Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:26

Yüz milyonlarla avropalı sevimli mahnısını necə seçəcək?


Elnur və Samir, 15 may 2008
Elnur və Samir, 15 may 2008

Mayın 24-də gecə yüz milyonlarla avropalı telefonla mesaj göndərməklə 53-cü «Eurovision» mahnı müsabiqəsinin finalında sevimli mahnılarına səs verəcəklər.


Yarım əsrdən çox olan bu yarışma son illər Mərkəzi və Şərqi Avropanı, Cənubi Qafqazı əhatə edir. Son vaxtlar bu yarışmanın əhatəsinin genişlənməsinə baxmayaraq, «Eurovision» daha çox 2 xüsusiyyəti-bayağılığı və siyasiliyinə görə tanınır.


Tənqidçilərdə əsasən «Eurovision»u siyasi yarışma olmasına görə tənqid edir. Bu yarışma İkinci Dünya Müharibəsindən sonra başlayan, bölünmüş qitənin birliyini göstərmək cəhdi olub. İlk dəfə 1956-cı ildə İsveçrədə keçirildiyi vaxtdan siyasi çalarlara malik olub. Bu musiqi yarışması qonşunun qonşusuna səs verməsinə görə də tanınır. Məsələn, Kipr və Yunanıstan hər il ən yüksək 12 xalı bir-birlərinə verirlər. Balkan və Skandinaviya ölkələri də onlar kimi.


İrlandiyalı Ket Mils ömrü boyu «Eurovision»ın fanatı olub:


«Burda həmişə siyasi və qonşuya səsvermə haları özünü göstərib. Bu yeni bir şey deyil. 1960-70-ci illəri xatırlatmaq istəyirəm. Onda Skandinaviya ölkələrindən, bir də Portuqaliya və İspaniyadan ibarət bloklar vardı. İndisə qonşuya səs vermə özünü daha aydın göstərir. Çünki yeni bloklar yaranıb-keçmiş SSRİ ölkələrindən ibarət SSRİ və keçmiş Yuqoslaviya ölkələrinin Balkan bloku».


Ancaq qonşular heç də həmişə bir-birlərinə səs vermirlər. Qarabağ münaqişəsinə görə Azərbaycan və Ermənistan bir-birlərini qəbul edə bilmirlər. Elə erməni müğənni Siruşonun «Eurovision»da oxuduğu mahnını «You Tube» saytında müzakirə edən bir qrup azərbaycanlı Azərbaycan musiqisinin müəllif hüququnun pozulduğunu bildirir. Onlar «Eurovision» Təşkilat Komitəsini inandırmağa çalışırlar ki, erməni mügənninin oxuduğu bu mahnının musiqisi Azərbaycanın üç məşhur xalq musiqisi əsasında hazırlanıb.


«Eurovision»u hər il Britaniyada təqdim edən aparıcı Terri Vuqan deyir ki, bu yarışmanın məqsədi həmişə hamını bir araya gətirmək olsa da, əvəzində bu birlikdən nə qədər uzaq olduğumuzu göstərir.


Kiçik ölkələr üçün «Eurovision»ın xüsusi əhəmiyyəti var. Onlar təkcə milli musiqilərini təbliğ etmirlər, həm də ölkələrinə potensial turist cəlb edirlər.


Moldovanın yarışmaya göndərdiyi müğənni Geta Burlaku da «Eurovision»a qatılmağını ölkəsinin təbliği üçün bir şans sayır:


«Burda tək mənim adım hallanmır. Bu yarışma həm də ölkəmin reklam kampaniyasıdr. Ümid edirəm ki, bu çox gözəl şou olacaq. Həm Moldovada, həm də bütün dünyada yaşayan moldavanlar mənimlə fəxr edəcək».


XS
SM
MD
LG