Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:57

Sammit müxalifətin problemlərini həll edə bilərmi?


Strategiya yoxluğu müxalifət üçün həmişə xarakterik olub
Strategiya yoxluğu müxalifət üçün həmişə xarakterik olub

Seçki ərəfəsində proseslərin zəif cərəyan etməsi ideyalara da təsir edir. İndi sanki ideya kasadlığı yaşanır, siyasi proseslərə təkan verə biləcək, siyasi qüvvələri hərəkətə gətirəcək ideyalara çox az təsadüf olunur. Bəlkə ölkədəki siyasi passivliyin və apatiyanın səbəbi də budur. İnsanları maraqlandırmaq, onların diqqətini hansısa sosial – siyasi hadisələrə cəlb etmək – təəssüf ki, siyasi qüvvələr bunu bacarmırlar. Beləcə, insanlar siyasi həyatdan çəkilir, bir fenomen kimi siyasətə maraq azalır. Hər hansı bir problem o vaxt diqqəti cəlb edir ki, o, aktuallaşdırılır və bu halda cəmiyyətə təqdim edilir. Əks təqdirdə problemlərə maraq olmur, insanlar üçün onlar hər hansı əhəmiyyət kəsb etmirlər. İnsanların dəstəyini qazanmayan sosial məramlar isə yaşarlı olmur.


Amma bu yaxınlarda maraqlı bir ideya səsləndi. Söhbət müxalifətin birgə sammitinin keçirilməsindən gedir. Seçki ərəfəsində müxalifətin mövqeyini dəqiqləşdirmək, onları bir araya gətirmək baxımından belə bir tədbirin baş tutması yaxşı olardı. Hazırda ölkənin siyasi qüvvələri arasında dialoq yox dərəcəsindədir. Belə bir dialoqu ilk növbədə hakimiyyət təşkil edə bilərdi. Amma hakim siyasi qüvvənin buna marağı yoxdur. Əksinə belə təəssürat yaranır ki, siyasi hadisələrin tezliyinin və davamlılığının azalması hakim siyasi qüvvəni daha çox təmin edir.


Analizlər göstərir ki, müxalifətin hər iki qanadının – həm boykot tərəfdarlarının, həm də bununla bağlı tərəddüd edənlərin mövqeyi aydın çıxış yolu ifadə etmir. Hər iki halda müxalifət zəifdir və güclü nəticə nümayiş etdirməyə qabil deyil. Belə bir məqam unudulur ki, hər şey qarşıya qoyulan məqsəddən asılıdır. Problem də məhz ondadır ki, müxalifət hansı vəziyyətdə olduğunu və nə istədiyini müəyyən edə bilmir

Seçkinin hətta təbliğat mərhələsinin qısaldılması buna əyani sübutdur. Ölkədə siyasi monoloq mühiti hiss olunur. Dialoq heç yada düşmür.


İlk baxışda belə təəssürat yaranır ki, bütün bunların səbəbi müxalifətin pərakəndəliyindədir. İndi Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra siyasi qüvvələr bir-birini ittiham etməklə məşğuldur. Seçkini boykot etmək tərəfdarları digərlərini ardıcıl siyasi iradə nümayiş etdirməməkdə ittiham edirlər. Amma bütün müxalifət boykot tərəfdarı olsaydı belə, çox güman ki, Məcəllə indiki formada qəbul olunacaqdı. Hakimiyyət Məcəlləyə əlavə və dəyişikliklər zamanı heç beynəlxalq təşkilatların da rəyini nəzərə almadı. Hərçənd həmişə deyilirdi ki, əlavələr beynəlxalq təşkilatlarla, o cüməldən Avropa Şurasının Venesiya komissiyası ilə razılaşdırılıb.


Elə sammit ideyası da hətta müxalifət arasında belə tam dəstək qazanmadı. Məsələ bundadır ki, hamı sammitə hazır ideya və mövqe ilə gəlmək istəyir və sammitə öz ideyasının təsdiq forması kimi yanaşır. Amma faktlar tamam başqa mövqe sərgiləyir. Analizlər göstərir ki, müxalifətin hər iki qanadının – həm boykot tərəfdarlarının, həm də bununla bağlı tərəddüd edənlərin mövqeyi aydın çıxış yolu ifadə etmir. Hər iki halda müxalifət zəifdir və güclü nəticə nümayiş etdirməyə qabil deyil. Belə bir məqam unudulur ki, hər şey qarşıya qoyulan məqsəddən asılıdır. Problem də məhz ondadır ki, müxalifət hansı vəziyyətdə olduğunu və nə istədiyini müəyyən edə bilmir. Hakimiyyət nə istədiyini və buna necə nail olmağı bilir. Müxalifət haqqında isə bunu demək olmur. Sonuncu prezident seçkisi ərəfəsində Rusiyada da belə vəziyyət yaranmışdı. Amma orada siyasi qüvvələr dəqiq qərar qəbul edə bildilər. Bir hissəsi özləri üçün əlverişsiz siyasi vəziyyətdə siyasi fəaliyyəti dayandırmaq qərarına gəldilər, digər hissə isə siyasi fəaliyyəti davam etdirmək, heç olmasa maarifçiliklə məşğul olmaq niyyətində olduqlarını bildirdilər. Azərbaycandakı müxalifətin də vəziyyəti buna yaxındır. Müxalifət siyasi maarifçilik üzərində özünün siyasi fəaliyyətini qura bilərdi. Bütün bunlar təbii ki, ehtimallardır. Bunları müzakirə etmək üçün sammitlərə, birgə müzakirələrə ehtiyac var. Sammit əleyhdarları iddia edirlər ki, onsuz da müxalifət liderləri arasında danışıqlar və görüşlər olur. Amma belə tədbirlər qısa müddətli olur və bir qayda olaraq onlarda hazır siyasi qərarlar müzakirə olunur. Sammit isə ölkədəki siyasi vəziyyətin, müxalifətin mövcud durumunun və gələcək perspektivlərinin analizi baxımından maraq kəsb edir. Söhbət qısa müddət üçün nəzərdə tutulan taktiki addımlardan yox, uzunmüddətli strategiyadan gedir. Sonuncu isə Azərbaycan müxalifətinin ən ağrılı və problemli cəhətidir. Strategiya yoxluğu müxalifət üçün həmişə xarakterik olub. Bəlkə xroniki siyasi uğursuzluqlar da bunun nəticəsidir.


XS
SM
MD
LG