Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:32

Avropa Çempionatı başlayandan Azərbaycanda oğurluq halları çoxalıb


Avropa Çempionatı başlayandan səhhətindən şikayət edənlər varmı?
Avropa Çempionatı başlayandan səhhətindən şikayət edənlər varmı?

Qələbəyə sevinib, məğlubiyyətə üzülən azarkeşlər futbola daha çox harda baxmağı xoşlayırlar? Avropa Çempionatında Türkiyə millisinə azarkeşlik edən Sabir deyir ki, əlbəttə evdə: «Uzanırsan divana, çay da yayında. Kafedə tüstüdən adam boğulur».


Amma bu, həmişə mümkün olmur. Əgər evdə qadın da futbola baxmaq istəyirsə, problem yoxdu. Televiziya «pultu»nu tərəflər bir-birinə güzəştə getmirsə, artıq həmin evlərdə lokal müharibələr başlayır. Hərdən-bir futbola baxan Gülnaz xanım deyir ki, artıq onlarda qarşıdurma başlayıb: «Futbola baxanda evdə qan su yerinə axır. Hüquqlarım pozulsa da, keçirəm o biri otağa, ev işlərilə məşğul oluram».


Türkiyənin məğlubiyyətilə hələ də barışmayan Arif isə deyir ki, bu yenilgi az qala onun xarakterində dəyişiklik edib. Amma yenə də çempionata baxmaqda davam edir. Oyunlara xeyli maraq və rahatlıqla baxmağa başlayan Arifə əvvəlki illərdə böyük bacısı imkan vermirmiş. Bacısı ailə qurandan sonra isə onun futbolu seyr etməsində problem yoxdu.


Arif deyir ki, evdə futbola baxmaq rahat olsa da, kafelərdə matçı seyr etməyini yeri başqadır. Çünki kafelərdə az da olsa stadion ab-havası yaranır.


Həmsöhbətlərim deyirlər ki, evdə yaxşı azarkeşlik ailə üzvlərinin hamısının futbola baxdığı zaman mümkündür. Sən futbola, ailənin başqa üzvləri isə digər verilişə baxmaq istəyirsə, istər-istəməz vəziyyət gərginləşir. Düzdür, söhbətləşdiyim bəzi kişilər «pult» həmişə, futbol olanda da, olmayanda da məndə olur» desələr də, əksər ailələrdə çempionata hazırlıq lap əvvəldən başlayıb. Məsələn, Vahid kişi deyir ki, o, çempionatdan əvvəl narazılıqlardan sığortalanmaq üçün ikinci televizor alıb. İndi başa düşür ki, bununla nə qədər uzaqgörənlik edib.


Avropa Çempionatı günlərində televiziya «pultu»nu həyat yoldaşlarına güzəştə gedən qadınların kişilərə xəbərdarlığı da var. «Pult» onlara ən uzağı çempionatın sonuna qədər verilib.


Bəs futbolu evdə yox, kafelərdə izləmək istəyənlər üçün Bakıda hansı şərait var? Paytaxtda futbol matçlarının yayımlandığı kafelər saysız-hesabsız olmasa da, bir xeylidi. Onlardan birinə baş çəkdik. Məlum oldu ki, ötən illərlə müqayisədə kafeyə gələnlər elə də çox olmur. Hər gün 20-25 nəfər ola, ya olmaya. Kafe rəhbəri Ravilli Məmmədhəsənov bunu əksər azarkeşlərin futbolu evdə seyr etmələri və kafelərin bir qədər zirzəmidə yerləşməsilə bağlayır.


Hüquqşünas Ələsgər Məmmədli deyir ki, əgər Azərbaycanda Avropa Çempionatının yayım hüququnu qazanan televiziya etiraz etməzsə, Bakı küçələrində quraşdırılan iri ekranlarla futbolu nümayiş etdirmək mümkündür. Onun sözlərinə görə, bu məsələ qonşu Türkiyədə bələdiyyə, Azərbaycanda isə icra hakimiyyətləri tərəfindən tənzimlənir. Bakıda bir neçə yerdə belə bir xidmət təşkil olunub, amma bu, lisenziyalıdır, ya yox, məlum deyil. Ötən Dünya Çempionatı vaxtı isə Respublika stadionu yaxınlığındakı ekranda bəzi oyunlar yayımlanıb.


Avropa Çempionatı başlayandan azarkeşlik etdiyi komandanın məğlubiyyətindən sonra səhhətindən şikayət edənlər olmasa da, başqa problemlər var. Məsələn, Sabirabad rayonunun Muğangəncəli kənd sakini Zaur Əhmədov deyir ki, çempionat başlayandan kəndlərində mal-qara oğurluğu xeyli çoxalıb. Oyunların davam etdiyi saatları göydəndüşmə fürsət sayan oğrular bir-iki gündə xeyli qoyun-quzu, toyuq-cücə oğurlayıblar. Oğruların hələ tapılmadığını bildirən Zaur deyir ki, belə getsə çempionatın sonuna qədər kəndlərində mal-qara, toyuq-cücə qalmayacaq.


XS
SM
MD
LG