Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:14

Jurnalistlər «Lider TV» və «Afra» otelini məhkəməyə verirlər


«Azadlıq» qəzetinin əməkdaşları Tural Cəfərov Natiq Adilov «Lider» televiziyasını və Oğuz rayonunda yerləşən «Afra» otelini məhkəməyə verirlər. Bu barədə AzadlıqRadiosuna jurnalist Tural Cəfərov (Qan Turalı) məlumat verib. Jurnalistin sözlərinə görə, onun və həmkarı Natiq Adilovun bu yaxınlarda «Lider» televiziyasının yayımlanan görüntüləri məhz «Afra» oteldə olarkən gizli kamera ilə çəkilib.

«BU MƏHKƏMƏ HAKİMİYYƏTƏ GÜNAHKAR OLMADIĞINI SÜBUT ETMƏK ÜÇÜN BIR SINAQDIR»

««Lider» televiziyası ilə bağlı məsələ aydındır. Amma «Afra» otelində bu kamera necə quraşdırılıb, kim bunu edib, qoy onu məhkəmə aydınlaşdırsın. Mən konkret olaraq kimisə günahlandıra bilmərəm. Amma əgər bu təxribatı hakimiyyət etməyibsə, onda qoy günahkarı aydınlaşdırıb cəzalandırsınlar. Bu məhkəmə hakimiyyətə özünün günahkar olmadığını sübut etmək üçün bir sınaqdır. Amma bu məsələ ilə bağlı bütün mülahizələr əlbəttə ki, hakimiyyəti göstərir»

Tural Cəfərov deyir ki, onlar məhkəməyə müraciət etməklə günahkarların üzr istəməsinə və özlərinə dəyən mənəvi ziyana görə təzminat ödənilməsinə nail olmağa çalışacaqlar. Jurnalist Azərbaycan məhkəmələrində istədiklərinə nail ola biləcəklərinə inanmır. Ona görə də bu şikayəti Avropa İnsan Hüquqları məhkəməsinədək davam etdirəcəklərini bildirir.

2010-cu ilin dekabr ayında Almaniyanın Konrad Adenauer Fondu (Deutsche Welle Akademiyası ilə əməkdaşlıq çərçivəsində) Azərbaycanın Oğuz rayonunda «Siyasətçilər və jurnalistlər üçün siyasi kommunikasiya» proqramı üzrə media təlimi keçib. «Afra» otelində keçirilən tədbirdə müxtəlif media nümayəndələri ilə yanaşı AXCP, Müsavat, YAP və bəzi başqa partiyaların təmsilçiləri də iştirak ediblər. Tural Cəfərov və Natiq Adilovun «Lider TV»-də yayımlanan görüntüləri də gizli kamera ilə o zaman çəkilib.

Otelin rəhbərliyində deyirlər ki, haqqında danışılan görüntülərin yayımlanması və bu günlərdə məhkəməyə veriləcəkləri barədə məlumatı bizdən eşidirlər. «Afra»-nın direktoru Məsumə Sultanova deyir ki, həmin tədbiri yaxşı xatırlayır. Jurnalistlərlə yanaşı bütün siyasi partiyalardan siyasətçilər də orada olub. Direktor hesab edir ki, tədbir iştirakçılarından kimlərsə özləri öz aralarında bunu edə bilərlər. Onun fikrincə indiki texniki inkişafın qarşısında bu elə də çətin məsələ deyil. Amma onun deməsinə görə, otelin özünün bunu etməsi mümkünsüzdür.

«İXTİYARIMIZ DA ÇATMAZ ONA»

«Kim olursa olsun, burada siyasi məsələlərlə bağlı heç nəyə yol vermərik. İxtiyarımız da çatmaz ona. Bu otelçiliyə yaraşan bir şey deyil. Bu anti reklamdır. Kim elə şeyə yol verər axı. Hər yerdən gəlib qalanlar olur burada. Kiminsə yataq otağını çəkməkmi olar. Bu otelin imici və mənim özüm üçün də yaxşı iş deyil. Mən özüm də belə şeylərə qarşıyam».

Məsumə Sultanova deyir ki, oteldə dəhlizlərdə, liftlərin qarşısında təhlükəsizlik kameraları quraşdırılıb. Onun fikrincə aradan xeyli vaxt keçdiyi üçün həmin arxivin qeydləri silinmiş də ola bilər. Amma deməsinə görə, onlar yenə də məsələni araşdırmağa çalışacaqlar və məhkəmə olarsa «Afra» otelin bu məsələdə maraqlı olmadığını sübut etməyə çalışacaqlar.

«Afra» otelin servis meneceri Fuad Məmmədov isə deyir ki, hər hansı bir otelin düşünülmüş şəkildə belə bir insidentə imkan verməsi məntiqlə də inandırıcı görünmür. Amma ümumilikdə bu kimi hadisələr bütün Azərbaycan otelləri üçün mənfi presedentdir. Xüsusilə də turizm mövsümünün başladığı bir dövrdə.

Nuşirəvan Məhərrəmli
«Lider» televiziyasından isə bizə bildirdilər ki, məsələyə münasibət bildirəcək səlahiyyət sahibləri işdə deyillər. Təxminən ona oxşar cavabı da Milli Teleradio Şurasından aldıq. Dedilər ki, bu elə bir məsələdir ki, ona ancaq şuranın sədri Nuşirəvan Məhərrəmli cavab verə bilər, o da burada deyil.

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı hesab edir ki, bu işlə bağlı jurnalistlərin məhkəməyə müraciət etmək haqqı var. Çünki onların şəxsi həyatı ilə bağlı məlumatlar qanunsuz olaraq toplanıb və internet, eləcə də «Lider TV» vasitəsilə yayımlanıb. Rəşid Hacılının fikrincə kimliyindən asılı olmayaraq bu işdə iştirak edən şəxslər və informasiya vasitələri məsuliyyət daşıyırlar.

«BU NƏİNKİ JURNALİSTİN HÜQUQUNUN POZULMASIDIR...»

«Bu nəinki jurnalistin hüququnun pozulmasıdır, həm də Cinayət Məcəlləsində göstərilən cinayət hadisəsidir (156-ci maddə). Bununla bağlı araşdırmanı dövlət qurumları aparmalıdır. Necə araşdıracaqları barədə indidən proqnoz vermək düzgün olmazdı. Amma hər halda jurnalistlərin bu hüquqları var və əgər onlar təmin olunmazsa, o zaman artıq vətəndaşın, xüsusilə də jurnalistin hüququnun hökumət tərəfindən təmin olunmadığı faktı ortaya çıxa bilər. Bu da sonradan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün onlara yol açmış olacaq».

Rəşid Hacılı
«DEMOKRATİYANIN İNKİŞAFINA TƏHLÜKƏ»


Rəşid Hacılı deyir ki, jurnalistlər qarşı tərəfdən özlərinə dəyən mənəvi zərərə görə təzminat istəyə bilərlər. Əgər başqa zərərlər haqqında da sübutlar təqdim etsələr, ona da kompensasiya almaq imkanları olacaq.

Onun sözlərinə görə, Tural CəfərovNatiq Adilovun tənqidçi medianın təmsilçiləri olduqları nəzərə alınsa bu hadisə həm də ifadə azadlığına müdaxilə, demokratiyanın inkişafına təhlükə sayılmalıdır.

Tural Cəfərov özü isə hesab edir ki, əgər Azərbaycanda beynəlxalq təşkilatların keçirdiyi tədbirin iştirakçılarına qarşı belə addım atılırsa və bu hakimiyyətə mənsub telekanalda açıq aşkar nümayiş etdirilirsə, deməli Azərbaycan jurnalistləri xaricə səfərlər zamanı da belə sürprizlərdən sığortalanmayıblar.
XS
SM
MD
LG