Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01

Ermənistan məlum ssenaridən kənara çıxmadı


Ermənistanda sabitlik saxlanılacaq, yoxsa hadisələr dinc məcradan kənara çıxacaq?
Ermənistanda sabitlik saxlanılacaq, yoxsa hadisələr dinc məcradan kənara çıxacaq?

Ermənistanda da prezident seçkisi başa çatdı. Nəticələr artıq məlumdur. Seçki prosesində ciddi sürprizlər yaşanmadı. Rusiyanın və hakimiyyətin müdafiə etdiyi şəxs qalib gəldi. Əvvəlcədən bəlli idi ki, seçki geosiyasətin cızdığı məhdud çevrədə baş tutacaq. Elə belə də oldu. Seçki nəticəsində aşkar oldu ki, Rusiya bu ölkədə istinad etdiyi siyasi qüvvəni dəyişmək fikrində deyil. Levon Ter–Petrosyanın qalib gələcəyinə ümid edən analitik və siyasətçilər bu dəfə yanıldılar. İndi meydana digər suallar çıxıb. Seçkidən sonra proseslər necə inkişaf edəcək? Ermənistanda sabitlik saxlanılacaq, yoxsa hadisələr dinc məcradan kənara çıxacaq?


Bu suallar Gürcüstandakı seçkidən sonra da yaranmışdı. Ermənistana gəldikdə isə demək lazımdır ki, hər şey son seçkinin əsl demokratik seçkiyə nə qədər bənzəməsindən asılıdır. Zahiri detallar qaydasındadır.


Seçkidə çoxlu sayda namizəd iştirak etmişdi. Bu seçkinin demokratikliyini zəruri edən əsas şərtlərdən biridir. Namizədlərin hamısı üçün eyni qədər şərait yaradılmasa da, onların iştirakı hər halda müəyyən göstəricidir. Seçki əlli faizdən bir qədər yuxarı hədlə udulub. Nəticə elədir ki, inandırıcı görünür. Bu detal Gürcüstandakı seçki zamanı da özünü təzahür etdirdi. Adı çəkilən ölkələrdə qeyri–demokratik rejimlər üçün xarakterik olan 90 faiz və ya daha böyük göstəricilər yoxdur. Müxalifət namizədlərindən ən çox Ter-Petrosyan səs toplasa da, digər namizədlər də müəyyən qədər nəticə əldə ediblər. Sadə hesablamalar göstərir ki, müxalifət seçkidə vahid namizədlə iştirak etsəydi, daha çox səs toplaya bilərdi. Amma burada da Gürcüstanda olduğu kimi vahid namizəd problemi həll edilməmişdi. Yəqin ki, bu da təsadüfi deyil. Ölkələr ziddiyyətli durumda olduğundan bu çalarlar özünü müxalifət qüvvələri arasında da təzahür etdirir.



Ermənistanın müxalif siyasətçilərinin daha bir zəif cəhəti ondadır ki, onlar dünya demokratik hərəkatı ilə bir o qədər də bağlı deyillər

Hadisələrin gələcək inkişafı isə daha çox hakim qüvvənin malik olduğu resurslardan asılıdır. Bu resurslar isə müxalifət qüvvələri ilə müqayisədə çox böyükdür. Resurslar təkcə siyasi potensialla məhdudlaşmır. İndiki hakim klan həm də əsas hərbi və iqtisadi resurslara malikdir. Zəruri halda bu resurslar hərəkətə gətirilə bilər. Bu isə müxalifətin imkanlarını xeyli məhdudlaşdırır. Təbii ki, cəmiyyətin kütləvi etirazı qarşısında heç bir siyasi resurs duruş gətirə bilməz. Amma belə bir kütləvi etiraz olacaqmı? Bunu təsdiq etmək çətindir. Kütləvi etiraz yarada bilən şəxs bir nəfərdir – o da sabiq prezident Ter- Petrosyandır. Digər namizədlərin elektoral gücü çox azdır. Onlar ancaq Ter – Petrosyana dəstək verməklə etirazları gücləndirə bilərlər. Sözsüz ki, Ter–Petrosyan da güclü fiqurdur. Üstəlik, o, Rusiyanın da xoş münasibət bəslədiyi şəxslərdən biridir. Amma Ter–Petrosyan indiki hakim klanın nümayəndələrindən daha ağıllı və tədbirlidir, həm də daha mürəkkəb davranışa malik siyasətçidir. Belə siyasətçi indiki dövrdə Rusiyaya lazımdırmı? Hazırda Rusiyanın Ermənistanla bağlı hər hansı problemi yoxdur. Əgər belə bir problem olsaydı, onda Rusiya istinad etdiyi siyasi qüvvəni dəyişmək fikrinə düşə bilərdi. Hələlik isə belə zərurət yoxdur.


Ermənistanın müxalif siyasətçilərinin daha bir zəif cəhəti ondadır ki, onlar dünya demokratik hərəkatı ilə bir o qədər də bağlı deyillər. Bu ölkədə hər şey, o cümlədən də müxalifətin fəaliyyəti psevdo – milli maraqlara və problemlərə tabe etdirilib. Diaspora və kilsə – Ermənistanın daxili siyasətinin konturlarını müəyyən edən əsas amillər bunlardır. Heç kim bu konturlardan kənara çıxmağa cəsarət etmir. Ermənistan xarici siyasi maraqların daxili siyasi maraqlar və proseslər üzərində üstünlük təşkil etdiyi ölkədir. Ölkə əhalisi mülki cəmiyyətdən daha çox avtoritar bir icmanı xatırladır. Elə bu səbəbdən bu ölkədə qlobal demokratik proses gözləmək qeyri–realdır. Son nəticədə hər şey diaspora–kilsə–Rusiya üçbucağının diqtəsi ilə həll olunacaq. Elə bu səbəbdən Ermənistanda hakimiyyətin dəyişməsi nəticəsində regional siyasətin də dəyişə bilməsi ilə bağlı ümidlər də əsassız idi. Ona görə də seçki adi sıradan olan bir hadisə kimi ötüb keçdi.


XS
SM
MD
LG