Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:12

Yanacaq bahalaşıb, sürücülər sərfiyyatdan da şikayətlənirlər


Arxiv fotosu
Arxiv fotosu

Bu il iyulun əvvəlində Azərbaycanda Ai-92 markalı benzini və dizel yanacağı bahalaşandan sonra bəzi sürücülər benzin sərfiyyatının artmasından şikayət edirlər. Onlar iddia edir ki, əvvəl eyni həcimdə benzinlə daha böyük məsafələrə gedə bilirdilər.

İyulun 1-də Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1 manat 10 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

“Qiymət artımından əvvəl...”

Bakıda yaşayan Səid Ziyadzadə bildirir ki, dizel yanacağının sərfiyyatında artım var: “Qiymət artımından əvvəl 80 qəpikdən 70 litrik çəni tam doldurdum və 650 kilometr sürdüm. Amma dizel 1 manat olan vaxt tam 70 litr doldurdum və cəmi 500 kilometr sürə bildim”.

Sadiq Heydərov isə Aİ-92 markalı benzin işlədir və o da yanacağın keyfiyyətindən şikayətlənir: “Yanacaq sərfiyyatı fərqi əvvəlki ilə müqayisədə mənim maşınımda orta hesabla 5-6 litrdir. Maşınım 2.4 motordur və hər 100 kilometrə 13 litrdən 18-19 litrə qalxıb”.

Sürücülər iddia edirlər ki, bu problem benzin keyfiyyətindən qaynaqlanır.

'Məcbur olub mal-heyvanı satırıq' - Yanacağın bahalaşmasının fermerlərə təsiri
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

SOCAR: “Həqiqəti əks etdirmir”

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) isə şikayətlərlə bağlı “Turan”a bildirilib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 etilsiz avtomobil benzinləri texniki standartlarına cavab verir: “Bunu nəzərə alaraq, Aİ-92 benzininin daha tez sərf olunması barədə yayılan məlumat həqiqəti əks etdirmir”.

Qurumdan qeyd olunub ki, yay aylarında sürücülərin avtomobillərdə kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları benzinin daha çox sərfiyyatına səbəb ola bilər.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, ictimai rəyə görə, Azərbaycanda benzinin keyfiyyəti aşağıdır: “Bu işdən ən çox əzab çəkənlər təzə avtomobil satan distributorlardır. Onlar alıcılara zəmanət müddətini verir. Qısa bir müddətdə Azərbaycanda benzin keyfiyyətsizliyindən mühərrikin ən bahalı yerləri sıradan çıxır, alıcılar da avtomobili satan şirkətə dönüb tələb edirlər ki, mühərrik dəyişilsin. İllər ərzində Azad İstehlakçılar İctimai Birliyinə belə şikayətlər olub”.

“Ölkədə müstəqil laboratoriya yoxdur”

O qeyd edib ki, avtomobil sahibləri də benzinin keyfiyyətinə görə ziyana düşürlər. Onun sözlərinə görə, ölkədə müstəqil laboratoriya yoxdur: “Hətta müstəqil laboratoriya, xarici laboratoriyanın nəticələri də olsa belə, Azərbaycanda onun sənədi hüquqi sənəd hesab olunmur və məhkəmələr onu hüquqi sənəd kimi qəbul etmir”.

E.Hüseynov həmçinin vurğulayıb ki, şikayətlərə görə, bəzi yanacaqdoldurma məntəqələrində aparatlar düzgün işləmir, benzin daha az vurulur. Onun fikrincə, bu kimi problemlərin kökündə qanunvericilik durur:

“Ölkədə istehlakçı vəziyyəti bərbad vəziyyətdədir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun 1995-ci ildə qəbul olunub, ondan bəri həyat dəyişib. Dəfələrlə mən bu qanunun dəyişməsi ilə bağlı məsələni qaldırsam da, o dəyişməyib”.

Fəhlə qadınlar: 'Yanacağı niyə qaldırırlar? Zülm çəkirik'
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

“Məntiqlə, əgər zavod yenilənibsə, keyfiyyəti artmalıdır”.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna xatırladıb ki, uzun müddətdir Bakıda yerləşən neftayırma zavodları təmirə dayanmışdı: “Rəsmi xəbərlər də var idi ki, həmin neftayırma zavodlarının bəzilərindəki xətlərin təmiri bitib və artıq dizel yanacağı “Evro-5” standartına uyğundur, Aİ-92 markalı benzinin də keyfiyyəti artıb. Məntiqlə, əgər zavod yenilənibsə, keyfiyyəti artmalıdır”.

Onun fikrincə, deməli, burada keyfiyyət məsələsi yox, yanacaqdoldurma stansiyalarında ölçü ilə bağlı problemlər ola bilər: “Məsələn, aparatın ekranında görünənlə maşına real vurulan benzinin həcmi eyni olmaya bilər. Belə bir ehtimal daha yüksəkdir”.

N.Cəfərli hesab edir ki, bununla bağlı istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan dövlət qurumları vətəndaşların şikayətləri çərçivəsində yoxlamalar aparmalıdır: “Həm yanacağın keyfiyyəti, həm yanacaqdoldurma aparatları yoxlanmalıdır və vətəndaşlara məlumat verilməlidir”.

Mövzu ilə bağlı, hələlik, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə isə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG