Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:26

HƏMAS-ın İsrailə hücumundan bir il keçir


Kibbuts Reymdə anım mərasimi
Kibbuts Reymdə anım mərasimi

Bu gün – oktyabrın 7-də HƏMAS radikallarının İsrailə hücumundan bir il keçir. Həmin hücum zamanı min 200 nəfər öldürülüb, 250 nəfər girov götürülüb. Bu arada İsrail ordusu Beyruta kütləvi hava zərbələrini və Livanın cənubunda quru əməliyyatlarını davam etdirir. Əməliyyatların məqsədinin İrana bağlı Hizbullah qruplaşmasını məhv etmək olduğu bildirilir.

ABŞ həm HƏMAS, həm də Hizbullahı terrorçu təşkilat hesab edir.

Oktyabrın 7-də səhər 6:29-da, yəni Kibbutz Reymdə Nova musiqi festivalına hücumun başladığı vaxt bir dəqiqəlik sükutla anılıb. Festivalda yüzlərlə gənc öldürülmüşdü. İsrail prezidenti İsaak Hersoq mərasimə başçılıq edib.

İsrail ordusu bildirir ki, Hersoqun apardığı mərasim vaxtı Qəzzadan ötənilki hücumda hədəfə alınmış İsrail icmalarına dörd raket atılıb. Ancaq mərasimin gedişatı pozulmayıb.

Hazırda HƏMAS əsirliyində 100-dək girov qalır, onların çoxunun öldüyü güman edilir. Girovların qohumları Yerusəlimdə (Qüds) baş nazir Binyamin Netanyahunun iqamətgahı qarşısına yığışıb, sükut aksiyası keçiriblər. Bu zaman sirena səsi eşidilib, girov yaxınları bunun, hökumətin onların əzizlərinin həyatını xilas edə bilməməsinə etiraz olduğunu deyiblər.

Beyrut ətrafına zərbələr

Tehran “bütün uçuş qadağaları”nı aradan qaldırıb. Bundan öncə İran aeroportları “əməliyyat məhdudiyyətləri” səbəbilə oktyabrın 6-da axşam 9-dan 7-si səhər 6-dək qapadılmışdı.

Bu arada İsrail Livanın paytaxtı Beyrutun cənub ətrafına havadan kütləvi zərbələr endirib. İsrail həmçinin ötən həftə ərazisinə İranın kütləvi raket zərbəsindən sonra ona cavab zərbəsini götür-qoy etməkdədir.

İsrailin müdafiə naziri Yoav Qallant oktyabrın 6-da İranı hədələyib ki, Tehran onun ölkəsinə gələcəkdə də ziyan vurmağa cəhd göstərərsə, sonucda Beyrut, yaxud Qəzzaya bənzəyə bilər. Qallant iranlıların raket zərbəsinin İsrailin hava qüvvələrinə toxunmadığını, heç bir təyyarəyə ziyan dəymədiyini vurğulayıb.

İsrail bundan öncə Hizbullahın silah anbarları və infrastruktur saytlarına “hədəfli zərbələr” endirdiyini bildirib.

Livanın rəsmi Milli Xəbər Agentliyi Hizbullahın istehkamına azı 30 zərbə endirildiyini, yanacaqdoldurma məntəqəsinin, tibbi ləvazimatlar anbarının vurulduğunu yazıb. Müşahidəçilər bunun İsrailin son dövrlər ən güclü hava zərbəsi olduğunu deyirlər.

İran İsrailə qarşı: Böyük müharibə riski var
Gözlə

No media source currently available

0:00 0:08:47 0:00

Haşim Səfiəddindən, İsmail Qaanidən xəbər yoxdur

İsrail günlərdir Beyrutun ətrafını bombalayır, qruplaşma lideri Seyid Həsən Nəsrullahın, eləcə də onun mümkün varisi Haşim Səfiəddinin öldürüldüyü bildirilir.

Təhlükəsizlik mənbələri Səfiəddinlə oktyabrın 4-dən bəri təmas qurulmadığını deyirlər. İsrailin Beyrut beynəlxalq aeroportu yaxınlığına zərbəsinin məhz onu hədəf aldığı deyilir. Hizbullah isə Səfiəddinlə bağlı şərh verməyib.

Nəsrullah sentyabrın 27-də qruplaşmanın Beyrutdakı mərkəzi komandanlığına zərbə nəticəsində qətlə yetirilib.

İranın İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin komandiri İsmail Qaani də Livana gedəndən sonra ondan xəbər çıxmayıb. Bunu İranın iki təhlükəsizlik rəsmisi oktyabrın 6-da “Reuters” agentliyinə deyib.

Oktyabrın 6-da Təl-Əvivin ən mühüm müttəfiqi olan Birləşmiş Ştatlardan gələn bəyanatlar İsrailin hərbi əməliyyatların miqyasından məyusluğu büruzə verib.

Dövlət Departamentinin sözçüsü bəyanatında deyib ki, Vaşinqton İsrailin ekstremist elementlərə qarşı tədbirlərini dəstəkləyir, ancaq ABŞ liderləri mülki infrastrukturun hədəfə alınması tərəfdarı deyil.

“Hər bir mülki itki belə həddən artıq çoxdur”, – sözçü deyib.

Livanda dağıntılar
Livanda dağıntılar

Livanda və Qəzzadakı itkilər

İsrailin oktyabrın 5-də yaydığı məlumata görə, Livanın cənubunda quru əməliyyatlarında 440 Hizbullah döyüşçüsü öldürülüb, 2 min Hizbullah hədəfi dağıdılıb. İsrailin 9 əsgəri də həlak olub.

Livanın Səhiyyə Nazirliyi son münaqişədə 2 minədək insanın öldürüldüyünü bildirir. Onların çoxu sentyabrın 23-dən bəri həyatını itirib.

İsrail bildirir ki, Hizbullaha hücumların məqsədi onminlərlə vətəndaşın İsrailin şimalına təhlükəsiz qayıtmasını təmin etməkdir. Ötən oktyabrdan bəri qruplaşma sözügedən ərazini bombalayır.

HƏMAS radikalları ötən il oktyabrın 7-də İsrailin cənubuna hücum edərək 1200 nəfəri qətlə yetirib, 250 nəfəri girov götürüb.

O vaxtdan Qəzzada İsrail ilə fələstinli silahlılar arasında müharibədə 42 minə yaxın fələstinli öldürülüb. Bunu Qəzzadakı tibb rəsmiləri bildirir. Ancaq ölənlərin neçəsinin silahlılar olduğu açıqlanmır.

Oktyabrın 6-da İsrail polisi bildirib ki, ölkənin cənubunda Beerşeba şəhərində hücum olduğu bildirilən atışmada bir neçə nəfər yaralanıb.

Fələstin rəsmiləri İsrailin oktyabrın 6-da səhər Qəzzada məscidə zərbəsindən azı 19 nəfərin həlak olduğunu bildirib. Həmin şəxslərin evlərindən didərgin düşənlər olduğu açıqlanıb. İsrail ordusu isə silahlıları hədəf aldığını deyib. Məlumatları müstəqil təsdiqlətmək mümkün olmayıb.

XS
SM
MD
LG