Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:21

Formula-1 yarışlarında 400 min manatlıq yeyinti belə üzə çıxıb


Çingiz Mehdiyev
Çingiz Mehdiyev

Formula-1 yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə suçlanan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyev bu ittihamı qəbul etmir. Bunu aprelin 3-dəki məhkəmədə onun vəkili söyləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Ç.Mehdiyevə qarşı külli miqdarda mənimsəmə ittihamı üzrə araşdırmalar başlanıb. Məhkəmənin ilkin iclasında qərar verilib ki, sabiq şöbə müdiri istintaq müddətində olduğu kimi, məhkəmə prosesi gedən dövrdə də həbs olunmasın. Onun haqqında polis nəzarətinə vermə-qətimkan tədbiri qüvvədə saxlanılıb.

Bu cinayət işinin məhkəmə baxışına verilib araşdırılması məsələsi müzakirəyə çıxarılarkən Ç.Mehdiyevin vəkili müvəkkilinin özünü təqsirli bilmədiyinə diqqət çəkib.

"Biz ittihamların heç birini qəbul eləmirik...", - vəkilin sözləridir.

Cinayət işinin materiallarında 2016-2018-ci illərdə Formula-1 yarışlarının təşkilində 397 min manatdan çox vəsaitin yeyintisindən söz açılır. İddia edilir ki, yarışların təşkilində müxtəlif avadanlıq və geyimlərin qiyməti şişirdilib, nəticədə gərəkdiyindən daha çox vəsait ayrılıb. Ç.Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir.

Ona cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı da verilib. Keçmiş şöbə müdirinin həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürməsinə dair iddialar da cinayət işində əksini tapıb. İttihama görə, yarışların təşkili üçün avadanlıq alınması, xidmət göstərilməsi adıyla anasının şirkəti və sürücüsüylə müqavilələr bağlanıb.

"Qazanc qalmasından xəbərim yoxdur"

Ç.Mehdiyev istintaqdakı ifadəsində də özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, 2016-cı ildə Formula-1 Bakıda ilk dəfə keçirilirdi və hazırlıq üçün vaxt az idi. Yarışda lazım olan malları çatdıra bilən şirkət, yaxud da şəxs tapa bilmirdi. O səbəbdən anasının adına olan şirkət və sürücü ilə müqavilələr bağlayıb. Gərəkən malların alınması, xidmətlərin göstərilməsi üçün araşdırma aparıb, adamlar və şirkətlər tapıb, onların vasitəsilə problemi çözüb. Ç.Mehdiyev vurğulayıb ki, sürücünün hesabına köçürülmüş vəsaitlər də buna xərclənib: "Qazanc qalmasından xəbərim yoxdur. Qalıbsa da, Nərminə Əkbərova xərcləyib".

Onun sözlərinə görə, M.Abdullayev keçmiş həyat yoldaşının sürücüsü olub.

İstintaq dövründə Ç.Mehdiyevin keçmiş həyat yoldaşı N.Əkbərova və sürücüsü M.Abdullayev onun əleyhinə ifadə veriblər. Sürücü deyib ki, vergi ödəyicisi kimi qeydiyyatdan keçsə də, adına olan möhür və ASAN imzası özündə yox, Ç.Mehdiyevdə olub. Onun sözlərinə görə, sənədləri imzalasa da, mahiyyətindən xəbəri yox idi.

Xatırlatma

Ç.Mehdiyev haqqında araşdırmalar onun keçmiş həyat yoldaşı N.Əkbərovanın müraciəti əsasında, Korrupsiyaya Qarşı Mübarizə İdarəsindəki ilkin araşdırmalardan sonra başlanıb.

Keçmiş həyat yoldaşı iddia edir ki, Ç.Mehdiyev özünün və qardaşı Zaur Mehdiyevin adına xeyli əmlak alıb. Bu əmlaklar arasında Amerikada evlər də var.

XS
SM
MD
LG