Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:31

Azərbaycan niyə NATO-ya müraciət etmir?


NATO demokratik ölkələrin klubudur. Azərbaycanı da məhz bu çəkindirir
NATO demokratik ölkələrin klubudur. Azərbaycanı da məhz bu çəkindirir

Artıq ikinci gündür ki, Bakıda NATO həftəsi keçirilir. Tədbirdə iştirak edən NATO rəsmisi maraqlı bəyanatla çıxış edib. O, deyib ki, Azərbaycanın NATO-ya üzvlüyü gündəmdə olmasa da, ölkə bununla bağlı Alyansa müraciət edə bilər, çünki buna blokun apardığı açıq qapı siyasəti imkan verir. NATO rəsmiləri beləcə həmişə Azərbaycanı müraciət etməyə səsləyirlər. Amma rəsmi Bakı bir qayda olaraq belə çağırışlara reaksiya vermir. Bəs səbəb nədir?


Bir vaxtlar «Ukraynadan nə bir addım irəli getməliyik, nə də geri qalmalıyıq» kimi tezisin səsləndiyi Azərbaycanın xarici siyasətində indi hansı tendensiyalar üstünlük təşkil edir? Cənubi Qafqazda geosiyasi balans niyə dəyişmir?


Bütün bu suallara birmənalı cavab vermək olmur. İllər keçir, amma ölkənin təhlükəsizliyi real təminatlar üzərində qurulmur. İndi Cənubi Qafqazda əsl geosiyasi rəngarənglik hökm sürür. Ermənistan Rusiya ilə sıx ittifaqdadır, Gürcüstan NATO-ya can atır, Azərbaycan isə ehtiyatlı siyasət yürütməkdə davam edir. Milli təhlükəsizlik konsepsiyasında Avro – Atlantika məkanına inteqrasiya strateji məqsəd kimi qeyd edilir, amma reallıqda isə NATO ilə «kənardan kənara» əlaqələr qurulur, sıx və birdəfəlik inteqrasiya üçün heç bir əməli iş görülmür. Gündəmdə isə Gürcüstan və Ukrayna reallıqları var.


NATO-dan söhbət düşəndə həmişə Rusiya amilinin adı çəkilir. Amma indi maraqlı mənzərə müşahidə olunur. Azərbaycan son günlərə qədər apardığı enerji siyasəti ilə Rusiyanın maraqlarına heç də NATO-ya inteqrasiya məsələsində olduğundan az toxunmurdu. Burada da böyük risk var

Bu yaxınlarda MDB-nin Sankt-Peterburqda keçirilən qeyri – rəsmi zirvə toplantısında Rusiya prezidenti hər iki respublikaya – həm Gürcüstana, həm də Ukraynaya NATO-ya üzv olmaq perspektivini təqdir etmədiklərini bildirdi. Amma bu xəbərdarlığı hər iki respublika etinasızlıqla qarşıladı. Üstəlik, NATO da həmin respublikalara birmənalı cavab verməyib, amma buna baxmayaraq hər iki dövlət Alyansa inteqrasiya məsələsində ardıcıl siyasət yürütməkdə davam edir.


NATO-dan söhbət düşəndə həmişə Rusiya amilinin adı çəkilir. Amma indi maraqlı mənzərə müşahidə olunur. Azərbaycan son günlərə qədər apardığı enerji siyasəti ilə Rusiyanın maraqlarına heç də NATO-ya inteqrasiya məsələsində olduğundan az toxunmurdu. Burada da böyük risk var. Enerji layihələrində bir qayda olaraq Rusiyadan yan keçmək, ən əsası isə Orta Asiyanın neft və qaz ehtiyatlarını onun nəzarətindən çıxarmaq, Avropa üçün alternativ enerji imkanları yaratmaq tendensiyası hiss olunurdu. Bu siyasətin baş tutacağı təqdirdə Rusiyanın siyasi dairələri heç də az narahat olmayacaqdılar. Artıq indidən narahatlıq notları hiss olunur və layihələrin qarşısına sədd çəkmək üçün Rusiya özünün alternativ tranzit imkanlarını təklif edir. Bu məsələdə Azərbaycan rəsmilərinin nə qədər ardıcıl siyasət yürüdəcəyi xüsusi bir mövzunun predmeti ola bilər.


NATO-ya gəldikdə isə bu alyans hərbi blok olmaqdan əlavə həm də siyasi klubdur. Bu, demokratik ölkələrin klubudur. Çox güman ki, Azərbaycan rəsmilərini məhz bu xüsusiyyət çəkindirir. Onlar Avropa Şurasından sonra daha bir «nəzarətçi» qazanmaq istəmirlər. Hazırda Avropa Şurası ilə əməkdaşlıq çox problemli xarakter daşıyır. Azərbaycan getdikcə Şuranın tövsiyələrinə daha çox etinasızlıqla yanaşır. Son günlər belə hal seçki qanunvericiliyi ilə bağlı baş verdi. Dövlət rəsmiləri açıq şəkildə bildirdilər ki, hətta seçki qanunvericiliyi ilə bağlı Şuranın yeni tövsiyyəlri olsa belə onlar nəzərə alınmayacaq, çünki artıq bu tövsiyyələrə baxmaq üçün vaxt yoxdur, qarşıdan seçki gəlir. Əslində isə bu, köhnə taktikanın yeni təzahürüdür. Hakimiyyət bir qayda olaraq seçki qanunvericiliyinə əlavə və düzəlişlərin vaxtını uzadır, son nəticədə isə elan edir ki, bunlar növbəti seçkilər zamanı nəzərə alınacaq. Avropa Şurasının ekspertlərinin isə «demokratik rejimlərdə hər bir seçki irəliyə doğru bir addımdır» deməkdən başqa çarəsi qalmır.


NATO-ya inteqrasiya məsələsi məhz bu amillərə görə müşkülə çevrilib. Məsələ bundadır ki, bu Alyansla sıx inteqrasiya jurnalistləri həbsdə saxlamaqla, azad mətbuatı təqib etməklə, seçkiləri saxtalaşdırmaqla bir araya sığmır. Ən əsası isə budur ki, Azərbaycan getdikcə mahiyyətcə Avropadan uzaqlaşmaqdadır. Bütün cəmiyyətlərin altşüurunda olan «Şərq, yoxsa Qərb» dilemması burada gerçəklikdə Şərqin xeyrinə həll edilir, baxmayaraq ki, indi ənənəvi Şərq anlamı da müəyyən dəyişikliklərə məruz qalır, hətta Şərqdə də mütləqiyyət sevilmir və təqdir olunmur.



XS
SM
MD
LG