Tanınmamış Abxaziya Respublikasının parlamentində atışma baş verib.
"Exo Kavkaza" bildirir ki, deputat Vaxtanq Qolandziya öldürülüb, müxalifətçi Kan Kvarçiya yaralanıb
"AMRA-life" teleqram kanalı yazır ki, parlamentdə atışma zamanı kriptomayninqin qadağan edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunurdu: "İclasın gedişi zamanı Adqur Xaraziya və Kan Kvarçiya arasında mübahisə yaşanıb. Nəticədə Adqur silahını götürərək Kana atəş açıb. Ölən Vaxtanq Qolandziya onları aralamağa cəhd edib".
Gürcüstanın tərkib hissəsi olan Abxaziyanın de-fakto lideri Aslan Bjaniya bir neçə həftə əvvəl istefaya gedib. Buna Rusiya ilə imzalanan mübahisəli investisiya müqaviləsinin yaratdığı qarşıdurma səbəb olub. Amma o, gələn il fevralın 15-nə nəzərdə tutulan prezident seçkisində iştirak edəcəyini deyib.