Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:11

Müxalifətin 17 aprel aksiyasının xronologiyası


İctimai Palatanın 17 aprel aksiyasından görüntülər - 2
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid

Aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmayıb.

İsveçli jurnalist My Rohwedder Street AzadlıqRadiosuna bildirib ki, hazırda onlar Dövlət Miqrasiya İdarəsindədirlər. Onlara deportasiya olunacaqları deyilir, amma səbəb göstərilmir.

My Rohwedder Streetin sözlərinə görə, onlar heç bir çəkiliş aparmayıblar, sadəcə müşahidə edirlərmiş. Jurnalist deyir ki, onlar Azərbaycanın İsveçdəki səfirliyinə viza üçün müraciət edərkən jurnalist olduqlarını gizlətməyiblər və viza alarkən də səfirlikdən onlara hər hansı problem yarandığı təqdirdə səfirliklə əlaqə saxlanması deyilib və əlavə edilib ki, sənədlər Azərbaycan Xarici İşlər Nazirliyinə göndəriləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, jurnalistlərin kimliyi araşdırılır, əgər onların hərəkətlərində dövlətçiliyə zidd əməllər müəyyən edilməsə, sərbəst buraxılacaqlar. Amma hər hansı neqativ hal müşahidə olunsa, müvafiq addımlar atılacaq.

İsveçli jurnalist My Rohwedder Street saxlanılan zaman
17 aprel mitinqi ərəfəsində polis 3 isveçli jurnalisti - Charlie Laprevote, My Rohwedder Street, Charlotta Wijkström-u saxlayıb.

BŞBPİ: 65 NƏFƏR SAXLANILIB


Rəsmilər 17 aprel aksiyasında 65 nəfər saxlanıldığını deyir. Bu məlumat Bakı şəhər Baş Polis İdarəsi və prokurorluğun yaydığı birgə bəyanatdan götürülüb. Məlumata görə, saxlananlardan 40 nəfərin işi məhkəməyə göndəriləcək. 25 nəfər isə izahat alınandan və onlara hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.

Rəsmi məlumatda deyilir ki, İctimai Palata adından aprelin 17-də N.Nərimanov adına kinoteatrın qarşısında mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edənlərə rəsmi xəbərdarlıq olunub. Xəbərdarlıqda qeyd edilib ki, müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacaq və baş verə biləcək ictimai qayda pozuntusuna görə məsuliyyət daşıyacaqlar.

Məlumatda deyilir ki, aksiyanın təşkilatçıları aprelin 17-də saat 16.00-dan başlayaraq ümumi sayı təxminən 150 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən paytaxtın «Sahil bağı»nda toplaşmağa cəhd göstəriblər, polis isə qanunvericiliyə uyğun tədbirlərin görüb.

İctimai Palatadan verilən son məlumata görə isə 80 nəfərdən çox adam saxlanıb.

AXCP 50-yə YAXIN FƏALININ HƏBS OLDUĞUNU DEYİR


AXCP sədrinin köməkçisi Faiq Əmirov bildirib ki, saxlananlar arasında AXCP sədrinin müavini Gözəl Bayramova, AXCP Naxçıvan Təşkilatının sədri Asəf Quliyev, AXCP sədrinin müşaviri Şakir Abbasov, AXCP Qadınlar Şurasının sədri Solmaz Hüseynova, AXCP funksionerləri Ramiz Əhədov, Səadət Qabilqızı da var.

Onları Yasamal və Nəsimi polis bölməsinə aparıblar.

JURNALİSTLƏRƏ TƏYZİQ EDİLİB

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, polislər bir neçə jurnalist Şahvələd Çobanoğlu, Natiq CavadlıRövşən Hacıyevi «Azərtac»ın qarşısından əl və ayaqlarıyla vura- vura uzaqlaşdırıblar.

«Azərtac» Dövlət Teleqraf Agentliyinin qarşısında yerli televiziyalardan şikayətlənən bir nəfəri polis saxlayıb. AzadlıqRadiosunun müxbiri bildirir ki, həmin ərazidə hər adama bir mülki geyimli şəxs var.

İctimai Palata polis tərəfindən saxlanılanların siyahısını yayıb. İctimai palata Aksiyada 60-a yaxın şəxsin saxlandığını deyir.

«MİLÇƏKDƏN FİL DÜZƏLTMƏK İSTƏYƏNLƏR VAR»


YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı İctimai Palatanın bu günkü aksiya cəhdini belə qiymətləndirir. AzadlıqRadiosuna müsahibəsində millət vəkili bildirib ki, Sahil bağında mətbuatın, QHT-nın təmsilçiləri olsa da, aksiya iştirakçıları gözə dəyməyib:

«Bu, bir daha göstərir ki, Azərbaycanda, Bakıda insanlar bu cür aksiyalara mənfi münasibət göstərirlər. Bu iflasdır, radikalların iflası gözə qabağındadır. Bu dəqiqə bağda adamlar oturub dincəlir, girib-çıxır. Aksiya tərəfdarlarını mən görmədim. Mən əmin idim ki, onları görməyəcəyəm. Bu adamlar hay-küydən başqa heç nə edə bilmirlər».

M. Qurbanlı heç kimin saxlanmadığını bildirib:

«Kimsə ictimai asayişi pozubsa, araşdırılıb, buraxılacaq. Ajiotaj yaratmaq lazım deyil. Ərazidə çoxsaylı polis deyil, azacıq polis asayişi qoruyur. Polis müşahidə aparır ki, qeyri-qanuni hərəkətlərə yol verilməsin».


HÖKÜMƏT ƏLEYHİNƏ VƏRƏQƏLƏR SƏPƏLƏNİB

Polis H.Əliyev parkında istirahət edənlərə xəbərdarlıq edir ki, buranı boşaltsınlar. Buna etiraz edənləri isə polis saxlayıb.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, «Xalq qəzetinin» redaksiyasının yaxınlığında hökumət əleyhinə vərəqələr səpələnib. Vərəqəni kimin səpələndiyi məlum olmasa da, vərəqələri «Ukrayna» restoranın işçilərinə yığdırırlar.

Vərəqələrdə «Rədd olsun tiranlıq, yaşasın azadlıq», «Kral klan rejiminə son», «İlham istefa» kimi şüarlar yazılıb.

Polis Müsavat partiyasının regional koordinatoru Füzuli Vəziroğlunu Güzdək istiqamətinə aparıb və onu sərbəst buraxıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən Füzuli Vəziroğlu bildirib ki, onu günorta saat 3 radələrində H.Əliyev adına sarayın yanından saxlaylıblar və yol boyu ona hər hansı polis zorakılığı olmayıb.

İSVEÇLİ JURNALİSTLƏR MİQRASİYA İDARƏSİNƏ APARILIBLAR


Bu barədə həmin jurnalistlərdən biri AzadlıqRadiosunun müxbirinə zəng edərək məlumat verib.

Polis 3 isveçli jurnalisti - My Rohwedder Street, Charlie Laprevote, Charlotta Wijkström-u saxlayaraq əvvəlcə Səbail rayonunun 39-cu polis bölməsinə, daha sonra arxa qapıdan çıxarılaraq Miqrasiya İdarəsinə aparılıblar.

İsveçli jurnalist Charlotta Wijkström
Jurnalistlər dünən səhərdən Bakıdadırlar.

30-a YAXIN ADAM SAXLANILIB


Nizami kinoteatrının qarşısında dayanmış bir dəstə adam şüarlar səsləndiriblər. Polis 30-a yaxın adamı saxlayıb. Saxlananlar arasında tibb elmləri doktoru, professor Adil Qeybulla da var. O, AzadliqRadiosuna bildirib ki, sakit dayandığı yerdə polis əməkdaşları onun qollarından yapışıb və polis maşınına otuzdurub. Onunla birlikdə maşında Müsavat partiyasının Sumqayıt təşkilatının təmsilçisi Əli Qarayev də var. Adil Qeybulla hansı istiqamətə aparılacaqları barədə məlumatsız olduğunu deyir.

AzadlıqRadiosunun müxbiri bildirir ki, saxlananlar Hesablama Palatasının həyətinə yığırlar. Jurnalistlərə zorakılıq edilir, onlara həmin ərazini çəkməyə icazə verilmir.

Sahil bağı tam boşaldılıb. İndi insanlar mahnı teatrı qarşısında cəmlənib. Ərazidə xeyli sayda mülki geyimli şəxslər var.

POLİS JURNALİSTLƏRİ DƏ VURUR

Polis jurnalistləri də vurur. Və bu zaman onlardan üzr istəmir və ya bunun təsadüfən olduğunu söyləmir.

Polislər 5 yaşlı qızı saxlayıb. Anasının yanında «Azadlıq, Azadlıq» çığıran uşağı post patrol xidmətinin əməkdaşları maşına mindirərək ərazidən uzaqlaşdırıb. Uşağı anası da müşayiət edir.

Aksiya başladı. Aksiya zamanı polis 10-a yaxın aksiyaçını saxlayıb.

ELMAN TÜRKOĞLU DÖYÜLÜB


«Azadlıq» qəzetinin müxbiri xəbər verir ki, mitinqin başlanmasına təxminən 15 dəqiqə qalmış Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Elman Türkoğlu polis tərəfindən saxlanılıb. O, «28 may» metrostansiyasının yaxınlığında polislər tərəfindən döyülüb. Elman Türkoğlunun mobil telefonu əlindən alınaraq, söndürülüb.

Polis İctimai Palatanın aksiyasını müşahidə edən hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu Səadət Bənənyarlını qollarından tutub aparmaq istəyib.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, hüquq müdafiəçiləri Daxili İşlər nazirliyinə zəng edib, şikayətləndikdən sonra polislər kənarlaşıblar.

YAP-ın qərargahının qarşısında nəqliyyat naziri Ziya Məmmədovdan şikayətlənən bir nəfəri polis saxlayıb.

Heç bir partiyaya mənsub olmadığını deyən həmin vətəndaş ərazidə dayanıb monitorinq keçirən hüquq müdafiəçilərinə şikayətlənirmiş.

2 İSVEÇLİ JURNALİST SAXLANILIB


2 İsveçli jurnalist mülki geyimli şəxslər tərəfindən saxlanılıb. My Rohwedder Street Charlotta Wijkström Azərbaycanda iqtisadi inkişaf fonunda baş verən proseslərlə tanışlıq, eləcə də Azərbaycan- Avropa münasibətləri haqqında İsveç telekanalları üçün reportajlar hazırlamaq məqsədilə Azərbaycana səfər ediblər.

AKSİYA ÖNCƏSİ HƏBSLƏR


AzadlıqRadiosunun müxbiri xəbər verir ki, aksiya başlamasına yarım saat qalmış Sahil bağından təxminən 1 km aralıda, Mərkəzi kassanın yaxınlığında Müsavat partiyasının fəalı Hüseyn Məlikov həbs olunub.

Nizami kinoteatrının yanında Nəsimi rayon polisi 3 nəfəri saxlayıb, polis maşınına mindirib naməlum istiqamətə aparıb. Saxlananların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

YAP icra katibi Əli Əhmədov, YAP-çı millət vəkilləri Siyavuş Novruzov və Eldar İbrahimov YAP-ın qərargahından Sahil bağını seyr edirlər.

POLİS SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDİR

Bu dəqiqələrdə polis xəbərdarlıq edir ki,«Sahil» bağının ətrafında olan maşınlar götürülsün. Amma səbəb sürücülərə izah edilmir.

Bülbül prospektindən «Sahil» metrosuna qədər onlarla polis maşını gözə dəyir. «Sahil» bağı polis tərəfindən dövrəyə alınıb. Amma bağda istirahət edən onlarla sakinə məhdudiyyət yaradılmayıb.

İçi polisə məxsus ləvazimatlarla dolu yük maşınının boşaldılmasını lentə almaq istəyən AzadlıqRadiosunun əməkdaşlarına polis təzyiq göstərib.

«SAHİL» METROSUNUN ƏTRAFI POLİS NƏZARƏTİNDƏDİR

Ərazidə olan AzadlıqRadiosunun müxbirlərinin müşahidəsinə görə, ətrafda həm də əvvəlki aksiyalarda görünən mülki geyimli şəxslər var. Əraziyə içərisində Çevik Polis Alayının əməkdaşları olan avtobuslar da gətirilib.

«Sahil» bağına yaxın mərkəzi küçələrdən biri iki tərəfdən bağlanıb. 28 May küçəsinin bağa tərəf yaxın hissəsində yola beton dirək uzadılıb, qadağan lenti çəkilib və maşınlar düzülüb. Küçənin digər başında da eyni vəziyyət yaradılıb. Ərazidə olan Bakı şəhər icra hakimiyyətinin işçiləri AzadlıqRadiosuna bildiriblər ki, həmin küçədə bu gün ağacların budama işləri aparıldığından küçədə hərəkətə məhdudiyyətlər yaranıb.

İctimai Palata «Sahil» bağı ərazisində etiraz aksiyası palanlaşdırıb.

KÖÇƏRİ NAĞIBƏYLİ SAXLANILIB


Polis aprelin 16-da İctimai Palatanın Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəylini saxlayıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən Müsavat partiyasının təmsilçisi Gülağa Aslanlının sözlərinə görə, Nəsimi rayon məhkəməsi Köçəri Nağıbəylinin barəsində 7 sutkalıq həbs qərarı seçib. Gülağa Aslanlının iddiasına görə, Köçəri Nağıbəylinin həbsi 17 aprel mitinqi ilə bağlıdır. Hələlik onun vəkili olmadığından Köçəri Nağıbəylinin həbsinin təfərrüatları barədə məlumatsızlıq var. Gülağa Aslanlı onun bu gün vəkillə təmin olunacağını deyir.

Nəsimi rayon polis idarəsindən isə Köçəri Nağıbəylinin onlara gətirilmədiyini bildirdilər.

Köçəri Nağıbəyli 2 aprel mitinqi zamanı da saxlanmış və barəsində 7 sutkalıq həbs-qəti imkan tədbiri seçilmişdi.

İCTİMAİ PALATA AKSİYA KEÇİRMƏK NİYYƏTİNDƏDİR

İctimai Palata aprelin 17-si metronun «Sahil» stansiyası qarşısında etiraz aksiyası palanlaşdırıb. Aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmayıb. İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətində aksiyanın metronun «Nəriman Nərimanov» stansiyasinın qarşısında keçirilməsi istənilsə də buna icazə verilməyib. Şəhər rəhbərliyi aksiyanın təşkilatşılarına yenə Səbail rayonunundakı «20-ci sahə»də sürücülük məktəbinin həyətini təklif etmişdi.

İctima Palata isə şəhər rəhbərliyinin bu təklifini qəbul etmir. Onlar metronun «Sahil» stansiyası qarşısında istəklərini gerçələşdirəcəylərini bəyan ediblər. İctima Palataya görə bu onların konstitusion haqlarıdır.

Aprelin 15-də Bakı şəhər Baş Polis İdarəsinə çağırılan İctimai Palatanın Mitinq Komitəsinin üzvləri Asəf Quliyev, Hüseyn Məlikov, Fikrət Cəfərov və Əli Orucova xəbərdarlıq edilib.

MİTİNQİN QARŞISI QƏTİYYƏTLƏ ALINACAQ


Mitinq üzvlərinə BŞBPİ-nin rəis müavini Yaşar Əliyev, Bakı şəhər prokurorunun müavini Qənimət Səfərov və prokurorluğun idarə rəisi Arif Pənahov bildirib ki, aksiyanın keçirilməsi üçün ayrılmış yerdən kənarda mitinq keçirilərsə qarşısı qətiyyətlə alınacaq. Baş verənlərə görə isə məsuliyyəti təşkilatçılar daşıyacaq. Ancaq İctimai Palataya daxil olan partiyaların rəhbərləri də bəyan ediblər ki, onlar dinc aksiya keçirmək niyyətindədirlər. Əgər hər hansı gərginlik və təxribat halı yaşansa bunun məsuliyyəti hakimiyyətin üzərində qalacaq.

İctimai Palata bundan əvvə aprelin 2-də də «Fəvvarələr» meydanında razılaşdırılmamış aksiyaya cəhd etmişdi. Onda 150-dən çox aksiya iştirakşısı saxlandı. Hazırda 2 aprel aksiyasına görə, 11 nəfərə qarşı cinayət işi açılıb.Onlardan 10-u 2 aylıq həbs alıb.
XS
SM
MD
LG