Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:04

Polisi qətldə günahlandıran vəkil məhkəməyə verildi


BŞBPİ VƏKİLİ BÖHTAN ATMAQDA TƏQSİRLƏNDİRİR

Bakı Şəhər Baş Polis İdarəsi Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edərək vəkil barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət işi başlanmasını xahiş edib. Baş polis idarəsinin rəhbərliyi hesab edir ki, vəkil mətbuat səhifələrində Elvin Əsgərovu polislərin işgəncələr verərək öldürməsini söyləməklə polisə böhtan atır.

Bakı Şəhər Baş Polis İdarəsinin şikayətini məhkəmə qəbul edilib və hakim Elçin Qurbanovun icraatına verilib.

«BU İŞDƏN GERİ ÇƏKİLMƏYƏCƏM»

Vəkil Xalid Bağırovsa hesab edir ki, onu cinayət məsuliyyətinə cəlb etdirməklə polis özünü sığortalayır. Məqsəd Elvin Əsgərovun ölümünün əsl səbəblərini ört-basdır etməkdir. Xalid Bağırov:

«Polisin mənə qarşı xüsusi ittiham qaydasında şikayət verməsini bir vəkil kimi özümə qarşı təzyiq hesab edirəm. Bu, ona görədir ki, bu işdən bir vəkil kimi geri çəkilim. Bir vəkil kimi ictimaiyyətə bildirmək istəyirəm ki, bu işdən geri çəkilməyəcəyəm, Elvin Əsgərovun ailəsini məhkəmələrdə və digər orqanlarda müdafiə edəcəyəm».

Bu il yanvarın 13-də baş vermiş hadisədən bir neçə gün sonra Baş Prokurorluq məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, gecə saatlarında Elvin Əsgərov və başqaları sərxoş halda ictimai qaydanı pozublar. Bu məlumata görə, onlar Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən qaçmağa başlayıblar. Bu zaman Elvin Əsgərov özündə olan açılıb-qatlanan bıçaqla onu təqib edən üç polis əməkdaşına bədən xəsarətləri yetirib.

Vəkil Xalid Bağırov
Prokurorluğun məlumatında daha sonra da deyilirdi ki, Elvin Əsgərov bundan sonra da hadisə yerindən qaçmaqda davam edərkən bir neçə dəfə yerə yıxılıb. Tutularaq 24-cü polis bölməsinə aparılıb, səhhəti pisləşdiyindən çağırış əsasında təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Prokurorluğun məlumatına görə, ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o sonradan vəfat edib.

«OĞLUMU POLİS ÖLDÜRÜB, İNDİ DƏ VƏKİLƏ TƏZYİQ EDİR»


Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Elvin Əsgərovun anası Roza Rəfiyeva isə hesab edir ki, oğlu polis işgəncəsi ilə öldürülüb:

«Polis mənim oğlumu öldürüb. Özləri də yaxşı bilirlər ki, polis öldürüb. Bu işi uzadıb-uzadıb bağlamaq istəyirlər. Döyüblər, elektroşoka veriblər. 24-cü polis bölməsindən ölümcül halda aparıblar xəstəxanaya, əvvəl istəyiblər elə yazdırsınlar ki, guya «bomj»dur, küçədə maşın vurub, ancaq sonra 24-cü bölmədən gətirildiyini yazıblar».

O, vəkilə qarşı cinayət işi qaldırılması iddiasını isə oğlunun ölümünün ört-basdır olunması məqsədi ilə izah deyir.

Roza Rəfiyeva
Roza Rəfiyeva
deyir ki, oğlunun ölümü ilə əlaqədar bir neçə vəkilə müraciət etsə də, vəkillər müxtəlif bəhanələr gətirərək onunla müqavilə bağlamaqdan imtina ediblər. «İmtina edirdilər. Mənə elə gəlir ki, onlar nədənsə ehtiyat edirdilər. Bir Xalid Bağırov ürəkli çıxdı, indi də onu bu yolla geri çəkindirmək, mənim oğlumun qanını batırmaq istəyirlər».

«HƏR ŞEY İSTİNTAQIN SONUNDA BƏLLİ OLACAQ»


DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyir ki, Roza Rəfiyevanın polisə qarşı yönəlmiş ittihamları onun subyektiv fikridir. İstintaqın sonunu gözləmədən, polis əməkdaşlarını günahlandırmaq düzgün deyil. Bunlar istintaqın işinə müdaxilə kimi qiymətləndirilə bilər. Həm də nəzərə almaq lazımdır ki, yanvarın 13-də baş vermiş məlum hadisə zamanı Elvin Əsgərov onu intizama dəvət etmək istəyən, ictimai asayişi qoruyan polis əməkdaşlarına bıçaqla müxtəlif xəsarətlər yetirmişdir. Lakin maraqlıdır ki, nədənsə bu barədə heç kim danışmaq istəmir.

VƏKİLLƏRƏ QARŞI TƏZYİQİN YENİ FORMASI

Vəkil Xalid Bağırov isə deyir ki, son vaxtlar vəkillərə qarşı təzyiqlərin yeni formaları ortaya çıxıb:

«Bəlli olduğu kimi, bundan əvvəl başqa bir vəkil prokurorluğun təqdimatı ilə Vəkillər Kollegiyasından uzaqlaşdırıldı. Polis, prokurorluq orqanları vəkillərə qarşı belə aksiyalar həyata keçirirlər, Yəqin ki mənə qarşı Yasamal rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət də bu tendensiyanın davamıdır».

Hüquqşünas Namizəd Səfərov deyir ki, Vəkillər Kollegiyasının 800 üzvü arasında çox az vəkil tapmaq olar ki, heç nədən çəkinmədən dövlət orqanlarına qarşı vətəndaşın hüquqlarını sona qədər tab gətirib müdafiə edə bilsin:

Namizəd Səfərov
«Son zamanlar Osman Kazımova, həmçinin bu vəkilə qarşı atılan addımlarda görürük ki, Daxili İşlər Nazirliyi, Prokurorluq, Vergilər Nazirliyinin və digər dövlət orqanlarının şikayətləri əsasında guya onların şərəf və ləyaqətlərinin təhqir olunması, düzgün olmayan məlumatlar dərc etməmələri bəhanəsi ilə vəkillərə qarşı xüsusi ittiham qaydasında iş qaldırırlar. Bu da vəkilləri qorxutmaq, tutduqları yoldan çəkindirmək məqsədi daşıyır. Sonda da görürük ki, bu, həmin vəkillərin Vəkillər Kollegiyasından çıxarılmaları ilə nəticələnir».

Namizəd Səfərov hesab edir ki, Vəkillər Kollegiyası öz vəkillərini müdafiə etməli, vəkillərə qarşı təzyiqlərə son qoyulmalıdır.

Fevral ayında tanınmış vəkil Osman Kazımov da Baş Prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı ilə Vəkillər Kollegiyasından çıxarılmışdı.
XS
SM
MD
LG