Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:37

Bahalı toya qadağan


Əfqanıstanda 5 milyon dollara tikilmiş və 1000 nəfər tutan Şadlıq Sarayı
Əfqanıstanda 5 milyon dollara tikilmiş və 1000 nəfər tutan Şadlıq Sarayı

Əfqanıstan hökuməti bahalı toylara qadağan qoyur.

Toy eləmək Əfqanıstanda sosial bəlaya çevrilib.
Frans Press misal çəkir ki, Əhməd Məhfuz yaxşı qazanır, xidmət sahəsində çalışır, onun gəliri orta əfqanın maaşından 10 dəfə çoxdur, ancaq o, evlənə bilmir.

Dekabrda o özünə nişan mərasimi keçirdi.
Nişana 500 qonaq çağırılmışdı.

Məhfuz deyir ki, indiyə kimi nişan mərasimi üçün aldığı borcları qaytara bilmir. “Mən dost-tanışa, hamıya borcluyam”.

O deyir ki, toya qohumdan, tanış-bilişdən azı 1000 nəfər çağırmaq lazımdır. Az adam çağırmaq ayıbdır.
Min nəfərlik toy Əfqanıstanda adi hadisədir. ...

HÖKUMƏT İŞƏ QARIŞIR

Əfqanıstan hökumətinin tapşırığı ilə ədliyyə nazirliyi yeni qanun layihəsi hazırlayır.
Layihədə toya çağırılan qonaqların sayına məhdudiyyət qoyulur. Deyilir ki, qonaqların sayı 300 nəfərdən çox ola bilməz.

Toy sahibinin toya xərcinə də məhdudiyyət qoyulur.
Hər qonağa xərc 5 dolları keçə bilməz.

Əfqanıstanlı ekspert Barayalai Fetrat deyir ki, “gənclər evlənə bilmir, çünki toy xərcini çəkə bilmirlər. Bu, dayandırılmalıdır”.

O deyir ki, bahalı toy eləmək Əfqanıstanın milli mədəniyyətindən gələn ənənə deyil.

Universitet müəllimi olan Fetrat deyir ki, Əfqanıstanda toyların bahalanması yeni fenomendir.
Bu, Əfqanıstana son illər axan milyardlarla dollar pulla bağlıdır. Bu pul Əfqanıstana göstərilən yardımdan və Əfqanıstandakı hərbi əməliyyatlara xərclərdən gəlir.

Fetratın sözlərinə görə, milyardlarla dollar gəlib və bir xeyli adam varlanıb.
Onlar bahalı toy eləyə bilərlər. Ancaq aylıq gəlir orta hesabla 42 dollar olan ölkədə bahalı toya çoxunun imkanı yoxdur.

Toy – Əfqanıstanda çox gəlirli biznesdir.
Kabildəki Şadlıq Evinin sahibi Məhəmməd Baraki Frans Pressə deyir ki, toylara məhdudiyyət qoyan yeni qanun qəbul olunsa, toy biznesi batacaq.

...Kabildə Bəşir adlı dükan sahibi isə deyir ki, 3 il qabaq evlənib. Toy eləməyə 15 min dollar borc almışdı, indiyə kimi borcun altından çıxa bilmir...

Maraqlıdır, Azərbaycanda toy neçəyə başa gəlir?
Nə qədər qonaq çağırılır?
Bu toylara pul çatdırmaq olurmu?
Azərbaycanda da Əfqanıstandakı kimi yeni qanuna ehtiyac varmı?
Yoxsa problem yoxdur?
XS
SM
MD
LG