Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:01

Azərbaycan futbolu Foqtsla…


34 oyunda rəqib qapılarından cəmi 24 top keçirdən Azərbaycan yığması öz qapısından 54 top buraxıb
34 oyunda rəqib qapılarından cəmi 24 top keçirdən Azərbaycan yığması öz qapısından 54 top buraxıb
BERTİ FOQTSLA RƏSMİ 2 QƏLƏBƏ…

Alman məşqçi Berti Foqtsun rəhbərliyi altında Azərbaycan yığması indiyədək 34 oyun keçirdib. Bu oyunların 7-si qələbə, 9-u heç-heçə, 18-i isə məğlubiyyətlə nəticələnib. Qələbələrin də yalnız 2-si rəsmi oyunların payına düşür. Lixtenşteyn və Türkiyə millisi qarşısında minimal qələbələr. Qalan qələbələr yoldaşlıq oyunlarında baş verib. Ümumilikdə, 34 oyunda rəqib qapılarından cəmi 24 top keçirdən Azərbaycan yığması öz qapısından 54 top buraxıb.

Berti Foqts Azərbaycan yığmasını 2008-ci ildən çalışdırır. Yeri gəlmişkən, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin AFFA-nın rəhbərliyinə gətirilməsi də həmin ilə təsadüf edir.

«Berti Foqts hər ay Azərbaycandan 100 min avroya yaxın pul alır. Onun illik müqaviləsi təxminən 1 milyon avrodur».

Bunu «Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli deyir. Onun fikrincə, ortada olan nəticəni bu qədər pul xərcləmədən də asanlıqla əldə etmək olar. Halbuki, bundan o yana pis nəticə də heç yaşanmayıb. Yığmaya xərclənən pullar və Berti Foqtsa verilən maaş komandanın oyunları ilə adekvat deyil:

«AFFA RƏHBƏRLİYİ BERTİ FOQTSA DESİN Kİ, SƏNİNLƏ YOLLARIMIZ AYRILIR»

«Burada yeganə bir iş qalıb. AFFA rəhbərliyi Berti Foqtsa desin ki, səninlə yollarımız ayrılır. Onu istefaya göndərmirlərsə, bunun artıq heç bir izahatı yoxdur. Məntiq etibarı ilə, sonuncu məğlubiyyətdən sonra Berti Foqts istefaya göndərilməlidir».

Berti Foqts
Martın 29-da Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması Belçika futbolçularına səfərdə 4-1 hesabı ilə məğlub oldu. Bəzi istisnalar nəzərə alınmasa, demək olar ki, bütün oyun boyu Azərbaycan yığması meydanın özünə aid hissəsində qapısından top buraxmamaq uğrunda mübarizə apardı. Meydanın mərkəzində komandanın oyunu demək olar ki, yox dərəcəsində idi. Belə bir vəziyyətdə Belçika futbolçularının hər qoldan sonra sevinmələri bir qədər təəccüblü də görünürdü.

Matçdan sonra Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bildirib ki, istefa verməyə hazırdır. «İstefa? Lazım olsa, problem yoxdur. Hər şeyi AFFA həll edir», - deyə o, bu barədə fikrini yekunlaşdırıb. Berti Foqts rəqibin onlardan üstün olmasından, sürətli oynamasından, ilk qolu buraxdıqdan sonra yaxşı oynayıb hesabı bərabərləşdirdiklərindən də danışıb. Deyib ki, oyunun axarını Azərbaycanın qapısına təyin edilən lazımsız penalti dəyişdirdi. «Lazımsız» adlandırılan həmin penalti cərimə meydançasında topa baş əvəzinə əllə toxunulduğu üçün təyin edilmişdi. Mütəxəssislərin fikrincə, burada hakimlik bir iş yox idi.

AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov isə düşünür ki, baş verənlərdə məşqçilik bir iş yoxdur. Sadəcə, onun yaxşı komanda yaratması üçün oyunçu qıtlığı var. Çingiz İsmayılov qeyd edir ki, Bakının «Neftçi» və Ağdamın «Qarabağ» klublarından başqa əksər klublarda sözün əsl mənasında meydan legionerlərə verilib.
Çingiz İsmayılov
Ona görə də bəzi hallarda Berti Foqts klublarda ehtiyatda saxlanılan oyunçuları yığmanın əsas heyətinə daxil etmək məcburiyyətində qalır.

Onda ortaya belə bir sual çıxır: klublarda yerli futbolçuların inkişafı üçün hələ tam münbit şərait yoxdursa, bəlkə bu qədər pulu əcnəbi məşqçiyə vermək də tezdir?

Çingiz İsmayılov deyir ki, bunun məntiqi səbəbi var.

«AZƏRBAYCAN BAŞ MƏŞQÇİ İLƏ MÜQAVİLƏNİ POZMAQ İSTƏSƏ...»

«Müqaviləni birtərəfli pozmaq qeyri-mümkündür. Çünki FIFA, UEFA bu kimi məsələlərdə həmişə futbolçuların, məşqçilərin tərəfində olur. Onların mənafeyini müdafiə edir. Azərbaycan baş məşqçi ilə müqaviləni pozmaq istəsə, bu pulu onsuzda ona axıra kimi verməlidir. Bu, danışıqdan keçir və heç cür dəyişmək olmaz. Ona görə də burada Foqtsda bir günah görmürəm».

Çingiz İsmayılovun fikrincə, vəziyyəti düzəltmək üçün əslində AFFA klublara təsir etməlidir ki, onlar yerli futbolçuların inkişafına daha çox diqqət artırsınlar.

Klubların zəif legionerlərə maraq göstərməsi də əslində, bir başqa söhbətin mövzusudur. Bəzi iddialara görə, zəif legionerləri gətirməklə Azərbaycan futbolunda «çirkli pullar»ın yuyulması prosesi aparılır.

Yaxşı yığma yaratmaq üçün oyunçu qıtlığı var
AFFA-nın indilikdə sərgiləyəcəyi mövqe isə hələ bəlli deyil. Qurumun mətbuat xidmətindən bildirdilər ki, rəhbərlik hələ Belçikadan qayıtmadığı üçün suallarımızı cavablandıra bilməyəcəklər. Ona görə söhbətimizi Berti Foqts haqqında qısa bir arayışla yekunlaşdırası olduq.

Əsl adı Hans-Hübert Foqts olan Berti Foqts Azərbaycandan bir qədər əvvəl - 2002-2004-cü illərdə Şotlandiya millisinə baş məşqçilik edib. Həmin dövr Şotlandiya yığması Hollandiyaya 6-0, Fransaya 5-0, Uelsə 4-0 hesabı ilə məğlub olub. Dünya futbolunda çox zəif komanda sayılan Farel Adaları yığmasıyla isə 2-2 – heç heçə oynayıb.

Əlbəttə ki, onun xidmətləri də danılmazdır.

Münhenqladbaxın «Borussiya» klubunda (sağ müdafiəçi) 5 dəfə Almaniya çempionu, bir dəfə Almaniya kubokunun və iki dəfə UEFA Kubokunun sahibi olub.
1974-cü ildə - Almaniya yığması ilə futbolçu kimi dünya, 1996-cı ildə isə baş məşqçi kimi Avropa çempionu olub. Bunlar faktdır. Amma o da faktdır ki, Berti Foqts 1998-ci ildə - dünya çempionatının 1/4 finalında Xorvatiya millisinə böyük hesabla uduzduqdan sonra millinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.

Bundan sonra o, 2001-2002-ci illərdə Küveyt, 2007-2008-ci illərdə Nigeriya milli komandasının baş məşqçisi olub. 2008-ci ildən isə Foqts Azərbaycan yığmasını çalışdırır. Və bunların 3-ü də neft ölkəsidir.

Foqtsla Azərbaycanda müqavilə uzadılmazdan əvvəl «Foqtsla ildırımlı yollarla» adlı filim çəkilmişdi. İndi Foqtsla hansı yol gedilir, bu, bəlli deyil?
XS
SM
MD
LG