Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:30

Bortnikov: Qərb Ermənistanın KTMT-dən çıxmasına cəhdlər göstərir


Aleksandr Bortnikov
Aleksandr Bortnikov

Qərb ölkələri Ermənistanda özlərinə “ayaqyeri” etmək üçün Yerevanın Rusiyanın başçılığı altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını istəyirlər.

Bunu oktyabrın 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov deyib:

“Daha münasib silah təchizatı və təhlükəsizlik qarantiyaları müqabilində Qərb Yerevanın KTMT-dən çıxmasına nail olmaq istəyir. Bu, Yerevanı Bakı ilə münasibətlərində NATO-dan daha çox asılı edərdi. Və NATO-nun dünyanın müxtəlif yerlərində bundan əvvəlki vasitəçilik təcrübəsi göstərir ki, bu blokun Cənubi Qafqazda möhkəmlənməsi regionun sabitliyinə xidmət etmir”.

Keçmiş sovet respublikaları təhlükəsizlik başçılarının Qazaxıstanda keçirilən iclasında Bortnikov iddia edib ki, Yerevanı Bakı ilə danışıqları uzatmağa təhrik edən Qərb Azərbaycan-Ermənistan sülh prosesinə sahiblənməyə və regiona BMT kontingenti adı ilə NATO sülhməramlılarının yerləşdirilməsinə can atır.

Aleksandr Bortnikov məhz bu bucaqdan çıxış edərək Ermənistanda Azərbaycanla sərhəd boyunca Avriopa İttifaqı müşahidə missiyasının yerləşdirilməsini tənqid edib.

O Aİ müşahidəçilərini Rusiya və onun partnyorlarının marağı əleyhinə və spesifik NATO ölkəsi üçün kəşfiyyat tapşırığı yerinə yetirməkdə ittiham edib.

Avropa İttifaqı Bortnikovun iddialarını rədd edib

Avropa İttifaqı Bortnikovun iddialarını rədd edib və bildirib ki, Moskva hazırda nəinki Qərblə, hətta özünün köhnə müttəfiqi Ermənistanla da qarşıdurmadadır.

Avropa İttifaqının xarici siyasət məsələləri sözçüsü Peter Stano Armenpress agentliyinin suallarına cavab verərkən deyib:

“Bu bəyanatlar cəfəngiyyat, adi yalanlar və Rusiya rejiminə xas manipulyasiyalarla doludur. Rusiya Ermənistanın qarşısında vəd və öhdəliklərini dəfələrlə yerinə yetirə bilməyib”.

Paşinyan ötən həftə keçirilən II Qlobal Erməni Sammitindəki çıxışında demişdi ki, “dönüşü mümkün olmayan nöqtə” anlayışı var.

“Biz bu nöqtəni hələ keçməmişik, amma hazırda belə bir hadisənin baş verməsinin böyük ehtimalı var”.

Ötən may ayından bəri Ermənistan KTMT—nin maliyyələşdirilməsini dayandırıb.

Elə həmin ay Rusiya prezidenti Vladimir Putin və baş nazir Nikol Paşinyan razılığa gəliblər ki, Rusiyanın sərhəd qoşunları yalnız Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədində xidməti davam etdirəcək, başqa yerlərdən isə çıxarılacaqlar.

Paşinyan və Ermənistan rəsmiləri bildirirlər ki, Yerevan özünün xarici siyasət oriyentasiyasını dəyişir, çünki Rusiya Ermənistan qarşısında öhdəliklərinə əməl etməyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG