Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:16

Sabirabad və Saatlıda gün hansı yandan çıxıb?


Martın 30-da Sabirabadda, daha sonra isə Saatlıda yerli sakinlər etiraz aksiyası keçirməyə cəhd etdilər. Əvvəl Sabirabadda başlayan aksiyaya rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov da gəldi. O, sakinlərin şikayətlərini dinlədi, suallarını cavablandırdı, problemlərinin araşdırıldıqdan sonra tez bir zamanda həll olunacağını vəd etdi:

SABİRABAD İCRA BAŞÇISI AKSİYAYA GƏLDİ

«Kimin nə dərdi var, nə problemi var, gəlsin İcra Hakimiyyətinə, araşdıraq, görək, nə məsələdir».

Sabirabadın icra başçısı sakinlərin tələblərini dinlədiyi, bir masa arxasında əyləşib çay içdiyi vaxt Saatlı sakinlərinin aksiyaya hazırlıq xəbəri gəldi. Ancaq aksiyanın keçiriləcəyi körpünün yaxınlığı polisin nəzarəti altında idi. Sakinlərdən isə heç kim gözə dəymədi. Demə onlar yaxınlıqdakı çayxanada toplaşıb, problemlərindən danışırdılar. Sözə Dəllər kənd sakini Füzuli İsrafilov başlayır:

«DAŞQIN ZAMANI BİZƏ DƏYMİŞ ZİYANIN TAM ÖDƏNİLMƏSİNİ TƏLƏB EDİRİK»

«Diktatura bizim rayondadır. Prezidentin ayırdığı pulu insanlara çatdırmırlar. Bizim prezidentdən heç bir narazılığımız yoxdur. Bizim istəyimiz bizə dəymiş ziyanının ödənilməsidir».

«Bura yığılmaqda məqsədimiz tələblərimizi çatdırmaqdır - camaatın evi tikilməlidir, təmir olunası təmir olunmalıdır, torpağa və məhsula görə ziyan ödənilməlidir. Əhalinin ağacları yanıb, məhsul yetişmir, bəs nə ilə yaşamalıdır bu insanlar?»

«Burada robotlaşmış insan yetişdirirlər. Ac-susuz deyirlər yaşa».

«BURADA NƏ TƏBLİĞAT APARIRSINIZ?»


Çox keçmir ki, çayxanaya polislər, bələdiyyə sədri, kənd icra nümayəndələri və digər səlahiyyətli şəxslər də gəldi.

- Nə təbliğat aparırsınız burda?
- Sən kimsən?
- Mən bələdiyyənin sədri.

Elə bu vaxt vətəndaşlardan biri ona yaşadığı evin şəklini göstərib deyir:

«Bax, gör mən necə evdə yaşayıram. Heç it də belə yerdə yaşamaz».

Bələdiyyə sədri isə heç bir cavab vermədən üzünü çevirir və çox keçmir ki, polislər insanları çayxanadan kənarlaşdırmağa başlayır.

SAATLI İCRA BAŞÇISI QARANLIQ MƏQAMLARA AYDINLIQ GƏTİRDİ


Bundan əvvəl media ilə təmasdan qaçan Saatlı rayonun İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov isə aksiyadan sonra öz kabinetində jurnalistlərlə və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşdü. O, söhbətə belə başladı ki, Kür daşqınları zamanı yerli sakinlərə dəymiş ziyanının ödənilməməsinə etirazı siyasiləşdirməyə lüzum yoxdur:

«GƏLİN, ƏL-ƏLƏ VERİB HAQSIZI HAQLI TƏRƏFƏ GƏTİRƏK»


«İnsanlar var idi ki, gecədən deyirdim ki, dərya gəlir, çıxın, çıxmırdılar. Axırda Fövqəladə Hallar Nazirliyinin katerləri gəldi. Məlum oldu ki, bunlar toyuq-cücələrini çıxarmaq üçün çıxmırlarmış. Qurana and olsun, əşyalarına ziyan dəyən 30 faiz adam yox idi heç. Novruzlu kəndi isə bir ay əvvəldən yüz faiz hamısı əşyalarını çıxarmışdı. Digər kəndlərdə isə xırda ziyanlar idi. Haqsızlıq varsa, mən etirazım yoxdur gəlin əl-ələ verib işi haqlı tərəfə gətirək».

«ÜÇ GÜN ƏRZİNDƏ KOMPENSASİYALAR ÖDƏNƏCƏK»

Siraqədin Cabbarov bildirdi ki, Kür daşqınları zamanı Saatlıda 1089 ailə ziyan çəkib və onlardan yalnız 214 ailəyə təminat və kompensasiyalar ödənilməyib. Siraqəddin Cabbarov növbəti üç gün ərzində bu təminatların da ödəniləcəyini deyir. Onun deməsinə görə, kompensasiya və təminatların yaxın günlərdə ödənməsinə başlamasının sakinlərin etirazı ilə heç bir bağlılığı yoxdur. Bu barədə qərar çoxdan verilib. Amma qeyri-iş günləri olduğundan proses yubanıb. Bir çox suallara cavab verən Siraqəddin Cabarov yeni salınan Novruzlu qəsəbəsində prezidentin olduğu iki evdə onun getməsindən sonra mebellərin yığışdırılmasına da münasibət bildirib.

«MEBELLƏRİ HARADAN GƏTİRMİŞDİK, ORA DA QAYTARDIQ»


«Bəli, mebellər var idi. Layihədə bu mebellərin nümunə üçün yalnız iki evdə olması nəzərdə tutulmuşdu. Vətəndaşlara bildirdik ki, püşkatma ilə mebelli evlər kimin qismətinə düşəcəksə, ona da çatacaq. Amma onlar razı olmadılar ki, olursa hamısında olsun, olmursa heç birində olmasın. Biz də mebelləri haradan gətirmişdik, ora da qaytardıq».

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev Saatlı İcra Hakimiyyəti başçısının media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul etməsini, onların suallarını cavablandırmasını müsbət hal kimi dəyərləndirir. Sabirabad İcra Başçısının isə sakinlərlə görüşünü yerli sakinlərin uğuru kimi qiymətləndirir. Ancaq onun sözlərinə görə, əsas odur ki, bu görüşlərin nəticəsi olsun.

Onu da qeyd edim ki, Sabirabad və Saatlıda görüşdüyüm şikayətçilərin bəziləri icra başçılarının onlara verdiyi vədlərə inandıqlarını deyir, bəziləri isə bunu ancaq «quru vəd» adlandırırdı.

Ötən ilin yazında Kür çayının daşması nəticəsində 20 min ev su altında qalıb. Hökumət 100 min hektar ərazidə bərpa işlərinin həyata keçirilməsi üçün 300 milyon manat ayırıb.
XS
SM
MD
LG