Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:39

Ötən 4 ildə ölkədə hansı dəyişikliklər baş verib?


2003-cü il prezident seçkisindən dörd il keçir
2003-cü il prezident seçkisindən dörd il keçir

2003-cü il prezident seçkisindən dörd il keçir. Bu dövr ərzində ölkədə hansı dəyişikliklər baş verib? Ekspertlərin dediyinə görə, 4 il ərzində daha çox diqqəti çəkən məsələ ölkədə insan haqlarının vəziyyəti və iqtisadi dəyişikliklərdir.


Milli Məclisin İnsan Haqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova deyir ki, 4 il ərzində əldə olunan uğurlar etiraf edilməsi vacib olan nailiyyətlərdir: «Ölkənin iqtisadi uğurları göz qabağındadır. Dövlət başçısı üçün ən vacib məsələ vətəndaşların maddi və mənəvi durumunun yüksəlməsi, insan haqlarının qorunmasıdır».


Xanım Aslanova hesab edir ki, Azərbaycanda insan haqlarının vəziyyətinin yaxşı olmadığını iddia edənlər əslində, ən böyük həqiqəti danırlar: «Ən azı prezidentin əfv fərmanlarını, qəbul olunan amnistiya aktını xatırlamaq kifayətdir ki, onun şərə qarşı xeyir prinsipini rəhbər tutduğunu anlayasan».


Politoloq Eldar Namazov isə deyir ki, yalnız neft hasilatında inkişaf var ki, bu da ölkəni hansı siyasi partiyanın idarə etməsindən asılı olmayaraq baş verəcəkdi. Amma iqtisadiyyatda hakimiyyətin yol verdiyi səhvləri inflyasiyanın səviyyəsində, orta və kiçik sahibkarlığın vəziyyətində aydın görmək olur.


Namazov düşünür ki, ölkə müstəqillik əldə edəndən sonra insan haqları və demokratiya sahəsindəki vəziyyət indiki qədər pis olmayıb. Onun fikrincə, Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında demokratiya sahəsində ən geridə qalmış və pis vəziyyətdə olan dövlətdir.


Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir. Bir sıra beynəlxalq təşkilatlar onların azad edilməsini tələb edirlər. Rəbiyyət Aslanova isə düşünür ki, əslində, həmin jurnalistlər başqalarının hüququna hörmətlə yanaşmadıqları üçün məhkəmə qərarı ilə azadlıqdan məhrum ediliblər: «Ancaq buna baxmayaraq, əgər onlar səhvlərini anladıqlarını və bir də belə iş tutmayacaqlarını bildirib dövlət başçısından bağışlanmalarını istəsələr, İlham Əliyev həmişəki kimi yenə də xeyirxahlığından qalmaz».


Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə deyir ki, xüsusilə 2005-ci ildən başlayaraq Azərbaycanda sərbəst toplaşmaq imkanları heçə endirilib. Siyasi baxışlarına görə həbs edilənlərin sayı daha çox olub: «Həbsxanalarda işgəncə faktları xeyli artıb. Ancaq 2003-cü ildəki ilə müqayisədə həbsxanalarda siyasi məhbusların sayı xeyli azalıb. Məhkəmə sahəsində isə heç bir dəyişiklik baş verməyib. Orada olan ədalətsizlik qalmaqdadır».


YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə deyir ki, müxalifət adamların sıx olduğu yerlərdə kütləvi aksiya keçirməklə xalqda sosial bazasının çoxluğu təsəvvürünü yaratmaq istəyir: «Buna icazə verilməsinin özü digər vətəndaşların hüquqlarını pozmaqdır». Onun sözlərinə görə, Azərbaycanda demokratiya və insan haqlarının pozulduğunu, siyasi məhbusların olduğunu iddia edən beynəlxalq təşkilatların da öz məqsədləri var.


XS
SM
MD
LG