Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:44

Azərbaycanlılar Praqadakı Ermənistan nümayəndəliyinin qarşısında aksiya keçiriblər


Ermənistan diplomatik nümayəndəliyinin qarşısından aksiyaçılar Çexiya Senatına tərəf yollanıblar
Ermənistan diplomatik nümayəndəliyinin qarşısından aksiyaçılar Çexiya Senatına tərəf yollanıblar
«Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə son qoyulsun!».

Bu şüarı fevralın 26-da Çexiyada yaşayan və təhsil alan təxminən 50 azərbaycanlı səsləndirib. Onlar Praqanın mərkəzindəki Ermənistanın diplomatik nümayəndəliyinin qarşısına toplaşıblar. Plakatlarda Xocalıda qətlə yetirilən qadın və uşaqların fotoları olub.


«Məqsədimiz odur ki, erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi qətliam haqda Çexiya ictimaiyyətinə daha çox məlumat çatdıraq. Bununla da ermənilərin Azərbaycana qarşı yalançı təbliğatını ifşa edək».


Aksiyanın təşkilatçısı «Azər-Çex» Cəmiyyətinin sədri Elşən Nəzərli ümid edir ki, çex xalqı Xocalı məsələsində azərbaycanlıları daha yaxşı anlayacaq, çünki...: «İkinci Dünya müharibəsində Lidise kəndində çexlərə qarşı da eyni cür qətliam törədilib, nasistlər bütöv bir kəndi qadınlı-uşaqlı məhv ediblər».


Ermənistanın Çexiyadakı diplomatik nümayəndəliyi isə aksiya ərəfəsində mətbuat üçün açıqlama yayıb. Orada Xocalı faciəsi haqda Azərbaycanın bildirdiklərinə hər hansı reaksiya yoxdur. Amma qeyd edilir ki, 20 il qabaq Sumqayıtda ermənilər də qətlə yetirilib.


Ermənistan diplomatik nümayəndəliyinin qarşısından aksiyaçılar Çexiya Senatına tərəf yollanıblar.


İngilis və çexcə «Xocalını xatırla!» şüarları səsləndirən aksiyaçılar Praqanın mərkəzi küçələrindən, turistlərin çox olduğu tarixi abidələrin yanından və xarici səfirliklərin qarşısından keçiblər.


Aksiyaçılar ümid etdiklərini bildiriblər ki, Xocalı faciəsinin Çexiya parlamentində soyqırımı kimi tanınmasına nail olacaqlar.


XS
SM
MD
LG