Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:44

AB liderlərindən Ukraynaya dəstək


(Soldan sağa) Şarl Mişel, Ursula von der Leyen və Volodimir Zelenski
(Soldan sağa) Şarl Mişel, Ursula von der Leyen və Volodimir Zelenski

Son həftələr temperaturların düşməsi və qaz qiymətlərinin yüksəlməsi ilə həm Ukrayna, həm də Avropa bazarının qaz təchizatı məsələsi gündəmə gəlib

Avropa Birliyinin (AB) yüksək vəzifəli rəsmiləri Ukraynaya daha güclü dəstək vəd edirlər. Onlar bildiriblər ki, AB bu qış Ukraynaya kəsintisiz təbii qaz verilişini təmin etməyə çalışır. Çünki Rusiyadan gələn qaz təchizatının etibarlılığı ilə bağlı narahatlıq qalır.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Avropa Şurasının rəhbəri Şarl Mişel bu gün – oktyabrın 12-də Kiyevdə prezident Volodimır Zelenski ilə görüşdən sonra birgə mətbuat konfransında açıqlama veriblər.

Variantlar

"Biz eyni zamanda Avropa Birliyi üzvü ölkələrindən qaz təchizatı imkanlarının artırılması üçün sizinlə yaxından çalışacağıq. Bura Slovakiyadan gələn qaz kəmərinin axınının dəyişdirilməsi üzərində işləmək variantı da daxildir", – von der Leyen deyib.

"Ukrayna Avropanın qaz təchizatı baxımından etibarlı tranzit ölkə olaraq qalır və qalmalıdır", – deyə o bildirib.

Görüş 23-cü Ukrayna – AB sammiti çərçivəsində keçirilib. Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçı qüvvələrlə müharibə artıq səkkizinci ilə keçib. Zelenski daxili islahatlar və korrupsiya ilə mübarizə ilə bağlı artan təzyiqlərlə üz-üzədir.

Qaz təchizatı

Son həftələr temperaturların düşməsi və qaz qiymətlərinin yüksəlməsi ilə həm Ukrayna, həm də Avropa bazarının qaz təchizatı məsələsi gündəmə gəlib.

Ukrayna və bəzi Avropa ölkələri kəskin qiymət artımını Avropanın ən böyük qaz təchizatçısı olan Rusiya və ona məxsus “Gazprom” dövlət şirkəti ilə bağlayırlar.

Mütəxəssislərsə qiymət artımının bir neçə amillə bağlı olduğunu deyirlər. Bura ötən il qışın daha uzun və daha soyuq keçməsi nəticəsində ehtiyat qazın işlənib təchizatçıların bazarda payını azaltması və ABŞ-dan gələn mayeləşdirilmiş təbii qazın (LNG) Asiyaya yönləndirilməsi də daxildir.

Ukrayna Rusiya ilə düşmənçilik fonunda bu ölkədən gələn qazın kəsiləcəyindən də ehtiyat edir.

“Şimal axını 2”

Vəziyyəti ağırlaşdıran amillərdən biri də Rusiya qazını birbaşa Avropaya çatdıracaq “Şimal axını 2” kəmərinin işə başlamasıdır. Baltik dənizindən keçən bu qaz kəməri Avropaya axan Rusiya qazının həcmini artıracaq. İşin daha bir maraqlı tərəfi onun Ukraynadan keçməməsi, yəni Ukraynanın tranzit gəlirlərindən məhrum olmasıdır.

Sammitdən bir gün öncə AB Rusiyaya qarşı sanksiyalarını gücləndirərək qadağa siyahısına daha səkkiz nəfərin adını əlavə edib.

Görülən son tədbirlər Krımda və Sevastopol portunda Rusiya qanunlarını icra edən hakim, prokuror və təhlükəsizlik rəsmilərini hədəfə alıb.

AB-nin bu tədbirləri nəticəsində ümumilikdə 185 şəxs və 48 quruma qadağalar qoyulub. Bura səfər qadağaları da daxildir.

Normandiya formatı

Ukraynadakı qarşıdurmaları həll etmək üçün aparılan əsas danışıqlar - Normandiya formatı aylardır ki, dondurulub.

Sözügedən sammitdən öncə Zelenski Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makronla münaqişənin həlli haqqında danışıb. Həm Almaniya, həm də Fransa Normandiya formatına daxildir.

Daha sonra Fransa və Almaniya rəhbərləri Rusiya Prezidenti Vladimir Putinlə danışıblar. Almaniya XİN dörd tərəfin “tezliklə” nazirlər səviyyəsində görüşməyə razılıq verdiyini bildirir.

Kiyevdə AB rəsmiləri bundan başqa yeni aviasiya razılaşmasının əldə edildiyini bildiriblər. Razılaşmaya görə Ukrayna ilə AB aeroportları arasında hava şirkətlərinə məhdudiyyətlər qaldırılacaq.

XS
SM
MD
LG