Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:00

Akif Çovdarov həbsdən çıxan kimi boşanıb. Keçmiş həyat yoldaşı müsadirə olunmuş əmlakları istəyir


Akif Çovdarov
Akif Çovdarov

İbadət Çovdarovadan müsadirə edilən əmlakların bir hissəsinin geri qaytarılmasıyla bağlı ərizə daxil olub

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN-in) generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov 4 il öncə həbsdən buraxılandan dərhal sonra həyat yoldaşı ilə rəsmi şəkildə boşanıb. Ardından da məhkəməyə artıq keçmiş arvadından - İbadət Çovdarovadan müsadirə edilən əmlakların bir hissəsinin geri qaytarılmasıyla bağlı ərizə daxil olub.

AzadlıqRadiosunun əldə etdiyi bilgiyə görə, İ.Çovdarova müsadirə olunmuş əmlaklardan Abşeron rayonunun Mazasır kəndində hektarlarla torpaq sahəsinin və həmin ərazilərdəki tikililərin ona məxsus olduğunu bildirir. Masazırdakı Duz gölünün yaxınlığında yerləşən həmin torpaq sahəsində pomidor yetişdirilirmiş. Bu təsərrüfatqa anbarlar, ofis təyinatlı inzibati bina, başqa köməkçi tikililər və 3 istixana daxildir.

İ.Çovdarova iddia edir ki...

Qadının geri qaytarılmasını tələb etdiyi daha bir əmlaksa Kürdəmir rayonundakı 69 hektar ərazidə olan göllər, balıqçılıq təsərrüfatı və tikililərdir.

İ.Çovdarova iddia edir ki, bu əmlaklar keçmiş MTN generalı ilə birgə yaşayış dövründə əldə olunsa da, onun özünün və qohumlarının puluyla alınıb. O üzdən, A.Çovdarovun barəsindəki cinayət işi ilə əlaqədar müsadirə edilə bilməz.

Məhkəmədəki mənbənin AzadlıqRadiosuna verdiyi məlumata görə, İ.Çovdarova bu əmlakları geri almaq uğrunda gedən və üç ili aşan mübarizəsini indi də davam etdirir:

“İbadət Çovdarova bir sıra əmlak üzərində özünün tam pay hüququnun tanınmasını istəyir. Akif Çovdarov da bu iddiaya etiraz etmir, əksinə, müdafiə edir”.

Sabiq MTN generalının adından çıxış edən nümayəndəsi deyir ki, sözügedən torpaq sahələri və müəssisələr onların birgə vəsaiti hesabına əldə olunmayıb. Onları İ.Çovdarovanın özü və yaxın qohumları alıb.

Məhkəmələr bu iddiaları əsaslı və inandırıcı saymadığından təmin etmir.

Xatırlatma

Uzun illər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş A.Çovdarovun həbsindən sonra onun özünə və yaxınlarına məxsus 30 milyon manatdan artıq dəyərdə əmlakın üzərinə həbs qoyulmuşdu.

Bakı Hərbi Məhkəməsində hökm çıxarılarkən, Çovdarovun 12 illik həbsinə, əmlakların böyük əksəriyyətinin isə müsadirəsinə qərar verilmişdi.

Əmlaklarla bağlı qərardan Çovdarovun özüylə yanaşı, həyat yoldaşı, övladları da daxil, bir çox qohumları da yuxarı instansiya məhkəməsinə şikayət vermişdi.

Onların şikayəti əsasında müsadirə qərarı ləğv edilib, əmlaklar geri qaytarılsa da, bu dəfə prokurorluq həmin qərardan narazı qalmışdı. Bu üzdən, əmlakların müsadirəsinə dair məsələyə dəfələrlə apellyasiya instansiyasında və Ali Məhkəmədə baxılmış, nəhayət, 9 il sonra – 2024-cü ilin aprelində nöqtə qoyulmuşdu.

Aprelin 17-də Ali Məhkəmə A.Çovdarovun özü və yaxınlarına aid əmlakların müsadirəsi barədə yekun qərarını verib.

Əmlaklar

Müsadirə olunanlar arasında Bakının Nizami rayonundakı "8-ci kilometr bazarı" adlanan ticarət mərkəzindən tutmuş, Novxanı qəsəbəsində 1.5 milyon manatlıq iki bağ evi, Binəqədi və Nəsimi rayonlarında 6 və 7 mərtəbəli iki bina, paytaxtın mərkəzində yarım milyon manatlıq mənzil də daxil, çoxsaylı daşınmaz əmlak var.

A.Çovdarov Bakı Hərbi Məhkəməsində mühakimə olunarkən, ailə üzvlərinə məxsus əmlakların üzərinə həbs qoyulmasına belə münasibət bildirmişdi:

“Həmin əmlakların bəziləri övladlarıma, kürəkənlərimə məxsusdur. Kürəkənlərim öz əmlaklarını özləri alıblar. Mən öz yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt heç MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Onu da Mərdəkandakı torpağımı satıb almışam. Nazirlikdə işlədiyim dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən mənə bir ev verilib. O da icra hakimiyyətin sərəncamı əsasında verilib...”

A.Çovdarov 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması və 20-dən çox vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyat nəticəsində həbs olunmuşdu. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən sabiq MTN generalı 2020-ci ilin aprelində prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG