Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:40

Əmək hüquqlarına göz olası qurum- Həmkarlar Təşkilatı


«Əgər bir dəfə də kimsə ölsə, ya doğulsa, mən naharsız qalacam». Bu sözləri Sovet dövrünün məşhur «İşdə məhəbbət macərası» filminin qəhrəmanlarından biri Novoselsevin «Həmkarlar Şuranın» timsalında bu təşkilatın roluna rişxəndi də saymaq olar. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, sovet dövründə həmkarlar təşkilatları hökumət himayəsi altında olub fəaliyyəti də kollektivin məişət məsələlərinə əl uzatmaqla, «putyovka» verməklə məhdudlaşıb. Mirvari xanım deyir ki, əslində həmkarların missiyası əmək qanunvericiliyinə əməl olunmasına nəzarət edən «yerli orqandır».

«ƏGƏR HƏMKARLARIMIZ OLSAYDI...»

Xarici neft şirkətlərinin birində çalışarkən əlil olan Sahib Şahmarov da hesab eləyir ki, şirkətdə həmkarlar təşkilatı olsa idi, iş zamanı başına gələnlərdən sonra pozulan hüquqlarının bərpasına nail ola bilərdi.

- Terminalda neft buruqlarında quraşdırma işlərində çalışırdım. 7 metr hündürlükdə 90 kq-lıq turbalarla işləyirdim, bu da insan çəkisindən xeyli çoxdur. BP-nin qaydalarında bunu işlətmək olmaz. İş başında 7-8 nəfər bir yerdə işləyirdik, qəfildən bir tərəfim işləmədi. Məni təcili xəstəxanaya aparıblar və məlum oldu ki, boyun fəqərəsində iki yırtıq yaranıb. Həkimlər bir yırtığı əməliyyat elədilər, 7 saat çəkdi, ona görə də növbəti əməliyyatı 6 aydan sonraya saxladılar. Xəstəxanadan çıxdım, artıq mənə 2-ci qrup əlillik verildi. 4 aydan sonra da əlilliyimi əsas gətirib işdən çıxardılar. Düzdü, mən əlil oldum, amma bu əlilliyimi iş başında almışam, şahidlərim var, həkim rəyi var.

Müsahibimizin danışdığı hadisə 2009-cu ilin qışında olub. O deyir ki, şirkətdə həmkarlar təşkilatı olmadığından onun müdafiəsi qurula bilməyib, «halbuki iş yoldaşlarım bunu istəyirdilər, çünki belə bir hadisədən heç kəs sığortalanmayıb» deyən Sahib Şahmarov indi kompensasiya və müavinət almaq üçün məhkəmədə mübarizə aparır.

«XARİCİ KOMPANİYALARDA HƏMKARLAR TƏLƏBİNƏ TƏPKİ VAR»


Respublika Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev bu günlərdə qeyd edib ki, xarici şirkətlərdə çalışanlar həmkarlar təşkilatları yaratmaq istəyirlərsə və bu barədə məsələ qaldırırlarsa, işdən azad edilirlər. İşçiləri öz hüquqlarını qorumağa çağıran konfederasiya sədri hazırda BP şirkəti ilə danışıqlar apardıqlarını söyləyib. Onun sözlərinə görə, BP şirkətindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına çoxlu sayda işçi müraciət edərək, həmkarlar təşkilatı yarada bilmədiklərini deyirlər.

«ŞİRKƏT RƏHBƏRLİYİ BİZİ TƏRƏFDAŞ KİMİ QƏBUL EDİR»

Elə «BOS SHELF» şirkətində də bir neçə il əvvəl etiraz aksiyası keçirən işçilərin tələblərinin arasında həmkarlar təşkilatı yaratmaq məsələsi də vardı. Uzun çəkən mübarizədən sonra onlar bu tələbin yerinə yetirilməsinə nail ola bildilər. «BOS SHELF» Həmkarlar Təşkilatının sədri Allahyar Əyyubov danışır ki, əvvəl çətin olsa da, sonradan rəhbərlik onları bir tərəfdaş kimi qəbul elədi və indi onlar işçilərin əmək hüquqlarının qorunmasında aktivlik göstərə bilirlər:

- Tibbi sığorta ilə bağlı hazırda danışıqlarımız gedir. Ümid edirəm ki, müsbət nəticələnəcək. Bundan başqa, şirkətdə əlavə iş deyilən bir anlam var, əlavə işləyəndə əlavə də pul alırsan. İşçilərin bəzisi buna həvəslənir, amma hər dəfə bunu tətbiq edəndə fiziki əməyin düzgün paylaşmaması olur, nəticədə xroniki yorğunluq yaranır. Biz də rəhbərliklə danışdıq ki, həm «əlavə iş» hər kəsin arasında bərabər paylansın ki, hamı artıq pul qazana bilsin, həm də belə xroniki yorğunluq məsələsi aradan qaldırılsın.
Allahyar Əyyubov deyir ki, onlar işçilərin istirahətlərinin də qurulmasına yardımçı olurlar. «Elə işlər var ki, rəhbərlik bununla məşğul olmur, bu, yalnız həmkarların işidir»,

Səttar Mehbalıyevin ittihamına Bp şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Odər belə cavab verdi ki, BP şirkətinin hər hansı işçisinin həmkarlar ittifatı yaratmaq istəyi barədə hələ ki eşitməyib. «Çünki bu şirkətin 2 minə yaxın yerli vətəndaş olan işçisi üçün yüksək səviyyədə iş şəraiti yaradılıb, onların sosial imtiyazları, sosial maraqları təmin olunub». Tamam Bayatlı Odər deyir ki, hər hansı işçi istənilən məsələni öz meneceri, şirkət rəhbərliyi və ya kadrlar şöbəsi ilə açıq müzakirə etmək imkanına da malikdir. O xatırladır ki, yerli qanunvericiliyə görə, istənilən işçi həmkarlar təşkilatı yaratmaq üçün özünə 7 həmfikir tapıb bu qurumu təsis edə bilər.


Mirvari Qəhrəmanlı
«HƏMKARLAR ŞURA»DAN QIRAĞA ÇIXA BİLMƏYƏN HƏMKARLAR İTTIFAQLARI


Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə deyir ki, əslində Azərbaycanda mövcud həmkarlar təşkilatlarının işi «həmkarlar Şuranın» fəaliyyətindən kənara çıxmır, yəni müstəqil deyillər və əmək hüquqlarının qorunmasına heç bir faydası dəymir. O, hesab eləyir ki, əgər BP və digər xarici şirkətlərdə həmkarlar təşkilatı hakimiyyətin diqtəsi əsasında yaranacaqsa, o, müstəqil olmayacaq və işçilərin əmək hüquqlarının müdafiəsi yenə də kənarda qalacaq.

Səttar Mehbalıyev bildirmişdi ki, Dövlət Neft Şirkətində tələbatdan çox işçi var. Mirvari Qəhrəmanlı da hesab edir ki, burda həqiqətin payı böyükdür, amma onun fikrincə, ötən il 20 min nəfərə qədər adam haqsız yerə işdən çıxarılanda, konfederasiya bunu təqaüd yaşına çatan adamların işdən getməsi kimi izah etdi. Mirvari Qəhrəmanlı isə hesab eləyir ki, məsələyə bu cür münasibət əmək qanunvericiliyinə ziddir. O deyir ki, hazırda həmkarlar təşkilatı olmayan böyük şirkətlərdə bu qurumun müstəqil şəkildə yaranması üçün ciddi iş aparırlar və yaxınlarda cəmiyyət bunun nəticəsini görəcək.
XS
SM
MD
LG