Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:42

May ayı da bitir, amma müxalifət bir araya gələ bilmir


Artıq müxalifətin vahid namizədlə çıxış edə bilməməsi adi bir hal kimi yaşanır
Artıq müxalifətin vahid namizədlə çıxış edə bilməməsi adi bir hal kimi yaşanır

Partiyalar, KİV-lər və qeyri-hökumət təşkilatları – bunlar seçki prosesinin mühüm atributlarıdır. Biri seçki fəaliyyətini, digəri informasiya axınını, üçüncüsü isə ictimai nəzarəti həyata keçirir. Normal demokratik rejimlərdə bu üç atribut arasında ictimai balans olur, heç bir institut o biri ilə müqayisədə hiss olunacaq dərəcədə zəif olmur. Azərbaycanda isə fərqli mənzərə müşahidə olunur. Seçki prosesi mətbuatın, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının zəiflədilməsi ilə başlayır.



Nəticədə siyasi səhnə bəsitləşir, mürəkkəb sosial-siyasi proseslər nəzərə çarpmır. Seçkinin sonunda formalaşmalı olan mənzərə seçkinin əvvəlində təzahür edir. Hakim partiya zəif siyasi partiyalar, fəaliyyəti məhdudlaşdırılmış mətbuat orqanları və qeyri-hökumət təşkilatları üzərində qələbə qazanır. Beləcə, seçki məsələsi seçkinin özünə qədər həll edilmiş olur.


2008-ci ilin prezident seçkisi də bu mənada istisnalıq təşkil etmir. Hər şey əvvəlki seçkilər vaxtında olduğu kimi cərəyan edir. Yenə də hakim partiya seçkidə böyük qələbə qazanacağına əmindir, mətbuat məhdud fəaliyyət çevrəsindən çıxa bilmir, seçkini müşahidə edəcək qeyri-hökumət təşkilatları isə müxtəlif hüquqi və qeyri-hüquqi problemlər yaşayırlar. İndi bu həlqədə ən zəif elementlərdən biri də müxalifətdir.


Azərbaycan müxalifətinin pərakəndəliyi bütün seçkilər dövründə müşahidə olunub. Bu ölkədə həll edilməmiş problemlərdən biri də müxalifətin vahid namizəd problemidir. Bu məsələ haqqında o qədər danışıldı və o qədər müzakirə aparıldı ki, axırda hamı bundan yoruldu. Artıq müxalifətin vahid namizədlə çıxış edə bilməməsi adi bir hal kimi yaşanır.


Münasibətlərin indiki vəziyyətində barışıq ehtimalı çox zəifdir. Mövqelər çox qəti və kəskin şəkildə ortaya qoyulub. Heç kim öz mövqeyini güzəşt etmək istəmir. Siyasət isə dialoqu sevir
2008-ci ilin seçkisi ərəfəsində də eyni hal müşahidə edilir. Müxalifətin seçkiyə münasibətinin may ayında dəqiqləşəcəyi deyilirdi. Amma may ayı bitir, hələ Seçki Məcəlləsinin taleyi açıq qalıb və müxalifət də özünün seçkiyə münasibətini dəqiqləşdirməyib. Ölkə müxalifəti Seçki Məcəlləsinə münasibətdə qismən dəyişiklik və tam dəyişiklik tərəfdarlarına bölünüblər. Hətta birgə müzakirələr də baş tutmur. Bu yaxınlarda «Azadlıq» bloku ilə Müsavat və onun ətrafındakı bir neçə siyasi partiya arasında birgə müzakirələr alınmadı. Heç kim öz mövqeyindən çəkilmək istəmir. Məsələ bundadır ki, seçkinin taleyini bir neçə prinsipial müddəa həll edir. Bu məsələlərdə isə hakim partiya güzəştə getmək istəmir. Elə bu səbəbdən bəzi siyasi partiyaların fikrincə bir – iki texniki dəyişikliklə seçkiyə qatılmağın mənası yoxdur. Seçki Məcəlləsinə əlavə və dəyişikliklər elə vəziyyətdədir ki, fəal seçki tərəfdarlarının mövqeyi gündən-günə zəifləyir.


Amma seçkini boykot etmək istəyənlərin də mövqeyini güclü hesab etmək olmaz. Hər iki halda suallar meydana çıxır və hələ ki bu suallara dəqiq cavab verilməyib.


Çox güman ki, müxalifət partiyaları arasındakı siyasi gərginlik davam edəcək. Münasibətlərin indiki vəziyyətində barışıq ehtimalı çox zəifdir. Mövqelər çox qəti və kəskin şəkildə ortaya qoyulub. Heç kim öz mövqeyini güzəşt etmək istəmir. Siyasət isə dialoqu sevir.


Dərindən fikirləşəndə Azərbaycan siyasətində bir məntiq problemi var. İndi dünya qeyri -səlis məntiqlə idarə olunur. «Hə» ilə «yox», «doğru» ilə «yalan» arasında çoxlu sayda başqa hallar mümkündür. Amma Azərbaycan siyasətçiləri bunu nəzərə almırlar. «İkili standartlar»dan gileylənmək də həmin köhnə məntiqin təzahürüdür. Seçkidə iştirak etməməyin alternativi nədir? Seçkidə iştirak etmək müxalifətə və cəmiyyətə nə verir? Əslində bu suallara cavab verilməlidir. Təəssüf ki, belə cəhdlər yoxdur. Müxalifət sanki labirintdədir. Hər iki halda-seçkidə iştirak etmək və etməmək halında siyasi perspektiv aydın deyil. Bəlkə də qəbul edilmiş qərarlar da elə bunun nəticəsidir. Müxalifət partiyalarının bir qismi seçkidə iştirak etməklə cari problemlərini həll edir, digəri isə iştirak etməməklə prinsipiallığını qoruyub saxlamağa çalışır. Bəs cəmiyyət bu halda nə qazanır? Onun rəyi necədir?


Bütün bu suallar özündə bir məchulluq daşıyır. Elə siyasətin özündə də bir məchulluq var və zaman keçdikcə bu məchulluq artıq, siyasət dar bir çevrənin məşğuliyyətinə çevrilir.


XS
SM
MD
LG