Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:38

'Elə qüvvə tapılmaz ki, 'hakimiyyət qollarında iqtisadi mənafe qrupları yaradacağam' desin'


'Xalq inamını itirib' - Son parlament seçkilərini digərlərindən əslində nə fərqləndirdi?
Gözlə

No media source currently available

0:00 0:10:20 0:00

'Xalq inamını itirib' - Son parlament seçkilərini digərlərindən əslində nə fərqləndirdi?

Sentyabr 16-da Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərinin protokollarını Konstitusiya Məhkəməsinə təqdim etdi. Seçkinin gedişi ilə bağlı bir çox şikayətlər olsa da, MSK heç bir dairədə nəticələrə təsir etməməklə, ümumilkdə 40-dan çox məntəqədə nəticələri ləğv elədi. Bu qurum seçkilərin yüksək səviyyədə keçirildiyini açıqladı. Amma bir sıra müxalifət qüvvələri də bildirdilər ki, seçkilər əvvəlcədən hazırlanan siyahılar əsasında gerçəkləşib.

Azərbaycanda bundan əvvəlki seçkilərdə də “deputatların siyahı əsasında təyin edildiyi” ilə bağlı iddialar səslənib. Amma eyni zamanda deyilib ki, parlamentdə ayrı-ayrı müxtəlif hakimiyyətdaxili qruplaşmaların təmsilçiləri də olub. Bu dəfə necədir, lider namizədlərin tərkibində qruplaşmalar varmı?

Milli Məclisin VI çağırış deputatı Zahid Oruc “Turan”a bildirib ki, “zəfər dövrünün parlamentinin” 1990 və xüsusilə 2000-ci illərin leksikonu ilə qiymətləndirilməsi çox yanlışdır:

“Sözügedən versiyaları informasiya platformalarında yayanlar bir qədər köhnə qüvvələrdilər. Bəlkə də onlar yeni ifadələrdən, təhlillərdən yararlansaydılar, tənqid üçün özünəməxsus arqumentləri tapa bilərdilər”.

MSK kameralarının qeydə aldığı topa bülletenlər
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

“Parlamenti o cür qələmə vermək çox yanlışdır”

Z.Orucun fikrincə, parlamenti oliqarxların, hakimiyyət içərisindəki hər hansı qruplaşmanın mənafeləri istiqamətində parçalamaq, o cür qələmə vermək çox yanlışdır: “Düşünürəm ki, Vətən müharibəsində (2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi) qələbə qazanan dövlət başçısının rəhbərliyi altında hökumətin içərisində kiminsə lokal siyasi maraqlarına tabe olan insanları hakimiyyət qollarına yerləşdirərək belə avtonom mübarizə aparması sadəcə ağlasığmazdır”.

O, qeyd edib ki, bu ilin prezident seçkilərində xalq prezident İlham Əliyevə çox yüksək etimad göstərib: “Bunun fonunda elə bir qüvvə tapılmaz ki, “mən hakimiyyət orqanlarında, qollarında iqtisadi mənafe qrupları yaradacağam, siyasi maraq daşıyıcılarım olacaq və orada onlar ali rəhbərinin siyasi xəttini deyil, mənim maraqlarımı qoruyacaq” desin”.

Onun fikrincə, hansısa xırda qanun pozuntusunu ümumiləşdirib onu diplomatların, iqtisadçıların, siyasətçilərin cəmləşdiyi Milli Məclisə ictimai etimadsızlıq kimi qələmə vermək yanlışdır: “Son 16 gündə informasiya mühitinə daha çox parlament seçkilərində məğlub olanların mövqeləri təqdim olunur. Onların bir qismi hakim partiyanın siyahısında olmadıqlarından bu mövqeni tuturlar, bir qismi də seçki təbliğatı üçün rəsmən ayrılmış məkanları boş qoyan, vətəndaşın ayağına getməyən, amma uzun illər 'Qələbə meydanını, Azadlıq Meydanını bizə versəydilər, hakimiyyətinin taleyini bir gün içində həll edərdik' deyən alternativ qüvvələrdir. Azərbaycanda ilk dəfə idi ki, bütün namizədlər xalqın qarşısına Qarabağ, işğal, torpaq mövzusunda getmirdi”.

MSK-nın quraşdırdığı müşahidə kameralarından seçki qutusu görünmür
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

“Parlamentdə yalnız hakim ailənin maraqlarına...”

Siyasi şərhçi Nəsimi Məmmədli də AzadlıqRadiosuna deyib ki, Azərbaycan parlamentində indi ayrı-ayrı qrupların təmsil olunduğuna inanmır: “Azərbaycan hakimiyyəti kifayət qədər monolitdir və parlamentdə yalnız hakim ailənin maraqlarına xidmət edən şəxslər təmsil oluna bilər”.

Onun sözlərinə görə, əvvəllər parlamentdə istər sosial qrupların, istərsə də klanların təmsilçiləri olmuşdu: “Amma son illər birmənalı şəkildə Milli Məclis yalnız hakim ailənin müəyyən etdiyi bir siyahı əsasında formalaşır. Ona görə də burada hansısa bir qrupların özəl maraqlarını təmin etməsi üçün təmsilçiliyinə inanmıram”.

Ekspert qeyd edib ki, parlamentin yeni tərkibinin 70 faizi köhnə tərkibdən ibarət olacaq: “88 nəfər əvvəlki heyətdən qalır. Bu da kifayət qədər böyük bir rəqəmdir. Təəssüf ki, bu gün Milli Məclisə ali icra hakimiyyətinin siyasi təsiri o qədər güclüdür ki, cəmiyyətin istər köhnə, istər təzə parlamentdən pozitiv gözləntisi yoxdur”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu il sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin hesabatında vurğulandı ki, mövcud şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib. MSK isə hesab edir ki, seçkilər yüksək səviyyədə keçirilib. İndi qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisə seçkilərin yekunları və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.

Xatırlatma

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. 125 mandat uğrunda 990 namizəd mübarizəyə qoşulub. Əslində parlament seçkiləri bu ilin noyabrında gözlənirdi. Hakim YAP həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək bundan əvvəlki (VI çağırış) parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etdi. Təşəbbüs parlamentdə qəbul edildi və seçki tarixi bir neçə ay önə çəkildi.

XS
SM
MD
LG