Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:46

Moldova GUAM-da qalacaqmı?


Moldova GUAM-dan çıxmalı olsa da, bu, onun qurumun üzvləri ilə münasibətlərinə xələl gətirməyəcək
Moldova GUAM-dan çıxmalı olsa da, bu, onun qurumun üzvləri ilə münasibətlərinə xələl gətirməyəcək

İndi maraq kəsb edən hadisələrdən biri də Moldova prezidentinin Bakıya səfəridir. Səfər artıq iki gündür ki, davam edir. Səfər zamanı hansısa ciddi və böyük sazişlər imzalanmayıb. Buna heç dövlətlərin siyasi potensialı da imkan vermir. Moldova da Azərbaycan kimi kiçik dövlətdir və dünyadakı proseslərdə o qədər də böyük rol oynamır. Keçmiş sovet respublikalarından biri olan bu ölkəni diqqətə gətirən əsas amillərdən biri budur ki, o, da GUAM –ın üzvüdür və onun da ərazisində separatçı rejim fəaliyyət göstərir. Bu aspektdən yanaşanda sözsüz ki, Moldova ilə Azərbaycan arasında bir anlaşma mövcuddur. Təsadüfi deyil ki, BMT-də məlum qətnamə qəbul edilərkən Moldova Azərbaycanı müdafiə etmişdi.


Amma bir müddət bundan əvvəl Moldova maraqlı bəyanatla çıxış etmişdi. O, ərazisindəki münaqişənin həll ediləcəyi təqdirdə GUAM-dan çıxmağa hazır olduğunu bildirmişdi. Bəyanat təxminən NATO-nun Buxarest sammiti ərəfəsinə təsadüf edirdi. Amma həmin dövrdə məlum oldu ki, Moldova belə bəyanatla çıxış etsə də, GUAM üzvü olan dövlətlərə bu haqda hər hansı bir müraciət ünvanlamayıb. Elə bu səbəbdən məsələ həmin vaxtdan açıq qalıb.


Təbii ki, Moldova GUAM-dan çıxmalı olsa da, bu, onun qurumun üzvləri ilə münasibətlərinə xələl gətirməyəcək. GUAM üzvlərini oxşar problemlər birləşdirir. Bir tərəfdən GUAM yeni keyfiyyət dəyişikliyi ərəfəsindədir. İki dövlət – Ukrayna və Gürcüstsan öz təhlükəsizlik arxitekturasında yeni fazaya qədəm qoymaq əzmindədir.

Əvvəllər belə güman edilirdi ki, neft gəlirlərinin artması Azərbaycanı az qala problemsiz vəziyyətə gətirib çıxaracaq. Neft gəlirləri artır, amma problemlər də çoxalır, qiymətlər gündən- günə dəyişir, inflyasiya böyüyür. Mübaligəsiz demək olar ki, əvvəlki eyforiyanı məyusluq əvəz edir
Bəzi müşahidəçilər bunu əsas götürərək GUAM-ın missiyasının tezliklə bitəcəyi haqda fikirlər söyləyirlər. Amma GUAM geosiyasi vahid deyil. Hətta nəzərə alsaq ki, Ukrayna və Gürcüstanın NATO-ya üzvlük məsələsi reallaşacaq, bu perspektiv GUAM üçün elə bir təhlükə kəsb etmir.


GUAM demokratiya və iqtisadi inkişaf təşkilatıdır. Üstəlik, NATO-ya üzvlük bir günün və ya bir ayın məsələsi deyil. Bu proses müəyyən müddət tələb edir. Həmin müddət ərzində isə kənarda qalaraq təcrid olunmaq olmaz. İndi GUAM daxilində maraqlı mənzərə yaranıb – üzvlərdən ikisi NATO-ya can atır, digər iki üzv isə hələ gözləyir.


GUAM-a baxış da dəyişir. Əvvəllər GUAM-a daha çox NATO-ya və Avropaya inteqrasiya olunmaq üçün aralıq mərhələ kimi baxılırdısa, indi hətta Asiya dövlətləri bu quruma maraq göstərirlər. NATO üzvü olan Polşa bu təşkilata üzv olmaq istəyir. Təbii ki, bu marağın kökündə enerji qayğıları dayanıb - Azərbaycanın enerji və tranzit imkanları çox dövlətləri özünə cəlb edir. Hamı bu prosesdən yararlanmağa və özünü enerji həlqəsinin mühüm elementinə çevirmək istəyir. Enerji və təhlükəsizlik anlayışları indi həm eyni, həm də fərqli məzmun kəsb etsə də, getdikcə bu iki anlayış arasında bərabərlik işarəsi qoymaq cəhdləri artır. Ümumiyyətlə, indi siyasi leksikonda təhlükəsizlik məfhumuna daha çox təsadüf edilir - enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi ən çox təsadüf olunan anlayışlardır.


Enerjinin istismarında imkanlar artsa da, məlum olur ki, bu, heç də bütün bəlalardan xilas yolu deyil. Məsələn, əvvəllər belə güman edilirdi ki, neft gəlirlərinin artması Azərbaycanı az qala problemsiz vəziyyətə gətirib çıxaracaq. Neft gəlirləri artır, amma problemlər də çoxalır, qiymətlər gündən- günə dəyişir, inflyasiya böyüyür. Mübaligəsiz demək olar ki, əvvəlki eyforiyanı məyusluq əvəz edir. Bu məyusluq dövlətlərarası münasibətlərə də yeni baxış tələb edir. İndi məlum deyil hansı daha yaxşıdır - enerji resurslarına, yoxsa böyük taxıl ehtiyatlarına malik olmaq? Sözsüz ki, bunlar əlaqəlidir, biri-birilə bağlıdır.


Təbii ki, dövlətlər bunu hiss edir və çıxış yolu axtarırlar. Bütün bunlar ikitərəfli və çoxtərəfli münasibətlərə də təsir edir, yeni formullar axtarmağa sövq edir. Aydın olur ki, bir təşkilat, hətta onun adı NATO və ya Avropa Birliyi olsa belə, bütün problemlərin həlli deyil. Bunu kiçik dövlətlər öz təcrübələrində daha çox hiss edirlər. Böyük dövlətlərlə aralarındakı siyasi məsafənin böyüklüyü onları daha da sıxlaşmağa, biri-birinə yaxın olmağa və əməkdaşlıq etməyə sövq edir.


XS
SM
MD
LG