Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:08

«Balaca və qəddar diktator»


İran prezidenti Mahmud Əhmədinejatın Kolumbiya Universitetində çıxışı
İran prezidenti Mahmud Əhmədinejatın Kolumbiya Universitetində çıxışı

Amerikaya səfəri çərçivəsində etirazlara baxmayaraq İran prezidenti Mahmud Əhmədinejat Kolumbiya Universitetində çıxış edib. İranın prezidenti onu yəhudilərin soyqırımını inkar etdiyinə görə qınayanları tənqid edib. Deyib ki, nə iddia olunduğu kimi terroru dəstəkləmir, nə də ki ölkəsində insan haqlarını pozmur. Kolumbiya Universitetinin prezidenti Əhmədinejatı auditoriyaya «balaca və qəddar diktator» kimi təqdim edib. Onun fikrincə, İranın prezidenti iki halda Holokostu inkar edə bilər: ya o utanmaz təxribatçıdır, ya da ki savadsızdır.


Mahmud Əhmədinejat deyib ki, belə təqdimat onu təhqir deməkdir.


Prezidentə yönələn suallar əvvəlcədən yazılı qaydada hazırlanıb və tələbələrlə birbaşa təmas olmayıb.


Amerika ictimaiyyəti dəfələrlə Amerikaya ölüm şüarları səsləndirmiş Əhmədinejatın ABŞ-ın nüfuzlu universitetlərinin birində çıxışını məqbul hesab etmirdi. Universitet rəhbərliyi deyib ki, ən barışmaz fikri belə təkzib etməzdən əvvəl ona qulaq asmaq lazımdır. «Əgər indi 30-cu illər olsaydı və Hitler belə Amerikaya gəlsəydi, biz onu universitetə çağırardıq ki, bizim bəzi suallarımıza cavab versin».


Ümumiyyətlə, görüş sakit şəraitdə keçib, hər hansı insident olmayıb.


Ekspertlər hesab edir ki, bu görüşlər Amerikadan daha çox İrana lazımdır. İranın nüvə obyektləri ətrafında vəziyyət o həddə gəlib çatıb ki, bu ölkəyə hərbi müdaxilə məsələsi realdır. Bu baxımdan səfəri çərçivəsində Əhmedinejatın məqsədi İranın müharibə yox, sülh istədiyini dilə gətirməkdir.


Ekspertlər onu bildirilər ki, İran dövlət başçısının səfəri zamanı hansısa uğura nail olduğunu demək olmaz. Belə ki, o, sadəcə olaraq əvvəlki arqumentlərini təkrar edib.


Mahmud Əhmədinejat BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Amerikaya gedib. İranla Amerika arasında diplomatik əlaqələr 1979-cu ildən kəsilib.


Amerika rəsmiləri bildirir ki, İran İraqda şiə yaraqlılara silah ötürür, onlar da bu silahdan Birləşmiş Ştatlara qarşı istifadə edirlər. İran bu ittihamla razılaşmır.


XS
SM
MD
LG