xəbər verməlidir. Məsələn, deməlidir ki, “Qarabağı itirdik, amma əvəzində nəsə alırıq. Mən sizə sülh gətirəcəyəm demişdim və gətirdim” kimi”.

Qərb və Rusiya – kim daha səmimidir?

Kuçeranın məqaləsində deyilir ki, Bakıda rəsmilər ABŞ və Avropa İttifaqının münaqişədə neytral olmamalarının onları vasitəçi kimi gözdən saldığını düşünürlər.

Onlar bunu da qeyd edirlər ki, Vaşinqton və Brüssel Moskvanın regiondakı mövqelərini zəiflətmək istəyir və Azərbaycan-Ermənistan sülh prosesinə bunun üçün vasitə kimi baxırlar.

İki ölkə arasında mübahisəyə səbəb olan başqa bir məqam Azərbaycanı Naxçıvanla Ermənistan ərazisindən keçərək birləşdirəcək yolla bağlıdır. Azərbaycan-Ermənistan-Rusiya arasında 2020-ci ildə əldə olunmuş üçtərəfli bəyanata görə buradakı nəqliyyat kommunikasiyalarına Rusiya sərhədçiləri nəzarət etməlidirlər. Amma o vaxtdan bəri Ermənistanın Rusiya ilə münasibətləri pozulub və Yerevan bildirir ki, öz ərazisindəki kommunikasiyalara nəzarət onun suveren hüququdur.

Kuçera yazır ki, Qərb Ermənistanın mövqeyi ilə razılaşmış kimi görünür.

Qərb bu qənaətdədir ki, əslində kommersiya məqsədli bu yolun təhlükəsizliyini beynəlxalq kommersiya şirkətləri də təşkil edə bilər. Bir Qərb diplomatı bu barədə deyib:

"Amerika və Avropanın məqsədləri ədalətlidir və əslində davamlı və ləyaqətli sülhə hesablanıb. Amma mən Rusiyanın niyyətləri haqqında bunu deyə bilərəm”.

Məqalədə deyilir ki, Rusiya rəsmiləri Moskvanın regionda güc kimi qalmaq istədiyini gizlətmirlər.

Yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov sözü gedən üçtərəfli bəyanatı imzaladığını Yerevana xatırlatmış və onu Qərbə meyllənməkdən çəkinməyə çağırmışdı.

Başqa Rusiya rəsmiləri də dolayısı ilə Yerevanı təhdid etməkdən çəkinmir, əks halda erməni xalqının “daha bir faciə” ilə üzləşəcəyini deyirlər.

Bakı da Moskvanın mövqeyindədirmi?

Belə görünür ki, Bakı da Moskvanın bu ritorikasından narazı deyil. Azərbaycan hökumətinin maliyyələşdirdiyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Vasif Hüseynov deyib:

"Biz elə bir situasiyaya düşə bilərik ki, lokal münaqişənin çözümü daha geniş geosiyasi münaqişəyə çevrilə bilər. Buna görə də Bakı kənar aktorların müdaxiləsi olmadan Ermənistanla ikitərəfli danışıqlarda israr edir”.

Məqalədə deyilir ki, Əliyev 10 yanvar müsahibəsində sərhəd delimitasiyasından danışarkən Ermənistana onun paytaxtı Yerevan da daxil ərazi iddiaları kimi başa düşüləcək bəyanat vermişdi.

Aİ xarici işlər komissarı Jozep Borrel məhz Bakıdan səslənən belə bəyanatlara görə Ermənistanın təhlükəsizliyindən və Əliyevin “son ərazi iddialarından” narahatlığını bildirmişdi.

Borrel Bakının substantiv danışıqlardan yayındığını dilə gətirmişdi.

Keçmişdən qalan sənədlər

Azərbaycan prezidentinin müşavirlərindən Elçin Əmirbəyov belə yanaşma ilə razılaşmadığını bildirib. O deyib ki, Əliyevin bəyanatı düzgün şərh edilməyib:

"Heç kəs Azərbaycanın sözlərini Ermənistan ərazisini işğal etmək niyyəti kimi yozmur. Bütün bunlar bir fənddir”.

Azərbaycan rəsmiləri bildirirlər ki, Ermənistan konstitusiyasında Qarabağa iddianı ehtiva edən müddəalar var.

Əmirbəyov deyib ki, Ermənistanın rəsmi bəyanatlarında başqa iddialar da var. Onun sözlərinə görə Ermənistan keçmiş sovet respublikalarının sərhədlərini tanıyan 1991-ci il Almatı Bəyannaməsini də istisna ilə imzalyıb. Bu istisnada deyilir ki, Ermənistan Azərbaycanın sərhədlərini tanıyır, lakin bu tanıma Dağlıq Qarabağa şamil edilmir.

Rəsmi bunu da əlavə edib ki, Ermənistan XİN-in rəsmi saytında dərc edilmiş materiallarda Qarabağ hələ də Ermənistanın tərkib hissəsi adlandırılır.

Əmirbəyov bildirib:

"Biz Ermənistan tərəfinin diqqətinə bu faktları danışıqlar və mübadilələr zamanı dəfələrlə çatdırmışıq. Ermənistan bununla razılaşsa da, əməldə heç bir dəyişiklik baş verməyib. Əgər onlar, belə demək mümkündürsə, badalaq gəlməyə çalışırlarsa, bütün günahı bizim üstümüzə atmaq istəyirlərsə və ürəklərində bizə qarşı ərazi iddiaları saxlayırlarsa, onda əlbəttə belə olmayacaq”.

Ermənistan tərəfi də Azərbaycanın bu narahatlığını qəbul etdiyini, Yerevanın da Bakıya buna bənzər iradlarının olduğunu bildirib.

Xarici işlər naziri Ararat Mirzoyan deyib ki, bu barədə tərəflər arasında mütləq müzakirələr olacaq.

“Üç vərəqlik müqavilə”

AzadlıqRadiosunun təhlilçisi yazır ki, ya danışıqlarla, ya da danışıqlarsız, Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası, sovetdənqalma anklavlar, nəqliyyat kommunikasiyaları da daxil hələ də bir sıra kritik məsələlərdə fikir ixtilafı var.

Amma bəzi məlumatlara görə potensial sülh müqaviləsində bu spesifik məsələlər yer almaya bilər. Başqa sözlərlə söhbət çox yığcam çərçivə sənədindən gedir.

Məsələn Poqosyan təxmin edir ki, bu sənəd üç səhifədən və 15-20 maddədən ibarət olacaq:

"Ehtimal ki, müqavilədə kommunikasiyalar, dəhlizlər, anklavlar – bu kimi məsələlər qeyd olunmayacaq. Əslində çərçivə formatında olan bu sənəd bütün suverenlik məsələlərini gələcək danışıqlar üçün açıq saxlayacaq”.

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

Azərbaycanın “maksimalizmi”

Amma Şücaət Əhmədzadə düşünür ki, hətta çərçivə razılaşması barədə də Azərbaycanın öz tələbləri olacaq:

"Hər hansı çərçivə razılaşması bütün maksimalist tələblər üçün bünövrə qoyacaq. Məsələn delimitasiya üçün hər hansı konkret xəritənin göstərilməməsi özlüyündə alış-verişin miqyasını böyüdəcək”.

Politoloqun fikrincə hazırda öz gücünə güvənən Bakı bütün cəbhələrdə maksimalizm nümayiş etdirir.

Üstəlik İlham Əliyevin son bəyanatları Ermənistanın hər hansı bir müqavilənin tezliklə imzalanacağına olan ümidlərini yox edib.

Bununla belə Kuçera yazır ki, Qərb diplomatları İlham Əliyevin yenidən prezident seçilməsindən sonra Avropa İttifaqı və ya ABŞ-ın vasitəçiliyi ilə danışıqların bərpa olunacağına inanırlar. Amma buna inanmayanlar da az deyil.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG