Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:23

Müxalifətdən kimlər gedir?


«Son günlər AzTV-nin vətəndaşların müxalifət sıralarından imtina etmələri ilə bağlı yayımladığı süjetlər qərəzlidir. Bu materiallar gerçəkliyi əks etdirmir və yerlərdə iqtidarla müxalifət təmsilçiləri arasında qarşıdurma yaratmağa yönəlib».

Bunu AzadlıqRadiosuna AXCP-nin Saatlı rayon təşkilatının sədri Şamil Hacıbəyli deyib. Onun sözlərinə görə, dövlət televiziyasının bu mövzuda yaydığı xəbərlərdə müxalifət partiyalarının Saatlı rayon təşkilatlarının guya özlərini buraxdığı da bildirilib. Ona görə də bəzi müxalifət partiyalarının Saatlı rayon təşkilatları aprelin 13-də bir araya gələrək AzTV-nin bu istiqamətdə fəaliyyətini müzakirə ediblər.

«ONLARIN MÜXALİFƏTƏ AİDİYYATI YOXDUR»


«AXCP, Müsavat, KXCP və ADP-nin Saatlı şöbələri yığışdıq. AzTV-nin hərəkətlərini pislədik. Axı dövlət televiziyası bir məlumatı yaymazdan əvvəl mənbə ilə maraqlanmalıdır. Niyə bizi ictimaiyyət qarşısında pis vəziyyətə qoymağa çalışır? Biz hesab edirik ki, AzTV böhtan yayır. Bu partiyaların üzvləri bizlərik. Biz də istefa verməmişik. Hamısı yalandı. YAP-ın üzvlərini çıxardırlar televizora. Onlar da AXCP-dən çıxıb YAP-a keçdiyini deyirlər. Halbuki, onların müxalifətə aidiyyatı yoxdur. Bu boyda yalan olmaz axı. Bununla da onlar regionlarda iqtidar- müxalifət qarşıdurması yaradırlar. Bizim partiyanın Saatlıda 420 nəfər üzvü var. Hələ bir nəfər də olmayıb ki, istefa verib YAP-a keçsin. Eləcə də Müsavatdan və digər partiyalardan».

Şamil Hacıbəyli deyir ki, telekanalların dediyinin əksinə olaraq son dövrlər partiyaya güclü axın var. Və rayonda heç kim onları partiyadan istefa verməyə təhrik etmir.

Müsavat partiyası Ağcabədi rayon şöbəsinin sədri Rəşid Nəcəfli isə deyir ki, son vaxtlar təşkilatdan heç kim istefa verməyib. AzTV-də guya Müsavatdan çıxdığını deyənlər, əslində çoxdan partiyadan kənarlaşdırılmış şəxslərdir.

«Televiziyada danışıb guya indi istefa verdiyini deyən adamlar uzun illər əvvəl aktiv fəaliyyətdə olmayan və hərəkətləri ilə partiyanın nüfuzuna xələl gətirdikləri üçün partiya sıralarından xaric olunmuş adamlardır. Ən sərt danışanlardan biri elə mənim qonşum Məmmədov Səfərdir. Çoxdan kənarlaşdırılıb partiyadan».

«HEÇ BİR PARTİYANIN ÜZVÜ DEYİLƏM»

Bu günlərdə AzTV-də Müsavat partiyasının üzvü kimi təqdim olunan və müxalifətin əleyhinə danışan Ağcabədi sakini Səfər Məmmədov özü də deyir ki, heç bir tədbirdə iştirak etmədiyi üçün xeyli vaxtdır Müsavat partiyasından kənarlaşdırılıb. İndi heç bir partiyanın üzvü deyil. Televiziyada danışmasının səbəbinə gəlincə:

«Məndən soruşurdular ki, Müsavat partiyasının üzvüsənmi? Evdə uşaqlar da dedi ki, bu pis hallanır. Bura Azərbaycandır. Deyərlər təxribat edirsən. Ölkəni dağıdırsan. Mən heç bir partiyanın üzvü deyiləm, evdə xəstə var. Yəni o məqsədlə danışdım. Mən orada Müsavat partiyasının üzvü olduğumu da deməmişəm. Sadəcə televizorda görmüşəm cavan uşaqlar gedib dükanı yandırır, belə şeylər edirlər, hamı da deyir sən Müsavatın üzvüsən, sən də onlara dəstək verirsən. Ona görə də televizorda demişəm ki, nə üzvüyəm, nə də dəstək verirəm».

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətindən məsələyə münasibət bildirmədilər.

MÜXALİFƏTƏ OLAR, YAP-A YOX?


İqtidar yönlü AVP üzvü, deputat Zahid Oruc isə deyir ki, televizorda danışan şəxslərin hər birinin adı və ünvanı bəllidir. Məsələni araşdırıb obyektiv gerçəkliyi ortaya qoymaq çətin olmamalıdır. Ancaq kardinal siyasi dəyişmələr, yaxud münasibətlərin gərginləşdiyi dövrlər partiyaların sıra saylarına və təşkilatlanma siyasətinə təsir göstərir. Və bunu kiminsə süni şəkildə təşkil etməsi barədə deyilənlər qeyri realdır. Ancaq o başqa bir məsəldir ki, hər bir partiya sırf rəqibçilik baxımından belə məqamlardan faydalanmaq istəyə bilər:

«Bu günlər müxalifət çevrəsinə aid olan qəzetlər də YAP-dan qopmalardan yazır. Necə olar ki, müxalif cinahda bu cür keçidlərdən faydalanma normal sayılsın, adi bir siyasi mübarizə haqqı kimi tanınsın, amma bunu deyək ki, hakim partiya özünün KİV-lərində qabardıb rəqib cinahı təşkilati cəhətdən aşınmaya məruz qoymağa çalışırsa, və bu sırf rəqabət marağından doğursa, bu pislənmiş olsun. Mənə elə gəlir ki, bu normal yanaşma deyil».

Zahid Oruc
Zahid Oruc deyir ki, AzTV-nin üzərində dövlət siyasətinin olması bir faktdır. Amma o şəxsən belə hesab edir ki, mübarizənin qeyri- AzTV müstəvisində aparılması daha münasib olardı. Onsuzda YAP-ın bir hakim partiya olaraq cəmiyyətlə ünsiyyət imkanları başqa vasitələrlə də genişdir.

«Yeni Müsavat» qəzetinin əməkdaşı Zamin Hacı da bu mövzuya toxunub. O aprelin 13-də dərc olunmuş yazısında qeyd edir ki, rəsmi təbliğatda neçə illər əvvəl müxalif partiyalardan kənarlaşdırılmış adamlardan istifadə olunur. Müəllifin fikrincə, həmin məntiqlə indi eks- spiker Murtuz Ələsgərovun da müxalifətdən getdiyini demək olar. Çünki o da 1992-1993-cü illərdə AXC-nin üzvü olub.
XS
SM
MD
LG