Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:20

AŞPA-da Azərbaycanla bağlı müzakirə keçirilib


Avropa Şurası Parlament Assambleyası oktyabrın 1-də keçirilən iclasında təşkilatın oktyabrın 4-dək davam edəcək payız sessiyası üçün yekun gündəliyini təsdiq edib.

Gündəliyə “Azərbaycanda insan haqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyət barədə” məsələ də daxil edilib.

AŞPA deputatları oktyabrın 1-də günorta saatlarında gündəliyin bu bəndi ilə bağlı müzakirə keçiriblər.

Müzakirə zamanı bəzi AŞPA üzvləri, o cümlədən Gürcüstan nümayəndəsi Givi Mikanadze, Serbiya nümayəndə heyətinin üzvü Elvira Kovaç, Türkiyə nümayəndəsi Zeynep Yıldız bu məsələnin müzakirəsinin məqsədəuyğunluğunu şübhə altına alıblar.

Mikanadze bildirib ki, Azərbaycan nümayəndələri olmadan Azərbaycanın məsələsinin müzakirə olunması düzgün sayılmamalıdır.

O vəziyyətin müzakirə olunması üçün yenicə seçilmiş Azərbaycan parlamentinin yeni heyəti ilə birbaşa kommunikasiya qurulmasını təklif edib.

Lakin Mikanadzenin bu təklifi kifayət qədər dəstək toplaya bilməyib.

Əksər çıxışçılar Azərbaycanı tənqid ediblər

Gündəliyin müzakirəsində çıxış edənlərin əksəriyyəti Azərbaycanda insan haqlarının pisləşməsini, fundamental azadlıqlarını pozulmasını, Azərbaycanda keçirilən prezident və parlament seçkilərinə AŞPA müşahidəçilərinin dəvət olunmamasını tənqid edib.

Bundan başqa bəzi çıxışçılar BMT iqlim konfransının Bakıda keçirilməsinin məqsədəuyğunluğunu sual altında alıblar.

Tənqidçilər vurğulayıblar ki, Azərbaycan onun nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənməyəndən sonra AŞPA ilə dialoqa çalışmaq əvəzinə qarşıdurma yolunu seçib.

Ermənistan nümayəndəsi Armen Gevorkyan deyib ki, Azərbaycanda regionda gərginlik ocağı yaradıb və bir çox beynəlxalq təşkilatlar, o cümlədən AŞPA üçün risk faktorudur.

Gevorkyan habelə Azərbaycanı Qarabağın erməni əhalisinin “etnik təmizlənməsində” ittiham edib.

Yenə Şvabe

Almaniya nümayəndəsi Frank Şvabe (Frank SCHWABE) deyib ki, əgər AŞPA ayrı-ayrı ölkələrə onun qaydalarını pozmaq imkanı yaratsa, bir qurum kimi iflasa uğraya bilər.

Almaniyalı deputat da vurğulayıb ki, bu ilin yanvarından ötən müddətdə fəalların həbsləri davam etdirilib. Onun sözlərinə görə Vaslav Havel insan haqları mükafatının laureatı Anar Məmmədli, həmin mükafata bu il nominasiya edilmiş Akif Qurbanlı da həbsdədirlər.

Leyla Yunusun məkrubuna istinad etdiyini bildirən Şvabe deyib ki, hazırkı siyahıya görə Azərbaycanda siyasi məhbusların sayı 329 nəfərə çatıb.

Rəsmi Bakı Azərbaycanda siyasi məhbusların olmasına dair ittihamları rədd edir və bildirir ki, sözü gedən şəxslər konkret cinayət əməllərinə cəza çəkirlər.

Bundan əvvəl

Bu ilin yanvarında AŞPA Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməyib. Buna cavab olaraq Azərbaycan da qurumda fəaliyyətini dayandırıb. Üstəlik, bir müddət öncə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş deputatların arzuolunmaz şəxslər siyahısına salındığını bildirib.

Bu qərar hələ verilməmişdən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumla işbirliyini qeyri-müəyyən müddətə dayandırdığını elan edib. Nümayəndə heyətinin bəyanatında deyilirdi ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra "qarayaxma kampaniyası" ilə üzləşib.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxt Azərbaycan insan hüquqları və bir sıra başqa məsələlərlə bağlı qurum qarşısında öhdəlik götürüb. Ölkə hələ də AŞPA-nın monitorinqi altındadır.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla (Qarabağ daxil) ərazilərinə nəzarəti bərpa edib. Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.

Ötən il Qarabağda aparılan birgünlük əməliyyatı Ermənistan "etnik təmizlənmə" adlandırmışdı. Həmin vaxtdan sonra da Qarabağdan erməni əhali köç edib.

XS
SM
MD
LG