Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:40

Yoxsul öz yoxsulluğunu necə sübut edə bilər?


Ölkədə isə adambaşına orta aylıq gəliri 45-70 manat arası olan 1 milyon adam var
Ölkədə isə adambaşına orta aylıq gəliri 45-70 manat arası olan 1 milyon adam var

«Sosial fonddan da gəliblər ki, sizə yardım düşmür, qaynanan pensiya alır, ərin də işləyir».


Üç uşağı birdən dünyaya gətirən Elnarə Məmmədhüseynova deyir ki, həyat yoldaşının aylıq gəliri 90 manatdı, qaynanasının təqaüdü isə 60 manat. Amma bu təqaüd elə qaynanasının dava-dərmanına xərclənir. Həyat yoldaşının qazancı isə onların xərclərinin heç yarısını da ödəmir. Elnarə deyir ki, ərə gedib başqa yerdə yaşayan baldızı da bu evdə qeydiyyatda olduğundan onun gəliri də ailənin gəliri kimi qiymətləndirilib: «Ərdədi axı, necə deyək ki, gəl bizə bax».


Ünvanlı sosial yardım ala bilməyən Elnarə tək deyil. İqtisadi Tədqiqatlar Mərkəzi Mingəçevirdə apardığı araşdırma nəticəsində yoxsulluq həddində yaşayan onlarla adamın bu yardımdan kənarda qaldığını aşkar edib. Mərkəzin eksperti Vüsal Qasımlı deyir ki, onlar ünvanlı sosial yardım alan və almayan 400 nəfər arasında sorğu keçiriblər. Müəyyən ediblər ki, alanların 12 faizə yaxınının adambaşına orta aylıq gəliri ehtiyac meyarından yüksək olub. Amma respondentlərin 79 faizinin adambaşına orta aylıq gəliri ehtiyac meyarından aşağı olduğu halda ünvanlı sosial yardım ala bilməyiblər: «Ünvanlı sosial yardımın verilməsindən imtina edilməsinin əsas səbəblərindən biri məşğulluq idarəsinin arayışı olub. Belə ki, məşğulluq idarəsi şəxsin ona təklif edilən işdən imtina etdiyini göstərib. Sosial müdafiə mərkəzləri də bu amili əsas götürüblər, amma işsiz şəxsə təklif edilən iş onun peşəsinə, yaşayış yerinə uyğun olmalıdı. Məşğulluq idarəsindən verilən arayışda isə bu məqamlar öz əksini tapmayıb».


Vüsal Qasımlının sözlərinə görə, ünvanlı sosial yardımın verilməsiylə bağlı bürokratik əngəllər, qeyri-rəsmi ödənişlərin mövcudluğu bu yardımın ona daha çox ehtiyacı olan ailələrə gedib çıxmasına mane olur. Belə ki, yoxsul öz yoxsulluğunu sübut etmək üçün nəzərdə tutulan 21 arayışdan heç olmasa 7-8-ni toplamalıdı. İqtisadi Tədqiqatlar Mərkəzi bu arayışların sayının azaldılması və «bir pəncərə» qaydasının tətbiqinin vacibliyini bildirir. Qurum hesab edir ki, ehtiyac meyarı minimum yaşayış meyarına uyğunlaşdırılmalı, yardım verilən zaman ailənin əmlakının nəzərə alınması qaydaları yumşaldılmalıdı.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Natiq Qasımov isə deyir ki, kiminsə özünü yoxsul sayması o demək deyil ki, mütləq ünvanlı sosial yardım almalıdı. Bunun üçün yerli əhalinin sosial müdafiəsi şöbələrinin əməkdaşları ailədə olub qiymətləndirmə aparır. Amma Qasımov da hesab edir ki, yardımın verilməsində təkmilləşdirmə aparılmasına ehtiyac var: «Biz təkliflərimizi Nazirlər Kabinetinə vermişik. Dünya Bankı bununla bağlı monitorinq aparır. Monitorinq iyunda bitəcək. Ondan sonra yardımın verilməsində köklü dəyişikliklər olacağı gözlənir».


Natiq Qasımovun sözlərinə görə, yaxın vaxtlarda bəzi regionlarda «bir pəncərə» sisteminin tətbiqinə başlanacaq. Şöbə müdiri bildirir ki, yaxın günlərdə bahalaşmayla əlaqədar ehtiyac meyarına bir də baxılacaq. İndi ehtiyac meyarı 45 manat götürülür. Ölkədə isə adambaşına orta aylıq gəliri 45-70 manat arası olan 1 milyon adam var. 90 mindən artıq şəxs isə ünvanlı sosial yardım alır.


Yeri gəlmişkən, millət vəkili Pənah Hüseyn bildirib ki, yerli məmurlar ünvanlı sosial yardım alanların siyahısını gizlədir. Natiq Qasımov isə deyir ki, bu, vətəndaşın şəxsi məlumatı kimi qorunur.


XS
SM
MD
LG