Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:25

Paşinyan Bakının tələb etdiyi dörd kəndin olduğu bölgəyə gedib. Müharibə olmasın deyə...


Nikol Paşinyan Tavuş vilayətində
Nikol Paşinyan Tavuş vilayətində

Ermənistanın baş naziri Nikol Paşinyan martın 18-də ölkənin şimalında, Azərbaycanla sərhəddə yerləşən iki kəndin sakinləri ilə görüş keçirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə müxalifət və hökumətin başqa opponentləri onun bu səfərini Bakının tələb etdiyi dörd kəndin Azərbaycana qaytarılmasına hazırlıq kimi qiymətləndiriblər.

Paşinyan ötən həftə bildirmişdi ki, sözü gedən kəndlər – Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Almatı bəyannaməsinə uyğun olaraq de jure Ermənistanın yox, Azərbaycanın ərazisidir. Baş nazir habelə bu kəndlərin Azərbaycana qaytarılması üçün Azərbaycanın 1990-cı illərin əvvəllərində və 2021-2022-ci illərdə tutduğu Ermənistan ərazilərinin qaytarılmasını ön şərt kimi irəli sürdüyünü deməmişdi.

Xəbər verilir ki, Paşinyan Azərbaycanla sərhəddə iki kəndə Voskepar və Kirantsa baş çəkərək buranın sakinləri ilə 3.5 saatlıq qapalı görüş keçirib.

Azatutyunun yazdığına görə Paşinyan deyib ki, Yerevanın rəsmi siyasəti müharibəyə yol verilməməsidir:

“Və bu səbəbdən də biz qərara gəldik ki, Ermənistanın bu bölgədəki sərhədlərinə düzəliş edək”.

Delimitasiya və demarkasiya başlanır...

Paşinyanın sözlərinə görə Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası praktik mərhələyə daxil olur:

"Biz görürük ki, sərhədin bu sektorunda – Bağanis-Berkaber sektorunda delimitasiya və demarkasiya prosesinə başlanması üçün real imkanlar var. Bizim siyasətimiz müharibəyə yol verilməməsidir, biz müharibənin başlanmasına imkan verməməliyik. Və ona görə də Ermənistanın bu ərazidəki sərhədlərinə düzəliş etmək qərarına gəldik...”

O bu görüşdən sonra AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna deyib ki, kənd sakinlərinə ötən həftə verdiyi bəyanatı, sözü gedən ərazilərin Ermənistan əraziləri olmadığını izah etməyə çalışıb.

Ermənistan müxalifəti və Tavuşun həmsərhəd kəndlərinin sakinləri 4 kəndin Azərbaycana verilməsi perspektivindən narahatdırlar.

Kəndlilər deyirlər ki, 4 kənd Azərbaycana qaytarıldıqdan sonra Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçəcək.

Onlar bildirirlər ki, Azərbaycana bitişik ərazilərdə torpaq sahələri var və Azərbaycan ordusunun qayıdışı ilə bu torpaqlarda iş görmək çətinləşəcək. Kəndlilər bunu da deyirlər ki, uşaqlarını rahatlıqla məktəbə göndərə bilməyəcəklər, ölkənin qalan hissəsi ilə kommunikasiyaları etibarsız olacaq.

Azatutyun yazır ki, bəzi iclas iştirakçılarının fikrincə Paşinyan kəndlilərin narahatlığına son qoya bilməyib.

Nikol Paşinyan Tavuş kəndliləri ilə qapalı görüşdə
Nikol Paşinyan Tavuş kəndliləri ilə qapalı görüşdə

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bundan əvvəl baş nazirin ofisinə istinadla yazırdı ki, Nikol Paşinyan bugün, martın 18-də Tavuş vilayətindəki Voskepar, Bağanis və qonşu kəndlərin sakinləri ilə görüşür.

Ötən həftə keçirdiyi mətbuat konfransında baş nazir Tavuşa səfər edəcəyini və yerli sakinlərlə görüşəcəyini vəd etmişdi.

Elə həmin gün rəsmi Yerevan Azərbaycanla sərhədin qismən delimitasiyasına hazır olduğunu bildirmişdi. Rəsmi məlumatda delimitasiya prosesinin Tavuş rayonundan başlanacağı da istisna olunmurdu.

Rəsmi Bakı Ermənistan silahlı qüvvələrinin nəzarətində olan 4 kəndin qaytarılmasını tələb edib. Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Ermənistanın Tavuş rayonu ilə həmsərhəddir və bilavasitə Azərbaycan ərazisində yerləşir.

Paşinyan bunu da bildirmişdi ki, bu kəndlər de jure Ermənistan ərazisi deyil.

Azərbaycan-Ermənistan sərhədinin Tavush-Qazax sektru
Azərbaycan-Ermənistan sərhədinin Tavush-Qazax sektru

Paşinyan artıq tapşırıq verdiyini deyib

Sözü gedən dörd kənd və Ermənistanın ərazisində anklav şəklində yerləşən Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri ilə birlikdə 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunub.

Amma Ermənistan bunu da bildirir ki, Azərbaycanın tələb etdiyi kəndlər olan ərazidən Ermənistan-Gürcüstan dövlətlərarası magistralı keçir və qaz kəməri Ermənistana məhz buradan daxil olur.

Mətbuat konfransında bu məsələyə toxunan baş nazir demişdi ki, məhz buna görə indi həmin infrastruktur elementləri - yol və qaz kəməri yenidən qurulmalıdır:

"Mən artıq bu barədə tapşırıq vermişəm və həmin bölgədəki kəndlərimizin sakinlərinə nə düşündüyümü, niyə düşündüyümü izah etmişəm. Yaxın gələcəkdə biz hərəkətə gəlməli və elə etməliyik ki, sərhədlərimizdən kənarda olan kommunikasiyalar yenidən qurularaq Ermənistanın öz ərazisinə düşsün”.

Sanosyan: “Müəyyən işlər artıq görülüb...”

Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan baş nazir Nikol Paşinyanın Azərbaycanın tələb etdiyi kəndlərə dair dediklərini şərh edib.

O deyib ki, mübahisəli ərazilər barəsində məsələyə aydınlığı Azərbaycan-Ermənistan sərhədinin delimitasiya komissiyaları gətirəcək:

“Baş nazirin bəyanatı hamı üçün aydın və başa düşülən idi. Delimitasiya komissiyaları var. Bunlar delimitasiya üçün hüquqi baza kimi hansısa xəritəni müəyyən edəcəklər. Bundan sonra hansı ərazilərin Ermənistana, hansılarının Azərbaycana aid olduğu bəlli olacaq”.

Sanosyan bildirib ki, bu istiqamətdə müəyyən işlər artıq görülüb və xəritə müəyyənləşdirilib.

Nazir bunu da vurğulayıb ki, Yerevanın Azərbaycanın işğalında olan 31 kənd ərazisi barədə tələbi də qüvvədə qalır.

Bundan əvvəl Ermənistanın 31 kəndinə aid ərazilərin 44 günlük müharibədən sonra Azərbaycanın nəzarətində qaldığını baş nazirin müavini, delimitasiya prosesinə bilavasitə cavabdeh olan Mher Qriqoryan da bildirmişdi.

Tavuş sakinləri kəndlərin Azərbaycana qaytarılmasını istəmirlər

Bu arada xəbər verilir ki, Tavuş vilayəti Voskepar kəndinin sakinləri Nikol Paşinyana müraciət məktubu yazaraq sözü gedən kəndlərin Azərbaycana qaytarılmasına qarşı olduqlarını bildiriblər.

Bu barədə özünün Facebook səhifəsində jurnalist Voskan Sarkisyan yazıb.

Onun məlumatına görə Voskeparda Tavuş və Şirak yeparxiyalarının başçıları - arxiyepiskoplar Baqrat QalstyanMikael Acapaxyan arasında görüş olub.

Bu görüşdə habelə Ermənistan silahlı qüvvələrinin keçmiş korpus komandiri Miqran Maxsudyan, Yerkrapa könüllü ittifaqının Tavuş vilayət bölməsinin başçısı Yura Arutyunyan da iştirak ediblər.

Ermənistan müxalifəti və Erməni kilsəsi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı çıxırlar.

Belə görünür ki, bu müraciətdən sonra Nikol Paşinyan yubanmadan bölgəyə səfər edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

XS
SM
MD
LG