Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:50

İraq dərsləri. Növbəti hədəf-İran?


Devid Petreus (solda) və ABŞ-ın İraqdakı səfiri Ryan Kroker Senatdakı dinləmələrdə
Devid Petreus (solda) və ABŞ-ın İraqdakı səfiri Ryan Kroker Senatdakı dinləmələrdə

Ötən həftə ABŞ hərbi qüvvələrinin İraqdakı komandanı general Devid Petreusun konqres qarşısında verdiyi hesabat demokratların nəzarət etdiyi ABŞ konqresi ilə respublikaçıların nəzarət etdiyi ABŞ administrasiyası arasındakı müzakirələrə yeni təkan verib. Demokrat konqresmenlər general Petreusun son hərbi uğurları fonunda Amerika qüvvələrinin İraqdan çıxarılması prosesinin yubadılmasını səhv strategiya hesab edirlər və qoşunların tezliklə İraqdan çıxarılmasında israr edirlər. Prezident Buş isə general Petreusun tövsiyələrinə əsaslanaraq gələn ilin yayına kimi ancaq 30 min əsgərin İraqdan çıxarılmasını mümkün sayır və bu ölkədə ən azı 130 minlik ABŞ hərbi kontingentinin saxlanmasını zəruri hesab edir.


Sentyabrın 14-də «National Review Online» da konservativ yazar Çarlz Krauthammer «Petreusun Uğuru» başlıqlı məqalədə konqresmenləri kəskin tənqid edərək onları Petreusun uğurlarına mane olmamağa çağırıb. İraqdakı sünni icmasının Əl-Qaidəyə qarşı çevrilməsini müharibədə dönüş nöqtəsi adlandıran Krauthammer məqaləsini belə bitirib: «Petreus planının başa çatdırılmasına imkan verilməlidir».


Sentyabrın 16-da demokratlar tərəfdən keçmiş prezidentliyə namizəd, NATO qüvvələrinin keçmiş baş komandanı, 1999-cu ildə NATO qüvvələrinin Kosova müharibəsinə müdaxiləsinə rəhbərlik etmiş general Uesli Klark «Washington Post» qəzetində eyni mövzuda geniş məqalə ilə çıxış edib.


«Növbəti Müharibə» başlıqlı məqalə diqqəti general Petreusun uğurlarından daha çox İraq müharibəsinin başlanılmasında yol verilən strateji səhvlərə cəlb edib. Bu mövzunun çox aktual olduğunu qeyd edən general səhvlərdən çıxarılan düzgün nəticələrin növbəti hərbi konfliktlərdə gərəkli ola biləcəyini vurğulayır. Klark yazır ki, İranla müharibənin necə başlanacağı kifayət qədər aydındır: İranın bir neçə nüvə reaktorlarının olduğu yer dərhal bombalanacaq və daha sonra İranın mümkün cavab reaksiyasının önlənməsi üçün 21 gün də hava bombardmanı davam edəcək və İranın radarları, hərbi hava qüvvələri, raket qurğuları, hava limanları, hərbi dəniz donanması və müdafiə istehkamları sıradan çıxarılacaq. Daha sonra xüsusi təyinatlı hərbi birləşmələr İrana girib strateji obyektlərə nəzarəti ələ keçirməyə çalışacaqlar.


Klarkın fikrincə müharibənin nə cür başlayacağı aydın olsa da nə cür qurtaracağı o qədər də aydın deyil. «İran hansı cavab addımlarını atacaq? O, Yaxın Şərqdə, Avropada, yaxud bəlkə elə Amerikanın özündə fəaliyyət göstərən Hizbullah dəstələrini işə salacaqmı? Tehran İraq şiələrini ABŞ qoşunlarına qarşı üsyana təhrik edəcəkmi? Bombalanma başa çatdıqdan sonra nə edəcəyik? Əminliklə demək olar ki, biz bu ölkəni öz məhdud quru qüvvələrimizlə işğal altında saxlaya bilmərik. Onda nə olacaq? Cəzalandırılmış və daha üzüyola hökumət? Xaotik və dağılmış dövlət? Yaxud güclənmiş və qəzəblənmiş düşmən?»-deyə Uesli Klark sual edir.


Klarkın fikrincə İraqda buraxılmış səhvlər, o cümlədən quru qüvvələrinin məhdud saxlanılaraq yüksək texnologiyalı silahlara həddən artıq güvənmə, müharibədə ABŞ-ın məğlub etdiyi ölkənin gələcək taleyi barədə aydın planların olmaması, dövlət quruculuğu layihələrinə Pentaqonun kifayət qədər diqqət ayırmaması və hərbi generalitetin digər sahələrdə yüksək təhsil almasına kifayət qədər diqqət ayrılmaması gələcək problemlərin əsasını qoya bilər. Klarkın yekun fikrinə görə yaxşı hərbi maşın ilk növbədə öz düşmənlərini növbəti müharibədən çəkindirə biləcək bir qüvvə olmalıdır.


XS
SM
MD
LG