Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:46

Azərbaycanda sosial fərqlər artır, yoxsa azalır?


Son illərdə Azərbaycanda aparılan sosial siyasətə müxtəlif aspektlərdən yanaşmaq olar
Son illərdə Azərbaycanda aparılan sosial siyasətə müxtəlif aspektlərdən yanaşmaq olar

Təhlillər zamanı bir qayda olaraq iqtisadiyyatın iki aspektini araşdırırlar; maddi sərvətlərin yaranmasını və onların ədalətli bölgüsünü. Hətta dünya iqtisadçıları arasında iqtisadiyyatın sağlam durumunu müəyyənləşdirərkən nəyin əsas götürülməsi haqqında mübahisələr yaranır. Məsələyə bu prizmadan yanaşanda Azərbaycanda sosial siyasətin problemləri heç də bütövlükdə iqtisadiyyatın problemlərindən az maraq kəsb etmir. Makro- iqtisadiyyat Azərbaycanda daha çox subyektiv prizmadan araşdırılır. Ona görə ki, müqayisələr üçün əsas götürülən bazis illəri və inkişaf templəri iqtisadi mühiti tam xarakterizə etmir. Sovetlər vaxtında iqtisadi müqayisələr aparılarkən bir çox hallarda 1913-cü ilin göstəriciləri əsas götürülürdü. Çünki bu il Rusiyada kapitalizmin ən inkişaf etdiyi dövr hesab edilirdi. Həm də bu yolla iki müxtəlif sistemin müqayisəsi aparılırdı. Elə bu səbəbdən bəzi müqayisələr aparılarkən sovetlər vaxtının göstəricilərinə istinad etmək daha düzgün olardı. Sosial göstəricilərin müqayisəsi zamanı belə istinadlar sosial siyasətin effektivliyini və səmərəliliyini daha bariz təzahür etdirə bilərdi. Sovet rejimi sosial hüquqların, bir çox hallarda isə sosial şüarların üstünlük təşkil etdiyi quruluş idi. Azərbaycanı bu rejimdən təxminən 20 illik dövr ayırır. Bu müddət ərzində insanların rifahı nə qədər yaxşılaşıb? Sovetlər vaxtı ilə müqayisədə sosial təminat və hüquqlar nə qədər inkişaf edib? Sistem dəyişikliyi baş verəndən sonra sosial inkişaf ən azı əvvəlki səviyyəsinə çatıbmı? Bu sualların cavabları və müvafiq müqayisələr indiki sosial - iqtisadi sistemin effektivliyini sübut etmək üçün ən yaxşı vasitədir.


Amma Azərbaycanda müqayisələr daha çox 90-cı illərin sonunu əhatə edir.


Bu illər iqtisadiyyatın yenicə dirçəlməyə başladığı dövr idi. Əvvəllər isə müqayisələr üçün daha çox 90-cı illərin əvvəlləri, xüsusən də 92-93-cü illər əsas götürülürdü. Belə müqayisələrin məsələyə siyasi yanaşmanın nəticəsi olduğu şübhəsiz idi. Amma həqiqət siyasi yanaşmanı deyil, reallığı əsas götürməyi diqtə edir.


Son illərdə Azərbaycanda aparılan sosial siyasətə müxtəlif aspektlərdən yanaşmaq olar. Bu illər ərzində pensiya təminatı dəyişikliyə məruz qalıb, ünvanlı sosial yardıma keçid baş verib. Bu proseslərin hər biri ciddi təhlilə layiqdir. Amma məsələyə səthi yanaşanda ölkədə sosial yardıma həssas olan bir neçə qrup müəyyənləşdirmək olar; məcburi köçkünlər, təqaüdçülər və əlillər, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan insanlar. Son illərdə bu qrupların da sosial statusunda dəyişikliklər baş verib. Artıq məcburi köçkünlərə differensial tərzdə yanaşmaq olar. Rəsmi statistikaya görə, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan insanların da sayı azalıb. Əvvəllər bu ədəd 50 faizi aşırdısa, indi onun xeyli azaldığı iddia edilir. Amma kriteriyalar insanları qane etmir. Məsələn, pensiyaların həcmi artsa da, bu artım real həyatın tələblərinə cavab vermir. Minimum əmək haqqı mövcud bazar qiymətləri ilə müqayisədə çox aşağı səviyyədədir. Düzdür, çadır düşərgələri ləğv edilib, insanlar ev və torpaqla təmin olunublar, amma məcburi köçkünlərin bir qisminin iş və məşğulluq problemi həll edilməyib. İpoteka sistemi artıq işə düşsə də, mənzilə ehtiyacı olanların sayı hiss olunacaq dərəcədə azalmayıb. Tələbələrin və aspirantların təqaüdlərində problemlər var. Elmi işçilərin, müəllimlərin maaşları günün tələblərinə cavab vermir.


Beləcə, Azərbaycanda sosial fərqlər hələ özünü təzahür etdirməkdədir. Bu məsələnin psixoloji tərəfi də var. Xaricdə, inkişaf etmiş kapitalist ölkələrində zənginlik, sərvət bir qayda olaraq nümayiş etdirilmir, sosial fərqlər nəzərə çarpdırılmır. Azərbaycanda isə əksinədir - insanlar sərvəti, var-dövləti nümayiş etdirməyi sevirlər. Məsələn, Bakıya gələn əcnəbilər buradakı bahalı avtomobillərin sayına təəccüblənirlər. Sözsüz k, belə bir psixoloji hal cəmiyyətin bütövlüyünə mane olur, müxtəlif qrupların inteqrasiyasını çətinləşdirir. Təbii ki, fərqlər bütün cəmiyyətlərdə var. Hətta bərabər imkanlar hələ bərabər nəticələr demək deyil. Amma dövlətin tənzimləyici rolu da var - dövlət siyasətini elə qurmalıdır ki, cəmiyyəti ayıran fərqlər deyil, birləşdirən amillər çoxalsın.


XS
SM
MD
LG