Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:43

Ağ Ev Məxfi Xidmət başçısının istefa verdiyini bildirib


Kimberli Çitl
Kimberli Çitl

ABŞ Məxfi Xidmətinin (USSS) başçısı Kimberli Çitl (Kimberly Cheatle) onun başçılıq etdiyi qurumda, keçmiş prezident Donald Trampa qarşı sui-qəsdin qarşısının alınmaması ilə bağlı aparılan sərt yoxlamaların ardınca tutduğu vəzifəsindən istefa verib.

Reuters yazır ki, həm hazırkı, həm də keçmiş dövlət başçılarının mühafizəsi vəzifəsini yerinə yetirən xidmət onun sorğularına cavab verməyib.

Məxfi xidmətin sərt tənqid olunması iyulun 13-də Pensilvaniyada seçkiqabağı mitinq keçirən Donald Trampın yaralanmasından sonra başlanmışdı.

Həm respublikaçılar, həm də demokratlar tənqid edirdilər

İstintaqın versiyasına görə silahlı şəxs Trampa mitinq iştirakçılarının göründüyü damdan atəş aça bilmişdi.

USSS-in başçısı Kimberli Çitl bu hadisəyə görə həm demokratlar, həm də respublikaçılar tərəfindən tənqid olunurdu.

Çitl iyulun 22-də Konqres dinləməsində Trampın Pensilvaniyadakı mitinqi üçün hansı təhlükəsizlik tədbirlərinin hazırlandığına dair suallara cavab verməkdən imtina etmişdi.

Buna görə də bir neçə millət vəkili Çitlı istefa verməyə çağırmışdı. Konqres dinləməsinin iştirakçıları habelə USSS üzərində nəzarəti davam etdirəcəklərini bildirmişdilər.

Reyqana sui-qəsddən bəri ən böyük iflas

Kimberli Çitl tənqidlərə cavab olaraq bildirib ki, hadisəyə görə şəxsən məsuliyyət daşıyır və bu, 1981-ci ildə ovaxtkı prezident Ronald Reyqana sui-qəsddən bəri xidmətin ən böyük uğursuzluğudur.

İkinci müddət prezidentliyə namizəd olan Tramp atəş açılması nəticəsində qulağından yüngül yaralanmışdı.

Bununla yanaşı mitinq iştirakçılarından biri həlak olmuş və daha ikisi yaralanmışdı.

Atəş açan 20 yaşlı yerli sakin Tomas Kruks Məxfi xidmətin snayperi tərəfindən yerindəcə öldürülüb. Hücumun motivləri hələ araşdırılır.

Kimberli Çitl USSS-ə 2022-ci ildən başcılıq edirdi. Trampın iştirakı ilə keçirilən mitinqdə baş vermiş atışma ilə bağlı qurumun işi Konqresin bir neçə komitəsi və Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən ciddi təhqiq olunur.

Ötən həftəsonu prezidentlik yarışından çıxdığını bəyan etmiş Co Bayden də Məxfi xidmətin işinin müstəqil şəkildə araşdırılmasına çağırmışdı.

XS
SM
MD
LG