Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:53

Kamal Abdulla: «Trilogiya bitdi! Yaşasın trilogiya!»


Kamal Abdulla
Bu yaz tanınmış dilçi alim, professor Kamal Abdulla üçün çox uğurlu gəlib. Macarıstanın paytaxtı Budapeştdə macar müəllif Kenessey Maria ilə birgə qələmə aldığı «Azərbaycanca danışaq. Ölkə və onun dili» adlı kitabı işıq üzü görüb. Həmçinin, yazıçının trilogiya kimi nəzərdə tutduğu «Yarımçıq əlyazma», «Sehrbazlar dərəsi» əsərlərinin sonuncusu - «Unutmağa kimsə yox» romanı da kitab halında oxucuların görüşünə gəlib. Odur ki, fürsət düşmüşkən, müsahibə verməyə çox da həvəsli olmayan Kamal Abdulla ilə hər iki kitab haqqında söhbət etdik. Beləliklə, «İz»in qonağı professor Kamal Abdulladır.

İLK NƏŞR FRANSIZCA ÇIXDI

-- Kamal müəllim, trilogiyanın son kitabının—«Unutmağa kimsə yox» romanının çapdan çıxmasıyla bağlı təbriklərimizi qəbul edin. Ancaq gəlin, söhbətə ondan az öncə Macarıstanda çıxan «Azərbaycanca danışaq. Ölkə və onun dili» kitabınızdan başlayaq. Bu seriyadan kitablar buraxmaq fikri necə yarandı?

-- Fransada «Harmattan» nəşriyyatının başqa dillərin təbliği ilə məşğul olan şöbəsi var. Həmin şöbənin müdiri Mişel Male mənə təklif etdi ki, Azərbaycan dilini, mədəniyyətini, ölkənin bugünkü durumunu, tarixini, ədəbiyyatını Fransada təbliğ etmək üçün belə bir kitabın yaranmasına ehtiyac var. O zaman mənim Fransada «Yarımçıq əlyazma» romanım təzəcə çapdan çıxmışdı. Və yeni bir kitabın sifarişini verdilər. Beləliklə, Fransada «Azərbaycanca danışaq» kitabım işıq üzü gördü. Mən bu kitabı müsyö Male ilə bir yerdə hazırladım. O özü çox gözəl tarixçi, Şərq dillərinin bilicisi, Şərq dünyasını sevən bir adamdır. Onunla hazırladıq. Bu, kitabın fransız nəşri oldu. Elə güman edirəm ki, bugünkü Azərbaycan həqiqətlərini, ölkənin tarixini, mədəniyyətini təbliğ etmək üçün bir neçə il əvvəl çıxan bu kitabın öz yeri və əhəmiyyəti vardır. Çünki Fransada da artıq Azərbaycanın dilini, ədəbiyyatını öyrənən tələbələr, bu dili tədris edən müəllimlər ortaya çıxır və bu kitab bir tədris vəsaiti kimi də maraqlı və gərəklidir. Fransada çıxandan sonra mənə Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovdan təklif gəldi ki, bu kitabı Rumıniyada da çap etdirək. Razılıq verdim, kitab rumın dilində çıxdı. Və nəhayət, Macarıstandan təklif gəldi. Bu ölkədəki səfirimiz professor Vilayət Quliyev mənə həmmüəllif də tapdı.

ÖN SÖZÜ VİLAYƏT QULİYEV YAZDI

--Kamal müəllim, elə soruşmaq istəyirdim ki, Macarıstanda nəşr edilən kitabın bir müəllifi Siz, o biri macardır--Kenessey Mariadır. Macar həmmüəllif haqda dinləyiciləri bilgiləndirə bilərsinizmi?

--O, Budapeşt Universitetin Türkologiya kafedrasının müəllimidir, professordur. Ötən əsrin 70-ci illərində ADU-nun Filologiya fakültəsini bitirib. Azərbaycan dilinə, xalqına marağı olan adamdır, bu sahədə mütəxəssisdir. Mənim onunla həmmüəllifliyim onun Azərbaycan mətnlərini macar dilində təqdim etməsindən ibarət oldu. Çünki «Azərbaycanca danışaq» tipli kitablarda təkcə Azərbaycan dilində materiallar olmur. Eyni zamanda hansı ölkə üçün nəzərdə tutulubsa, gərək materiallar həmin ölkənin dilində də verilsın. İndiki halda da macar dilində mətnlər həmin xanım-- Kenessey Maria tərəfindən işlənildi və «Azərbaycan-macar dilinin lüğəti», «Azərbaycan-macar əlaqələri» və s. bölmələr kitabda əksini tapdı. Kitabın ön sözünü professor Vilayət Quliyev yazdı.

GEORQ HAZAYIN REDAKTORLUĞU MƏNİM ÜÇÜN ŞƏRƏFDİR


--Kamalabdulla.az saytından oxudum ki, kitabın redaktoru dünyaca ünlü türkoloq kimi tanınan akademik Giorg Hazaydır...


--Elədir. Onu Azərbaycanda da yaxşı tanıyırlar, sovet məkanında da, dünyada da. Georq Hazay Macarıstan Elmlər Akademiyasının həqiqi üzvüdür. Belə bir tanınmış türkoloqun kitabın redaktoru olması mənim üçün böyük bir şərəfdir. Onun kitabı redaktə etməsi həm kitab üçün faydalıdır, həm də Azərbaycan dilinin öyrənilməsinin yeni bir nümunəsidir. Elə bilirəm ki, bizim ünsiyyətimiz bu kitabdan sonra da davam edəcəkdir. Yeri gəlmişkən, may ayında Macarıstanda həm Elmlər Akademiyasında, həm də Budapeşt Universitetində kitabın təqdimat mərasimi olacaq. Məni artıq ora dəvət ediblər.

--Bu nəşrin Macarıstanda necə qarşılandığı barədə məlumatınız var?

--Kitabın təqdimatının həm Elmlər Akademiyasında, həm də Budapeşt Universitetində keçirilməsi onu göstərir ki, bu kitaba ehtiyac var və kitab öz ömrünü yaşayacaq. Təbii ki, bu kitab Macarıstanda olan azərbaycanşünaslar, azərbaycansevərlər üçün nəzərdə tutulub. Vacib deyil ki, sən Azərbaycan dili ixtisası üzrə təhsil alasan, əsas odur ki, Azərbaycana marağın olsun. Çünki o kitabı açanda, hər iki dildə olan materiallar səni eyni zamanda Azərbaycan dünyasına salmağa xidmət edəcək, sanki Azərbaycana qiyabi səfər edəcəksən.

TƏKLİF HARADAN GƏLSƏ...

-- Kamal müəllim, daha hansı ölkələri «Azərbaycanca danışdırmaq» istəyirsiniz?

--Vallah, bu kitab ümumi bir modeldir, quruluşdur. Bu quruluşu dünyanın hər hansı bir dili ilə zənginləşdirib, həmmüəllif tapıb həmin dilin daşıyıcısı olan xalq üçün maraqlı etmək olar. Təklif haradan gəlsə, bu işi davam etdirərik. «Azərbaycanca danışaq» kitabına bir çox ölkələrdə ehtiyac var. Bu gün bir çox ölkələrdə Azərbaycan dilini, mədəniyyətini, tarixini öyrənən universitet öyrənciləri yetişir.
«Unutmağa kimsə yox» o deməkdir ki, xatırlamağa da kimsə qalmayıb...
Məsələn, Moskva Linqvistik Universitetində azərbaycanşünas tələbələr var. Onlar üçün bu kitab maraqlı ola bilər. Və yaxud Belarusda bu yaxınlarda bizim universitet (Bakı Slavyan Universiteti - S.İ.) oradakı Pedaqoji Universitetdə Azərbaycan Mədəniyyət Mərkəzi açıb. Bir azdan orada dilimiz də tədris ediləcək. Eyni şey yaxın gələcəkdə Ukraynada həyata keçiriləcək. Macarıstanda da bunu etmək olar. Bu yaxınlarda Bolqarıstandan—Sofiya Universitetindən qonaqlar gəlmişdi, onlar da çox maraqlandılar, öz universitetlərində Azərbaycan dili mərkəzi açmaq istədiklərini bildirdilər. Bu onu göstərir ki, müstəqil Azərbaycanın irəli addımları dünya xalqlarının bu şəkildə də marağına və münasibətinə səbəb olur. Bunu qiymətləndirməliyik.

DƏRYADA BALIQ SÖVDASI?

-- Macarıstanın bir adı Hunqaridir – yanılmıramsa, hunlar diyarı mənasına gəlir. Belə çıxır Azərbaycan türkləri ilə bəlli dərəcədə qohumdurlar?

--Bilirsiniz, hunlarla Azərbaycan türklərinin qohumluğu dəryada balıq sövdasıdır. Biz özümüzə belə dostlar axtara-axtara az qalıb ki, dostsuz qalaq. Ona görə də ən böyük dostluq bugünkü maraqlardır, bir-birinin dilini öyrənmək arzusudur. Bu həvəs belə kitablarla, tərcümə əsərləri ilə--macar ədəbiyyatını Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatını macar dilinə çevirməklə yarana bilər. Qədimdəki o münasibətlər-- əgər olubsa da-- indi heç kimi maraqlandırmır. Biz özümüzü aldadıb deyə bilərik ki, qan qohumluğumuz var, nə bilim nəyimiz var, bunlar dediyim kimi, dəryada balıq sövdasıdır...

--Kamal müəllim...

--Deyəsən, cavabım sizi qane eləmədi?

--Yox-yox...Mən jurnalistəm. Hər cür cavaba alışığam. Sadəcə, sizin fikrinizi bilmək mənim üçün maraqlıydı...

--Üzr istəyirəm, demək istəyirəm ki, biz gərək belə məsələlərdə bir az ciddi olaq. Biz uşaq deyilik ki, özümüzə qədim dostlar, əqrəbalar axtaraq. Biz türkdilli xalqıq. Qohumlarımız da bəllidir, əqidəmiz də bəllidir, gedəcəyimiz yol da. Hunlar imperiya olub. Tərkibində bir çox millətlərin nümayəndəsi olub. Məncə, bizim onlarla qohum olub-olmamağımız heç maraqlı da deyil...

TRİLOGİYA BİTDİ! YAŞASIN TRİLOGİYA!

--Söhbətin əvvəlində dediyim kimi, «Yarımçıq əlyazma» ilə başlayıb «Sehrbazlar dərəsi» ilə davam edən trilogiya—«Unutmağa kimsə yox» romanı ilə tamamlandı. Kitabı gördüm. Tərtibatı çox gözəldi. Trilogiya bitdi, bundan sonra nə gələcək?

--Trilogiya bitdi! Yaşasın trilogiya! (Gülüşmə). Demək çətindir, Sevda xanım, bundan sonra nə olacaq...Ola bilər nə isə gəlsin, ola bilər də gəlməsin. İrəlicədən planlaşdırmaq doğru olmazdı...

--Siz özünüz necə, bəyəndinizmi kitabın tərtibatını?

--Təbii...Təbii... Azərbaycan nəşriyyat sistemində seçilən bir kitabdır.

-- Kamal müəllim, elə isə hamının verdiyi sualı səsləndirim. «Unutmağa kimsə yox» adı ilə nə demək istəmisiniz?


-- Elədir. Bu sualı çox səsləndirirlər. Kitaba önsözü tanınmış ziyalımız folklorşünas alim Arif Acaloğlu yazıb. O da həmin sualı verib özünə. «Unutmağa kimsə yox» mənim bir şeirimdən götürülmüş bir misradır. Bunu iki cür başa düşmək olar. Pessimist deyir ki, şüşə yarısınacan boşdur. Optimist isə deyir ki, şüşə yarısınacan doludur. Mən də deyirəm ki, «Unutmağa kimsə yox» o deməkdir ki, heç kimi unutmağa ehtiyac qalmır, hamı ürəyimdədir, beynimdədir, yaddaşımdadır. Eyni zamanda, «Unutmağa kimsə yox» o deməkdir ki, xatırlamağa da kimsə qalmayıb...

HANSININ İŞIĞI SƏNİ TUTURSA...

--Yəni bunu həm elə, həm belə başa düşmək olar. Kimin halı-əhvalı hansı məqama uyğundursa, o şəkildə də başa düşməlidir. Hər kəs dildən də, cümlədən də, sözdən də öz istədiyini-- o anda əhvalına uyğun gələn nədirsə, onu götürməlidir. Bir halda bunu götürə bilərsən, başqa halda o biri mənanı. Böyük alman alimi Şellinq deyirdi ki, sözün dibində mənalar sayrışırlar, işıq saçırlar. Hansının işığı səni tutursa, onun da sehrinə düşürsən. Odur ki, «Unutmağa kimsə yox» adı məni macəralar yaradan bir yola da apara bilər, son dərəcə bədbin bir istiqamətə də, son dərəcə optimist bir yola çəkə də bilər...

--Kamal müəllim, bir etiraf edimmi?

--Buyurun.

--Bu yaxınlarda sizin «Adaşlar» adlı hekayənizi oxudum. Məni bədbin bir istiqamətə apardı. Ağladım...Siz hansı hislərlə yazmışdınız o hekayəni?

--Vallah, onu demək çətindir. Mən çox şey uydurub deyə bilərəm sizə. Amma sizinlə səmimi olmaq istəyirəm. Elə şeylərə uydurub cavab vermək olar, məsələn, uşaqlıq nostaljisi ilə və s. Amma o hekayənin canında mənim çoxdan barəsində düşündüyüm paralel dünyalar problemi durur. Biz bu gün bir dünyadayıq, yoxsa sonsuz dünyalara səpələnmiş şəkildəyik? Bax, bu ideya—məni həyəcanlandıran və düşündürən o ideya sonralar «Unutmağa kimsə yox» romanında bir başqa istiqamətdə, başqa rakursdan işıqlandırılır.

--Təşəkkürlər, Kamal müəllim. Müsahibəyə görə sağ olun.

--Sağ olun.

Həmçinin oxu
Kamal Abdullanın yeni romanı haqda ətraflı
XS
SM
MD
LG